Medvedçukun 200 milyonluq yaxtası hərraca çıxarılıb

Viktor Medvedçuk. Foto: Zelenskinin ofisi

Əldə olunan vəsait Ukraynaya təqdim ediləcək

Rusiya oliqarxı Viktor Medvedçukun 200 milyon dollarlıq super yaxtası Ukraynanın xeyrinə hərracda satılacaq.

Xorvatiya məhkəməsi “Royal Romance” yaxtasının satışına icazə verib.

Vladimir Putinin dostu Viktor Medvedçuk sanksiyalar altında olan oliqarxdır.

Ona məxsus 200 milyon dollarlıq (163 milyon funt sterlinq) yaxta Xorvatiyada 2022-ci ilin martında həbs edilib.

Ukrayna hökuməti bildirib ki, Xorvatiya məhkəməsi Medvedçukun 92,5 metrlik “Royal Romance” yaxtasının satışından əldə olunan vəsaitin Ukraynanın Aktivlərin Bərpası və İdarə Edilməsi Agentliyinə (Arma) təhvil verilməsinə qərar verib.

Fevralda Rusiyanın Ukraynaya təcavüzündən sonra qərb hökumətləri yüzlərlə oliqarxın aktivlərinə məhdudiyyətlər tətbiq etdikdən sonra bu, Ukrayna xalqı üçün edilən ilk satış olacaq.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen-in dediyinə görə, Ukraynaya dəymiş ziyan 600 milyard avro qiymətləndirilir.

Rusiya və onun oliqarxları isə ölkənin bərpası ilə bağlı xərcləri ödəməlidirlər.

Aİ və ABŞ artıq Rusiya Mərkəzi Bankının 300 milyard avroluq ehtiyatlarını bloklayıb.

Bundan başqa, Rusiya oliqarxlarına məxsus 19 milyard avro da dondurulub.

Amma o da qeyd olunur ki, dondurulan həmin aktivlərlə bağlı hər şey o qədər də sadə deyil.

Kremlpərəst ukraynalı siyasətçi, 68 yaşlı Viktor Medvedçuk apreldə Ukraynada həbs edilib və sentyabrda əsir mübadiləsi zamanı Rusiyaya təhvil verilib.

Onu tez-tez Ukrayna siyasətinin “qaranlıq şahzadəsi” adlandırırlar və Putin onun qızı Dariyanın xaç atasıdır.

Xorvatiyanın “Jutarnji list” qəzetinin məlumatına görə, Xorvatiya polisi FTB adından keçən ay yaxtaya baxış edib.

Split məhkəməsi noyabrın 15-də ABŞ ədliyyə departamentinin axtarış qərarı ilə bağlı tələbi təmin edib.

Axtarışın noyabrın 19-da aparıldığını təsdiqlənib.

Hakim Dinko Meşinin qəzetə verdiyi məlumata görə, axtarışa səbəb Medvedçuk və onun həyat yoldaşı Oksana Marçenkonun adının çirkli pulların yuyulması iddiasında hallanmasıdır.

2005-ci ildə Hollandiyalı superyaxta podratçısı “Feadship” tərəfindən inşa edilən “Royal Romance”da 14 qonaq, kabin və 21 ekipaj üçün yer, həmçinin 4 metr enində hovuz var.

“Currenttime.tv” ölkə rəsmilərinə istinadən yazır ki, Kiyev Ukraynaya dəymiş ziyanı Rusiyanın aktivləri hesabına kompensasiya etmək üçün öz planını təklif edib.

Ana səhifəDünyaMedvedçukun 200 milyonluq yaxtası hərraca çıxarılıb