Məhbus ailəsi 7 saylı Cəzaçəkmə Müəssisəsindən şikayət etdi

Günel Əliyeva: “Həyat yoldaşımın başına nə gələcəyini bilmirəm”

Source:

Günel Əliyeva: “Həyat yoldaşımın başına nə gələcəyini bilmirəm”

7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ceyhun Saleh oğlu Əliyevin yüngülləşdirmə rejimi heç bir səbəb olmadan ləğv edilib. Bunu məhkumun həyat yoldaşı həyat yoldaşı Günel Əliyeva Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı CM-nin 218; 278; 274-cü maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ceyhun Əliyev bərk soyuqdəymə, ürək bulanma, baş gicəllənmə nəticəsində səhər yoxlamasına çıxa bilməyib. Bunu yoxlama aparan şəxsə bildirib. Həmin şəxs onu üzrlü sayıb:

“Ancaq bütün bunlara baxmayaraq, rəis Xaləddin Həmid oğlu Əsədov onu yataqdan durquzaraq ayağına çagırtdırıb. Ona töhmət xarakterli yazılı xəbərdarlıq cəza növü təyin edib. Ardından isə yaxşılaşdırılmış rejimin ləğvinə qərar verib. Ceyhun izahat yazıb xəstə olduğu üçün yoxlanışa çıxmadığını bildirsə də, rəis “siz bu maddələrlə burada yox, Qobustanda olmalısız”, – deyib. Və heç bir səbəb olmadan onun yüngülləşdirmə rejimini ləğv edib”.

Günel Əliyevanın sözlərinə görə, rəis Ceyhun Əliyevə “mən başqaları xəstələndikdə yoxlamaya çıxmayanda yola verirəm, ancaq səni aldığın maddələrə görə yola verə bilmərəm. Sizin yeriniz Qobustandı”, deyib.

“Müəssisənin bütün işçilərini Ceyhunun üzərinə qaldırıblar. Martın 1-də biz qısamüddətli görüşdə olarkən ədliyyə mayoru Hikmət müəllim bizimlə çox kobud rəftar etdi. Mən evə gəlsəm də, fikrim Ceyhunun yanında qaldı. Onun orada başına nə gələcəyini bilmirəm”.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Meydan TV-yə bildirilib ki, şikayətçi onu maraqlandıran məsələ ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinə müraciət edə bilər. Bundan sonra onun problemləri araşdırılar.

Ceyhun Əliyev 2007-ci ildə dövlət çevrilişində ittiham olunan “Səid Dadaşbəyli dəstəsi”nin üzvü kimi 14 il azadlıqdan məhrum ediliib. Avropa Şurası siyasi məhbus üzrə məruzəçinin siyahısında Ceyhun Əliyevin də adı salınıb.

Ana səhifəXəbərlərMəhbus ailəsi 7 saylı Cəzaçəkmə Müəssisəsindən şikayət etdi