Media qurumlarının rəhbərləri ölüm təhdidi ilə üzləşdiklərini deyirlər

Qənimət Zahid, Emin Milli və Həbib Müntəzir təxribatla bağlı məlumatlar alıblar

Source:

Avropada yaşayan 3 media nümayəndəsinin həyatına təhlükə var. Bu barədə məlumatı “Azadlıq” qəzetinin və “Turan TV”-nin rəhbəri Qənimət Zahid yayıb. “Azadlıq.info” saytında dərc olunan məqaləsində Q. Zahid

yazır

:

“Mənə çatdırılan təfərrüat bundan ibarətdir ki, azərbaycanlı kriminal avtoritetlərdən biri Avropada yaşayan 3 nəfər «narahat mühacirlə» bağlı tədbirlər görülməsini öhdəsinə götürüb. Bu, elə əslində, iyun ayından aldığım məlumatın təsdiqi və davamıdır. Adını çəkmək istəmədiyim (qeyd edirəm ki, adlar bizə bəllidir) kriminal avtoritet Meydan TV-nin Almaniyada yaşayan aparıcı simaları olan Emin Milli və Həbib Müntəzirin, eləcə də Fransada mənim zərərsizləşdirilməyimlə bağlı əməliyyatı icra etməyə razılıq verib. Bu məsələnin təfərrüatları həmin avtoritetin son zamanlar Azərbaycandan ezam edilmiş bir jurnalistlə görüşündə də müzakirə edilib. Mənə çatdırılan xəbərdə bildirilir ki, azərbaycanlı kriminal avtoritet bu terror əməliyyatlarını birbaşa deyil, Türkiyənin və Rusiyanın bəzi cinayətkar qruplaşmaları vasitəsilə həyata keçirəcəyini planlaşdırıb”.

Qənimət Zahid daha sonra yazır:

“Bu açıqlamanın sonunda həmkarlarım Emin Millini və Həbib Müntəziri də xəbərdar edirəm: təşkil edilən bu əməliyyatla bağlı mütləq və mütləq yaşadığınız ərazidə hüquq-mühafizə orqanlarını məlumatlandırın. Kimin icra etməsindən asılı olmayaraq, planlaşdırılan bu terror niyyətinin arxasında Azərbaycanın siyasi hakimiyyəti dayanır”.

Qənimət Zahid bu ilin may-iyun aylarında da ölümlə hədələndiyinə dair sosial şəbəkələrdə paylaşımlar etmişdi. O, hazırda Fransada mühacir həyatı yaşayır. Azərbaycanda yaşadığı zamanlarda o, dəfələrlə məhkəmə çəkişmələrinə, həbslərə

məruz qalıb

. Bundan başqa, onun yaxın qohumları həbs edilib, sonradan onlar Qənimət Zahiddən

imtina ediblər

.

Meydan TV-nin rəhbəri Emin Milli və qurumun sosial meneceri Həbib Müntəzir də oxşar məlumatlar aldıqlarını deyiblər. Adının açıqlanmasını istəməyən güc strukturlarında təmsil olunan çox önəmli mənbə bununla bağlı onlara məlumat göndərib.

“Tamamilə fərqli bir mənbədən də deyilənləri təsdiqləyiblər” – deyə Həbib Müntəzir Meydan TV-yə bildirib.

Hələ 2015-ci ildə Emin Milli Azəbaycan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən ölüm hədəsi aldığını

demişdi

.

Ötən il sentyabrın 20-də Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev bu məsələyə

toxunaraq

, Emin Millinin hədələnmədiyini söyləyib. Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə etiraz edən ölkə başçısı

deyib

:

“Burada bilmirəm qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var. Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir”.

Lakin bu ilin fevralında Emin Milli yenidən hədə aldığını

bəyan edib

.

Emin Milli Avropa Parlamentindəki son çıxışından sonra bir neçə etibarlı mənbədən məlumat əldə etdiyini bildirib:

“Məlumata görə, Azərbaycanın xüsusi xidmət orqanları Almaniyaya bir qrup idmançı göndərib ki, şəxsən mənə hücüm etsinlər. Mənbələrdən biri bir neçə il öncə Həbib Müntəziri öldürmək üçün diplomat/agent Tural Qurbanovun Almaniyaya göndərildiyini deyən şəxsdir. Son dəfə bu plan göndərilən insanın ölümü ilə nəticələndi”.

Meydan TV-nin əsas simalarından olan Həbib Müntəzir də bir neçə dəfə hədələndiyini deyir. Onun hələ 2013-cü ildə diplomat Tural Qurbanov tərəfindən öldürüləcəyinə dair məlumatlar var. Sonradan diplomat-agent Maldiv adalarında müəmmalı şəkildə

ölüb

.

Həbib Müntəzir və Emin Milli aldıqları xəbərdarlıqla bağlı yaşadıqları ərazinin hüquq-mühafizə orqanlarına məlumat verəcəklərini deyirlər. Onlar da hesab edir ki, baş verən istənilən təxribata görə Azərbaycan hakimiyyəti məsuliyyət daşıyır.

Ana səhifəXəbərlərMedia qurumlarının rəhbərləri ölüm təhdidi ilə üzləşdiklərini deyirlər