Mediaya qarşı təzyiqlər yenidən başlayır

Jurnalistlərə edilən zorakılıqların heç biri araşdırılmayıb. Jurnalist Seymur Həzinin həbsi ölkədə mətbuat işçilərinə qarşı təzyiqləri yenidən gündəmə gətirir. Bu həbsə qədər bir çox jurnalist peşə fəaliyyətini yerinə yetirdiyi üçün zaman-zaman müxtəlif təzyiqlərlə qarşılaşıb.

Source:


Jurnalistlərə edilən zorakılıqların heç biri araşdırılmayıb

Jurnalist Seymur Həzinin həbsi ölkədə mətbuat işçilərinə qarşı təzyiqləri yenidən gündəmə gətirir. Bu həbsə qədər bir çox jurnalist peşə fəaliyyətini yerinə yetirdiyi üçün zaman-zaman müxtəlif təzyiqlərlə qarşılaşıb.  Azərbaycan Sülh və Demokratiya İnstitutu  və İnsan Haqları Klubunun açıqladığı siyasi məhbus siyahısına görə, hazırda ölkədə 13 jurnalist və bloqqer həbsdədir. Ekspertlər hesab edir ki, jurnalistlərin hüquqlarını qoruyan Media Hüququ İnstitutu(MHİ) və Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bağlanması, həmçinin, media ilə bağlı çoxsaylı layihələr həyata keçirən İREX Təşkilatının bank hesablarının dondurulması da Azərbaycanda mediaya olan basqının göstəricisidir.

Hazırda fəaliyyətini dayandırmaq məcburiyyətində qalan MHİ-nin əməkdaşı Xalid Ağalıyev Meydan Tv-yə açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları  jurnalistlərin şikayəti üzrə işlərin az bir qismini araşdırıb: “Biz fəaliyyət göstərdiyimiz dövrdə hər il ən azı iki dəfə hesabat hazırlayırdıq. Orada, ümumiyyətlə, jurnalistlərə qarşı ittihamlarla bağlı statistika da olurdu.  Çox təəssüf ki, statistikada jurnalistlərə qarşı qaldırılan ittihamlar onların peşə fəaliyyəti ilə bağlı olmurdu. Onlara qarşı digər ittihamlar- narkotik maddələr,  əsasən, elə indi Seymur Həziyə qarşı da irəli sürülən xuliqanlıq kimi maddələr irəli sürülürdü.  Amma jurnalistlərə basqıların araşdırılmasına gələndə isə işlərin açılma faizi, jurnalistlərə təzyiq edənlərin cəzalandırılması göstəricisi çox aşağı idi”.

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyir ki,  o, Seymur Həzinin həbsinin obyektiv araşdırılacağına inanmır: “Faktiki olaraq,  ölkədə belə bir tendensiya yaranıb ki, Azərbaycanda olan jurnalistlərin böyük əksəriyyəti xuliqandırlar. Sual yaranır ki, doğrudanmı jurnalistka fakultəsində təhsil alan jurnalistlər ali təhsillə yanaşı xuliqanlıq da öyrənirlər? İkincisi, tənqidi fəaliyyətlə məşğul olan  jurnalistin hər hansı  bir formada küçədə kimlərsə tərəfindən təhrik olunaraq, bir prosesə cəlb olunması, çox vaxt onun normal fəaliyyətinə yönəlik davranış olduğu  qənaətini formalaşdırır. Təəssüf ki, mən əmin deyiləm, hüquq-mühafizə orqanları bu işi doğru araşdırcaqlar, ya yox. Amma arzu edirəm ki, hüquq-mühafizə orqanları gerçək hüquq tətbiq edib, məlum hadisəni araşdırsın. Seymur Həzi kimi və ya digər tənqidi jurnalistka ilə məşğul olan insanlar da konstitusianın onlara verdiyi ifadə azadlığı çərçivəsində öz fikirlərini ifadə edə bilsinlər. Və buna görə təqib olunmasınlar”.

Eksper hesab edir ki, Seymur Həzinin həbsini təsadüfü saymaq olardı: “Amma təəssüflər olsun ki, artıq neçə ildir biz sistemli şəkildə tənqidlə məşğul olan  jurnalistlərin bu tip olayların qurbanı olduğunu görürük. Elə bugünlərdə Naxçıvanda döyülən İlqar Nəsibov da həm jurnalist, həm də hüquq müfafiəçisi kimi fəaliyyət göstərirdi”.

Hazırda Abşeron rayon Məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Seymur Həzi yazılarına görə daha əvvəllər də  təhdid və zorakılıqla üzləşib. Özü bu haqda mətbuata verdiyi açıqlamasında deyib ki, ilk dəfə 2005-ci ildə oğurlanıb, 2 saat zirzəmidə ayağından asılı saxlanılıb. Bundan sonra isə 2010-cu ilin mayında saxlanılıb. O vaxt  Həziyə ölkə prezidentindən yazmamaq tövsiyə olunub.  Daha sonra isə  2011-ci ilin mart ayında oğurlanıb və işgəncələrə məruz qalıb. S.Həzi həmin hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bunları demişdi:

“6 nəfər maskalı məni döyə-döyə mindirdilər mikroavtobusa. İçəridə vurdular, başıma maska keçirdilər. Təxminən 20-25 dəqiqə yol gəldik, bir evə gətirdilər, ev təzə tikilmiş evə oxşayırdı. Orda maskamı götürdülər. Rusdilli, idman cüssəli idi hamısı. Orda məni palçıqda sürüdülər, videoya çəkdilər, yəqin kiməsə göstərəcəkdilər. Sonra gətirib bir yerdə küçədə tulladılar, başımda maska, əlim bir qat «skoçla» bağlı. Ayıldım gördüm bir bina var, yaxınlaşdım. Oğlandan soruşdum ki, bura haradır, dedi bura Binəqədidir”.

İndiyə qədər Seymur Həziyə qarşı törədilmiş zorakılıqların heç biri araşdırılmayıb.

Ana səhifəXəbərlərMediaya qarşı təzyiqlər yenidən başlayır