Məhbus ailələri Amerika səfirliyi önündə aksiya keçirməyə cəhd edib

“Diplomatlar məhkəmələrdə həqiqəti öz gözləri ilə görsünlər”

Source: Meydan Tv


“Diplomatlar məhkəmələrdə həqiqəti öz gözləri ilə görsünlər”

Həbsdə olan bir sıra məhbusun yaxınları fevralın 9-da ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirməyə cəhd edib. Azərbaycanda 150-yə yaxın siyasi məhbusun olduğunu deyən aksiya iştirakçıları səfirlik nümayəndələrinin onların yaxınlarının məhkəmələrində iştirak etməsini istəyib. Onlar bildirib ki, məqsəd diplomatların məhkəmələrdə həqiqəti öz gözlərilə görməsidir.

“Xeberman.az” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova bildirib ki, dövlət orqanlarının ölkədəki ədalətsizliklərə biganəliyinə görə xarici ölkə səfirliklərinə üz tutmaq məcburiyyətində qalıblar: “Dövlət orqanları səsimizə səs vermir. Səfirliklər məhkəmə proseslərində iştirak etsinlər, nə baş verdiyini gözlərilə görsünlər. Həbsdə 150-yə qədər siyasi məhbus var. Onların azadlığa buraxılmasını tələb edirik”.

“Azel.TV” saytının həbsdəki rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, 150-yə qədər siyasi məhbusdan əlavə, ədalətsiz məhkəmə hökmləri nəticəsində həbsdə olan yüzlərlə qeyri-siyasi məhbus da var: “Mən ədalətsiz, sifarişli, rüşvətlə çıxarılmış məhkəmə hökmlərilə həbsdə saxlanılan şəxslərin hamısına azadlıq tələb edirəm. Bir ölkədə 150 siyasi məhbusun olması bütövlükdə ölkə adına ləkədir. Təəssüf ki, rəsmilər bu məsələyə barmaqarası yanaşır. Ölkə başçısı müraciətlərimizə cavab vermir. Hökuməti maraqlandırmır ki, bir vətəndaşı 98 gündür ədalətsizliyə görə aclıq edir, başqa bir vətəndaşı 44 kiloqram çəkisi ola-ola on gündür acdır. Bu adamlar həyatını itirə bilər…”

Aksiya iştirakçıları arasında Gəncə hadisələrinə görə həbsdə olanların yaxınları da vardı.

“Heç bir dövlət orqanı bizi qəbul edib, səsimizi eşitmək istəmir. Bəlkə xaricilər bizi eşidər…”, – Gəncə məhbuslarından birinin ailə üzvü bildirib.

Aksiyaçılar səfirliyin qarşısında əllərində həbsdəki şəxslərin fotoları olmaqla, “Siyasi məhbuslara azadlıq!” şüarını səsləndiriblər. Polislər onları səfirliyin önündən uzaqlaşdırıblar.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olmadığını, heç kimin siyasi motivlərlə həbs edilmədiyini bildirir. Onlar iddia edir ki, yerli və beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər konkret cinayət əməlinə görə həbs olunublar.

Ana səhifəXəbərlərMəhbus ailələri Amerika səfirliyi önündə aksiya keçirməyə cəhd edib