Ailə, əmək və kommersiya mübahisələri ilə bağlı birbaşa məhkəməyə müraciət etmək mümkün olmayacaq
“Mediator üçün təcrübəli insanlara ehtiyac var”.
Milli Məclisdə “Mediasiya haqqında” qanuna və bununla bağlı bir sıra qanunvericilik aktlarına edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov belə deyib.
“Özünə ailə qura bilməyənlər bu gün TV-lərdə ailə məsələlərinə münasibət bildirirlər. Bu insanlar kimdir ki, kimisə kiminləsə evləndirir, boşandırır? Bəzən hörmətli deputatlarımızı da elə verilişlərdə görürəm. Hər insanın ailə problemi ictimailəşdirilməməlidir. Biz bunun pis nəticəsini də görürük, ailə problemləri artır və insanlar telekanallara üz tutur”.
Deputat Aqiyə Naxçıvanlı mediasiya sessiyasının ödənişli olmasını düzgün saymadığını deyib və yetərli sayda mediatorların olmasının da vacib olduğunu vurğulayıb.
“Burada hüquqşünasdan çox psixoloqlara ehtiyac var, çünki söhbət barışığa nail olunmasından gedir. Yoxsa elə olmasın ki, məhkəmə icraçıları dönüb mediator olsunlar”.
“Pul olmasa, heç kim mediator olmaq istəməyəcək”
Birinci vitse-spiker, parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya sessiyasında iştirak üçün 50 manat ödənişin böyük olmadığını qeyd edib: “Pul olmasa, heç kim mediator olmaq istəməyəcək. Digər tərəfdən, sertifikat almış mediatorların içərisində hüquqşünaslardan sonra ikinci yerdə psixoloqlar gəlir. Həm də sertifikat almış mediatorların əksəriyyəti orta yaşlı insanlardır. Bizim qanun Türkiyə təcrübəsinə əsaslanır. Gələcəkdə isə baza qanuna yenidən qayıda bilərik”.
Mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən “Mediasiya haqqında” qanun layihəsi 2019-cu ildə qəbul edilib.
Qanunun bu ilin iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulan 28.1. maddəsinə əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Mediasiya sessiyasında tərəflər arasında razılaşma olmazsa, bu halda məhkəmə müstəvisinə çıxarılacaq. Digər kateqoruyadan olan işlərdə isə yalnız tərəflərin istəyi ilə mediasiyada baxıla bilər.
Mediasiyanın məqsədləri mübahisənin həllinin tərəfləri qane edən variantın əldə edilməsi və tərəflər arasında münaqişə səviyyəsinin azaldılmasıdır.
Bununla bağlı Milli Məclisin iyunun 25-də keçirilən iclasında birinci oxunuşda bir sıra qanunlara dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Mediasiya təşkilatı mediasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi məqsədilə, mediasiya xidmətlərinin marketinqini, əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqavilə bağladığı mediatorların xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qaydanı müəyyən edən, mediasiya zamanı danışıqların aparılması üçün şərait yaradan, bu Qanunla və ya tərəflərin razılığı ilə müəyyən edildiyi hallarda mediasiya prosesini aparmaq üçün mediatorları təyin edən, habelə mediatorların effektiv fəaliyyətinə yönələn digər tədbirlər həyata keçirən qeyri-kommersiya hüquqi şəxs olacaq.
Mediasiya sessiyasında iştirak etməmə məsuliyyətə səbəb olmayacaq
“Mediasiya haqqında” qanunun qüvədə olan variantına əsasən, mediasiya təşkilatı hüquqi şəxs statusunda idi. “Mediasiya haqqında” qanuna görə, 1 iyul 2021-ci ildən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq.
Bundan başqa, qüvvədə olan qanunun 21.10 və 29.4-cü maddələrinə əsasən, tərəfin mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdı. Bu maddələr ləğv olunub.
Mediatorun da vəzifəsi artırılıb. Artıq tərəflər deyil, mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borclu olacaq.
Məhkəmə prosesinin istənilən mərhələsində məhkəmə işin hallarını nəzərə alaraq öz təşəbbüsü və yaxud tərəflərdən birinin müraciəti və digər tərəfin razılığı ilə onlara mübahisənin mediasiya vasitəsilə həllini təklif edə bilər. Qüvvədə olan qanuna görə, belə halda məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaqdı. Dəyişikliyə əsasən, bunun üçün ilk öncə tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanması əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanarsa, məhkəmə icraatı barışıq sazişi və mediasiya prosesinin nəticələri barədə protokol təqdim edilənədək dayandırılacaq.
Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunacaq.
Qüvvədə olan qanunda tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi və ya bu barədə mediator tərəfindən tərtib olunmuş protokolun məhkəməyə təqdim olunması, məhkəmənin bununla bağlı tərəflərin iştirakı ilə keçirilmiş iclasda onların razılığı ilə iş üzrə icraata xitam verməsi nəzərdə tutulub. Təklif edilən dəyişikliyə əsasən, mediator tərəfindən tərtib olunmuş protokol siyahıdan çıxarılır, yalnız barışıq sazişi əsas götürüləcək. Başqa sözlə, tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunacaq. Məhkəmə də həmin barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam veriləcək.
Qüvvədə olan qanuna əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər və barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur. Dəyişikliyə əsasən, notariusa bu sahədə verilən səlahiyyət ləğv olunur. Beləliklə, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə biləcək. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunacaq.
Hansı halalrda məhkəmə barışıq sazişinin təsdiq edilməsindən imtina edir?
Bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni – 40-7-ci fəsil (Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat) əlavə olunur. Məhkəməyə ərizəyə baxarkən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq olunmasından imtina edilməsi hallarının olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir:
– barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda;
– barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlandıqda.
Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
“İnzibati icraat haqqında” qanuna təklif edilən yeni 80-1-ci maddədə əksini tapıb.
Təklif edilən yeni maddəyə əsasən, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr “Mediasiya haqqında” qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll edilə bilər.
Mediatorlar vergi və məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, mediatorlar məcburi dövlət sosial sığortasına cəlb olunacaqlar.
Sərbəst mediatorlar gəlirlərinin (xərclər çıxılmaqla) 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyəcəklər.
Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq, o cümlədən əldə olunan mükafat qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid ediləcək.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Mediatorlarla bağlı “Tibbi sığorta haqqında” qanuna da dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, mediatorlar icbari tibbi sığorta üzrə sığortalı qismində özləri çıxış edəcəklər.