Məhbusların qaçmasına görə 3 nəfər həbs edilib (YENİLƏNİB)

11 nəfər işdən çıxarılıb

Source:
Məhbus qatarının içi
Məhbus qatarının içi


11 nəfərinsə işdən çıxarıldığı bildirilir

Məhbusların qaçmasına görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 nəfər əməkdaşı həbs olunub.

Onlar qarovul rəisi Ceyhun Səmədov və müavinləri Fuad Hacıyev, Tural Poladxanovdur.

Oktyabrın 25-də Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, faktla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 əməkdaşı işdən çıxarılıb.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb:

“Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib. Taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar”.

Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.

Ceyhun Səmədovun Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğlu olduğu bildirilir.

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hal-hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarına təqsirləndirilən şəxslər E. Məmmədov və Ə. Ağami barəsində müvafiq məlumatlar təqdim edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

Ana səhifəXəbərlərMəhbusların qaçmasına görə 3 nəfər həbs edilib (YENİLƏNİB)