Həbsxanada işgəncəyə məruz qaldığını deyən “Nardaran işi” üzrə məhbuslardan Abbas Hüseynovun vəkilləri məhkəməyə müraciət edib.
Məlumatı vəkil Yalçın İmanov verib. O, şikayətin avqustun 10-da Qaradağ Rayon Məhkəməsinə təqdim olunduğunu deyib.
“Biz məhkəmədən A.Hüseynova münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncə) maddəsinin pozuntusunun tanınması, onun barəsində təcili məhkəmə-tibb ekspertizasının təyin edilməsini tələb etmişik. Eyni zamanda, şikayətə Abbas Hüseynovun iştirakı ilə baxılmasını istəmişik”.
Yalçın İmanov deyir ki, məhkəmədən öncə A.Hüseynovun işgəncəyə məruz qalması iddiasının araşdırılması üçün Baş Prokurorluğa, Ombudsman Aparatına və Penitensiar Xidmətə də müraciət edilib:
“Hələlik, həmin qurumlardan hər hansı cavab almamışıq”.
Avqustun 8-də vəkil Yalçın İmanov Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşmüşdü. Görüşdə A.Hüseynov vəkilinə ardıcıl “kars”a salındığını, davamlı işgəncələr gördüyünü, “çarmıxa” bağlandığını demişdi.
Məsələ ilə bağlı Qobustan Qapalı Həbsxanasının rəhbərliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidmətindən “Turan” Agentliyinə bildirmişdilər ki, avqustun 8-də T.Bağırovun işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab bu məsələyə də aydınlıq gətirə bilər.
Açıqlamada qeyd edilirdi ki, T.Bağırovun işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:
“Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaradırlar. Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər”.
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb. İş məhkəməyə göndərilib.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.