Medianın İnkişafı Agentliyi KİV-lərə qanundankənar müdaxilə edəcək?

Media, siam.pukkato/Shutterstock

“İstəyirlər ki, xoşlarına gəlməyən media qurumları sıradan çıxarsınlar və media məkanına nəzarət etsinlər”

“Media Reyestrindən keçməklə bağlı məcburi tələb qanunsuzdur və biz bu qanunsuz tələbə boyun əymək istəmirik”.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayılın sözləridir.

“Turan” İnformasiya Agentliyi Medianın İnkişafı Agentliyinin (MİA) nümayəndəsinin dedikləri əsasında yazır ki, 6 ay müddətində qeydiyyat üçün reyestrə müraciət etməyən KİV-lərin aqibətinə məhkəmədə baxılacaq. Bu sözlər “Media haqqında” Qanuna əsaslanaraq səsləndirilib və təqdimatı MİA-nın verəcəyi qeyd edilib.

Agentlik qeyd edir ki, “Media haqqında” Qanunda konkret belə bir nüans yoxdur.

Vaxtında müraciət etmədikdə və ya məlumatlarda yanlışlıq olarsa…

MİA-nın kommunikasiya şöbəsinin direktoru Səidə Şəfiyeva isə açıqlama verərək təsdiqləyib ki, qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap və onlayn media bu qanunun 78.3-cü maddəsinə əsasən, Media Reyestri formalaşdığı tarixdən 6 ay müddətində onlara müraciət etməlidir. Müraciət 73.6-cı maddədə nəzərdə tutulmuş qaydalar əsasında olmalıdır:

Medianın İnkişafı Agentliyi

“Qanunun 65.4.4-cü maddəsi deyir ki, Qanunun 62.2-ci maddəsinə uyğun olaraq MEDİA Agentliyinə rəsmi müraciət edilmədikdə və ya həmin müraciətdə göstərilən məlumatlar doğru olmadıqda çap və ya onlayn medianın fəaliyyətinin qanuna uyğun olub-olmaması məhkəmədə mübahisələndirilə bilər”.

Agentlik müstəqil mediaları məhkəməyə verib, onları qapatmaq fikrindədir”

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı hesab edir ki, MİA-nın açıqlaması mətbuat və ifadə azadlığına kobud müdaxilədir. “Media haqqında” Qanunda belə bir bənd olmadığı halda, agentliyin hansı hüquqi əsasla reyestrə düşməyəcək media orqanını məhkəməyə verəcəyi ona aydın deyil:

“Qanunun geriyə qüvvəsi yoxdur və ondan öncə yaranmış media orqanlarına tətbiq oluna bilməz. Bu dəyişiklik medianın azad fəaliyyətini təhdid etməkdən başqa bir məqsəd güdmür. Görünür, agentliyin gələcəkdə bu əsasla müstəqil mediaları məhkəməyə verib, onları qapatmaq fikri var”.

Sevinc Vaqifqızı
Foto: Meydan TV

Redaktor bu addım qarşısında sakit qalmayacaqlarını bildirir:

“Yeni qayda ilə bağlı məhkəməyə şikayət etməyi planlayırıq”.

Qanunda könüllü qoyulan bənd necə məcburiyə çevrildi?

Media sahəsi üzrə ekspert Xalid Ağəliyev deyir ki, o və həmkarları qanun layihəsi ortaya çıxdığı ilk gündən onun məzmununun medianın tənzimlənməsi zamanı kifayət qədər geniş sui-isitifadələrə yol aça biləcəyini dəfələrlə vurğulayıblar:

“Həmçinin media ictimaiyyəti də öz narahatlığını ifadə etmişdi. Ancaq bu narahatlıqlar qanundakı məhdudiyyətlərin yalnız reyestrə daxil ediləcək media və jurnalistlərə tətbiq ediləcəyi haqqında rəsmilərin açıqlamaları ilə pərdələndi”.

“Medianı belə tənzimləmək, cilovalamaq olmaz”

Ekspert bildirir ki, Avropa Şurası Venesiya Komissiyası da məhz belə müddəalara görə qanunu Avropa Şurası üçün yolverilməz sayıb:

“Medianı belə tənzimləmək, cilovalamaq olmaz. Ancaq belə tənzimləmələr vasitəsilə medianın, jurnalistlərin gözünü qorxutmaq, özünü senzuraya sövq etmək olar”.

“Məzmunu yayan vasitələrə müdaxilə yolverilməzdir”

Hüquqşünas belə vasitələrin aşkar şəkildə qanuni olmadığını deyir. Bildirir ki, qanuni deyərkən, məsələyə yalnız hansısa qanunun, konkret misalda “Media Haqqında” Qanunun pəncərəsindən baxılmalıdır:

Media Hüquq İnstitutunun eksperti Xalid Ağaliyev
Foto: Meydan.TV

“Belə qanunlar Konstitusiyadan, beynəlxalq müqavilələrdən sonra gəlir. Konstitusiyada da belə qeyd edilir. Mediaya, jurnalistikaya hər hansı məhdudiyyətin, müdaxilənin qanuni olması üçün onun ilk növbədə Konstitusiyaya və beynəlxalq müqavilələrə uyğun olması lazımdır. Hökumətin yaratdığı hansısa mexanizmə, reyestrə qoşulmamağa görə, medianın fəaliyyətinə xitam verilməsi bu baxımdan tamamilə yolverilməzdir. Hökumətlər hansısa məzmunlara – yazılara, məqalələrə, əsərlərə müdaxilə edə bilər, məzmunu yayan vasitələrə yox”.

“Qanunda reyestrdən keçməsə, KİV-in bağlanması, barəsində məhkəməyə müraciətlə bağlı nəsə yoxdur”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, qanun ortaya çıxandan Media Reyestrinin könüllü olduğu vurğulanırdı. Bu, jurnalistlərə sadəcə müəyyən imtiyazlar verir:

“Hətta Medianın İnkişafı Agentliyinin rəhbəri də bu barədə danışanda həmişə deyib ki, reyestr jurnalistlər üçün könüllüdür. Lakin o, heç vaxt KİV sözünü işlətməyib. Bundan əlavə, qanunda reyestrdən keçmədiyi halda, KİV-in bağlanması söhbəti yoxdur”.

Agentlik direktoru qeyd edir ki, artıq “Media Haqqında” Qanun hazırlanıb, verilib və sentyabrda Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Və həmin qaydalarda qeydiyyatdan keçməyən media qurumunun bağlanması, məhkəməyə verilməsi ilə bağlı hər hansı müddəa yoxdur. Bundan sonra hər hansı bənd əlavə edilə biləz”.

“MİA bununla bağlı konkret mövqe qoymalıdır”

Mehman Əliyev əlavə edir ki, qanunda media qurumun mütləq qeydiyyatdan keçməsi lazım olduğu da, keçməyəcəyi halda ona qarşı hansı tədbirlərin görüləcəyi də yazılmayıb. Odur ki, MİA ortaya bununla bağlı konkret mövqe qoymalıdır:

Mehman Əliyev
Mehman Əliyev, Foto: Meydan TV

“Hamı da bilməlidir ki, bəli, reyestrdən keçməsəm, məni nə gözləyəcək. Hələlik isə bu sahədə boşluq var. Bu da ciddi problemdir. Hüquq qalıb kənarda siyasi motivlərlə hərəkət etməyə çalışırlar. İstəyirlər ki, xoşlarına gəlməyən media qurumlarını sıradan çıxarsınlar və media məkanına nəzarət etsinlər”.

“MİA etmək istədiklərini qanuna salmalı, səbəbini izah etməlidir”

Onun fikrincə, MİA-nın sonuncu açıqlaması göstərir ki, vətəndaş cəmiyyəti, müstəqil media mənsubları “Media Haqqında” Qanunla bağlı ilk düşüncələrində haqlı olub. Qanun müstəqil mediaya nəzarət üçün qəbul edilib:

“Turan dövlət qeydiyyatındadır. Vergilərini, sosialı ödəyir və işçilərlə müqaviləsi var. Əsas tələblərə əməl edir. Bütün qaydalara əməl edən media üçün xüsusi nələrsə yaratmaq, əlavə qeydiyyat yersizdir. İstədikləri məlumatları dövlət qurumlarından götürə bilərlər. MİA etmək istədiklərini qanuna salmalı, səbəbini izah etməlidir”.

Mehman Əliyev düşünür ki, “Media Haqqında” Qanunun hər bəndi ümumilikdə qüsurludur.

Nə baş verib?

2022-ci ilin əvvəlində Azərbaycanda yeni “Media Haqqında” Qanun qəbul edilib. Müstəqil jurnalistlər və media ekspertləri, eləcə də beynəlxalq təşkilatlar ilk gündən bildirib ki, bu qanun müstəqil media və jurnalistlərin işlərinə əngəl törətmək məqsədi daşıyır.

Azərbaycan rəsmiləri isə daim açıqlamalarında ölkədə medianın müstəqil olduğunu bildirir.

Beynəlxalq reaksiyalar

“Prezident İlham Əliyev plüralizmin bütün təzahürlərini silib və 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır”.

“Sərhədsiz Reportyorlar” Təşkilatının açıqladığı 2022-ci ilin Mətbuat Azadlığı İndeksini hesabatında belə deyilir.

“Azərbaycan hökuməti hələ də mediaya nəzarət edir. Bu, müstəqil mediaya təzyiq, digərlərilə yaxşı münasibət qurmaq şəklində özünü göstərir”.

Avropa Şurası Parlament Assambleyası
Foto: arxiv

Avropa Şurasının Jurnalistikanın Qorunması və Jurnalistlərin Təhlükəsizliyinin Təbliği Platformasının aprelin 27-də yaydığı “Gərginlik və münaqişə vaxtı mətbuat azadlığının qorunması” adlı hesabatında belə bildirilir.

“Azərbaycanın yeni Media Qanunu onsuz da məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühitini daha da əngəlləyəcək”.

Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının rəyində belə vurğulanır.

Ana səhifəSiyasətMedianın İnkişafı Agentliyi KİV-lərə qanundankənar müdaxilə edəcək?