”Media qurumların bloklanması ”ölçüsüz tənqid”in sona çatması deməkdir”

Fazil Mustafa: “İctimai fikrin orta səviyyədə cəmiyyətə çatdırılmasına ehtiyac yaranıb”

Source:


Fazil Mustafa: “İctimai fikrin orta səviyyədə cəmiyyətə çatdırılmasına ehtiyac yaranıb”

“Azərbaycanda mətbuat azadlığı istənilən səviyyədə deyil, amma Şərq ölkələri ilə müqayisədə yaxşıdır”, – bunu deputat Fazil Mustafa 3 may – Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Azərbaycanda mətbuatın vəziyyətini dəyərləndirərkən deyib.

Deputat ölkədə internet resurslarının əlçatan olduğunu düşünür: “Düzdür, çap mediasının durumu barədə bunu demək olmur. Bir tərəfdən çap mediasının meydanı daralır, digər tərəfdən reklam problemi var. Bütün bunlar çap mediasının normal inkişafına mane olur”

Fazil Mustafa ölkədə müstəqil telekanal mövzusuna da diqqət çəkib: “ANS-in bağlanmasından sonra bu məsələ daha da çətinləşib. Başqa telekanallarda sosial sahələrdəki məsələlərlə bağlı ictimai fikir öz əksini tapır. Amma bütünlükdə ictimai fikrin orta səviyyədə cəmiyyətə çatdırılmasına ehtiyac yaranıb”.

Bloger Mehman Qələndərlinin bu il aprelin 29-da 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı ölümünü şərh edən F.Mustafa bu olayın detallarını bilmədiyini söyləyib: “Bu barədə əlimdə dəlil-sübut yoxdur, amma rəsmi versiya intihar üzərində durur. Əgər onun yaşamına kənar müdaxilə olubsa, bu, narahatedici haldır və hüquq-mühafizə orqanları bunu ən ciddi şəkildə araşdırmalıdır”.

Bir sıra saytların bloklanmasına gəlincə, deputat hesab edir ki, bu, artıq “ölçüsüz tənqid”in sona çatması deməkdir.

F.Mustafa “Kanal-13” internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğlunun 30 sutka inzibati həbs cəzası alması məsələsinə də toxunub. Deputat onun hansısa qanunsuzluğa yol verdiyini düşünür: “Bütünlükdə indiki şərtlər daxilində mətbuatın fəaliyyətini normal saymaq olar və bundan artığını gözləmək çətindir. Bundan artığını gözləməyə dəyməz”.

1990-cı ildə Parisdə toplanan bir qrup jurnalist azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalarla birgə mübarizənin zəruriliyini bildiriblər.

1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə edən Bəyannaməni dəstəkləyib. Həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini BMT-yə göndərib. 1993-cü il dekabrında 20-də BMT Baş Assambleyası 3 may gününü Ümumdünya Mətbuat Azadlığı Günü elan edib.

Ana səhifəXəbərlər”Media qurumların bloklanması ”ölçüsüz tənqid”in sona çatması deməkdir”