“Vətənpərvər Azərbaycan xanımının, hamımızın övladımız kimi gördüyümüz Nərgiz qızımızın dünyadan tez köçməsi bizi də kədərləndirib”
13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar, siyasi məhbus Tofiq Yaqublunun qızının vəfatı ilə əlaqədər Meydan TV-yə nekroloq göndəriblər.
Nekroloqda deyilir:
Məhkum yoldaşımız Tofiq Yaqubluya ağır itki üz verib. Bir ata üçün bu dəhşətli faciədir. Övladının toy günündə iştirak edə bilməyib türmədə olan ata üçün qəfildən onun ölüm xəbərini alması çox sarsıdıcıdır. Nərgiz Yaqublu haqqında daim mətbuatdan məlumat alırdıq. Onun cəsarətli, vətənpərvər, savadlı bir gənc olduğunu hiss etmişdik. Evləri çox uzaqda olmasına baxmayaraq tez-tez cəzaçəkmə müəssisəsinə gələr və atasına mənəvi dəstək olardı. Belə bir vətənpərvər Azərbaycan xanımının, hamımızın övladımız kimi gördüyümüz Nərgiz qızımızın dünyadan tez köçməsi bizi də kədərləndirib. Arzu edərdik ki, Tofiq Yaqublu daha bizim yanımıza dönməsin və sarsıntı keçirən ailəsinin yanında qalaraq onları ovutsun.
Bir daha Tofiq Yaqubluya, onun ailəsinə baş sağlığı verir, Allahdan bu ailəni öz nəzərində saxlamasını diləyirik.