Aksiya başlanandan bir neçə dəqiqə sonra əraziyə polis qüvvələri gətirilib
Fevralın 19-da ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında “siyasi məhbuslara azadlıq” tələbilə aksiya keçirilib. Aksiya iştirakçıları əsasən, həbsdə olanların yaxınları, o cümlədən “Azel.tv” saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova, “Xeberman.com” saytının baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova və digərləri olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qadın üzvləri də aksiyaya qatılıb. Cəbhəçi qadınlar həbsdə olan partiyadaşlarının azadlığa buraxılmasını tələb ediblər.
Aksiyaçılar səfirliyin qarşısında əllərində həbsdəki şəxslərin fotoları olmaqla, “Siyasi məhbuslara azadlıq!” şüarını səsləndiriblər.
İştirakçılar bildirib ki, Qərb dövlətlərinin Bakıdakı səfirliklərinin qarşısında etiraz aksiyaları keçirməklə onların diqqətini ölkədə insan haqları sahəsində baş verənlərə, siyasi motivli həbslərə çəkmək istəyirlər. Onlar vurğulayıb ki, qarşıdan Novruz bayramı gəlir, bu münasibətlə əfv sərəncamı verilib, ölkədəki siyasi məhbus probleminin həll olunması üçün fürsətdir.
“Dəfələrlə ölkə başçısına müraciət emişik. Təəssüf ki, İlham Əliyev müraciətlərimizə baxmır. Günahsız insanları zindanlarda məhv edir. Onların özlərilə yanaşı, ailələrini də repressiyaya məruz qoyur. Bu gün qadınlara, uşaqlara zülm edənlər ölkə rəhbəri ola bilməz”, – Sevinc Sadıqova bildirib.
AXCP üzvü Mətanət Mahmarzayeva ölkədə insanların siyasi baxışlarına görə təqib olunduğunu, uzunmüddətli həbs cəzasına məhkum edildiyini deyib. O, AXCP funksionerlərindən Qarabağ qazisi Babək Həsənov, Niyaməddin Əhmədov və digərlərinin adlarını çəkib.
Aksiya başlanandan bir neçə dəqiqə sonra əraziyə polis qüvvələri gətirilib. İştirakçılardan Mətanət Mahmarzayeva və Sevinc Sadıqova saxlanılaraq, polis idarəsinə aparılıb. Onlar müddət sonra sərbəst buraxılıb.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi motivlərlə həbs edilmədiyini bildirir. Onlar iddia edir ki, yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər konkret cinayət əməlinə görə həbs olunublar.