Media QHT-lərlə niyə işləmək istəmir?

Mehriban Zeynalova: “İşimizin reklama da ehtiyacı olduğunu düşünmürük”

Source:

Heç bu zamana qədər qadınların problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatları haqda düşündükmü? Onlarla görüşüb həm media, həm də QHT-lərlə bağlı söhət etdikmi? Uzağa getməyək, onlardan yazdığımız materiallarda hər hansı qüsur olub-olmaması barədə soruşduqmu? Peşəkar yanaşmanı diqqətdə saxladıqmı? Bəzən təhqir olunan, alçaldılan, cinsi istismara, zorakılığa məruz qalan qadınlardan yazanda materialın oxunması üçün “qışqıran” başlıq qoyub, sonra o materialın səbəb olduğu fəsadları öyrəndikmi? “Əslində necə yazsaydıq, daha az incidər, ancaq daha çox köməyə çatardı” – deyə özümüzü sorğuladıqmı?

Bir çox media mənsubu bu suala birmənalı cavab verə bilməz. Ancaq yenə də gec deyil. Qadın hüquq və azadlıqları sahəsində çalışan QHT-lər və jurnalistlər, səhvlərimiz və doğrularımız haqdadır yazı.

“İlk növbədə, media qadın problemlərini əks etdirmir. Çox vaxt tədbirlərimizi işıqlandırmaqdan da imtina edirlər. Bəlkə qonorar versək, bizimlə işləyərdilər, ancaq donorlar bunun üçün vəsait ayırmırlar” – deyir “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova.

M.Zeynalova son zamanlar mətbuatda çox pis tendensiya yarandığını vurğuladı. Onun sözlərinə görə, media qurumları kiminsə layihəsini işıqlandırmaqda maraqlı deyil: “Deyirlər ki, bu layihədir və kimsə layihədən pul qazanır. Biz niyə onu reklam edək? Halbuki bizim layihələr qadınlar və onların qarşılaşdığı problemlərlə əlaqədardır. İşimizin reklama da ehtiyacı olduğunu düşünmürük. İnsan alveri, məişət zorakılığı qurbanları ilə bağlı layihə həyata keçiririksə, media bunu işıqlandırmalı deyilmi?”

Jurnalist Aynur Elgünəşin fikrincə, hər hansı layihənin hesabatlarının işıqlandırılması, eləcə də  medianın QHT-lərlə əməkdaşlıq etməsi vacibdir: “Jurnalistlər xəbər yazmalıdır. Bizim bu gün ən çox əməkdaşlıq etdiyimiz bir neçə qeyri-hökumət təşkilatı var. Onların da işi göz önündədir. Jurnalist qadınların həyatından xəbər yazırsa, bunun üçün pul almalıdır? Bizim işimiz birbaşa insanla bağlıdır. İncidilən, zorakılığa, cinsi istismara məruz qalan, insan alverinin qurbanı olan qadınlardan yazmalıyıq. Bu gün həmin qadınlarla bağlı layihələr həyata keçirən QHT-lərlə də əməkdaşlıq etməliyik. Çünki hər birimiz bu cür zorakılıqların qurbanı ola bilərik”.

“Jurnalistlər şok açıqlamalar olduqda materialın çox oxunacağını düşünürlər. Bəzən həqiqətən də elə situasiya olur ki, beynəlxalq təşkilatlar həm QHT-lərin, həm də medianın maarifləndirilməsinə qrant ayırırlar. Bu da anonimliyin qorunması, insan haqları ilə bağlı sahələrdə olur. Bu məlumatları da bir günlük, yarım günlük treyninqlə mənimsəmək olmaz. Ən azı bir neçə gün olmalıdır. QHT işçiləri bu cür təlimlərdə iştirak etsələr də, jurnalistlər üçün problemlər yaradır, çünki onlar redaksiyanın öhdəliklərini yerinə yetirməklə məşğul olurlar” – söylədi Mətanət Əzizova.


Hər iki tərəfin səhvi

“Jurnalistlər bu məsələdə emosiya ilə işləyirlər. Onlar daha çox həqiqəti yox, xəbəri cəmiyyətə sırımağı düşünürlər. Əslində fakt var, ancaq onunla manipulyasiya edilir. Bu da jurnalistin problemə peşəkar yanaşmadığını göstərir. QHT-lərin bu məsələdə səhvi aşkarladıqları faktın mediaya ötürülməsi, ancaq mahiyyətin açılmamasıdır. Səbəbi də o olur ki, araşdırmalarımız bitmədiyi üçün mahiyyətdən danışmırıq. QHT-lər də insan taleyini qorumaq adı ilə zərbə altında qoya bilirlər” – deyir A.Elgünəş.

“Biz insan həyatını da qorumalıyıq. Təsəvvür edin ki, bir dəfə bizə bir qız müraciət etdi. Bibisi onu insan alverinə cəlb etmək istəyirdi. Qız isə buna etiraz olaraq evdən qaçıb bizim yanımıza gəlmişdi. Qadın polisə şikayət edir ki, qardaşı qızı evindən oğurluq edib. Telekanallardan biri də həmin məsələni işıqlandırır və qızı oğru kimi təqdim edirlər. Bu hadisədən sonra qız intihar etmək məqsədilə turşu məhlulu içmişdi. Uzun müddət xəstəxanada müalicə aldı. Bax, bu durumda təşkilat  qızı qorumalı deyilmi?” – Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məsələni bu cür çatdırdı.

M.Əzizovanın sözlərini mətbuatda öz əksini tapan bəzi xəbərlərdə də görmək olar. Bir müddət öncə mətbuatda qardaşın bacısını zorladığı, bacının da qardaşını kamera ilə çəkdiyi xəbəri yayıldı. Bəzi media mənsubları öz aləmlərində qızın ad və soyadını gizlətsələr də, bunu açıq-aşkar yazanlar da vardı: “1990-cı ildə Bakı şəhərində anadan olmuş Anar Məmmədov 2012-ci ilin yanvar ayının əvvəllərində ailəsinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində 17 yaşlı bacısı T. M. ilə təklikdə qalıb. Anar həmin vaxt bacısına zor tətbiq etməklə güclə onunla cinsi əlaqədə olmağa başlayıb. Bu vaxt T. M.-nin burnundan qan axması nəticəsində Anar Məmmədov hərəkətlərini dayandırıb.

Bakumedia.az xəbər verir ki, bundan sonra Anar Məmmədov həmin ilin mayında yaşadıqları evdə bacısı ilə yenidən təklikdə qalıb. Bu zaman Anar Məmmədov qeyri-təbii yolla bacısı ilə təkrar cinsi əladədə olub.

Anar Məmmədov 26 yanvar 2013-cü il tarixdə, təxminən saat 18.00 radələrində yaşadıqları evdə T. M. ilə yenə də təklikdə qalıb. O, bacısı ilə cinsi əlaqədə olmaq istəyib. Bu zaman bacısına sillə vuraraq və psixoloji təzyiq edərək zor tətbiq edib. O, bacısı ilə növbəti dəfə zorakılıq yolu ilə cinsi əlaqədə olub…”

Bu xəbər isə HİV/AİDS daşıyıcısı olan bir qadının boşanma prosesi haqdadır: “Bakının Xəzər rayon Məhkəməsində baxılan boşanma işi zamanı hakim anaya öz körpəsinə süd verməyi qadağan edib. “Qafqazinfo”nun məlumatına görə, ananın hələ subay ikən HİV-ə yoluxduğu ilə bağlı məlumatı olsa da,  bunu ərindən gizlədib. Cütlüyün övladı dünyaya gələndən sonra ər arvadının HİV-ə yoluxduğunu öyrənib. Arvadının yalanını üzə çıxaran ər məhkəmədə HİV daşıyıcısı olan həyat yoldaşına qarşı boşanma iddiası qaldırıb.

Boşanma işinə baxan hakim qadının HİV-ə yoluxduğunu və körpənin də ana südündən HİV-ə yoluxa biləcəyi təhlükəsini nəzərə alaraq, qadına körpəsini əmizdirməyi qadağan edən qərardad çıxarıb.

Beş aylıq olan körpə bundan sonra anasının südünü əmməkdən məhrum olacaq.

Hazırda boşanma iddiası üzrə iş davam edir.

Qeyd edək ki, qan testi nəticəsində ərin və körpənin HİV-ə yoluxmadığı məlum olub”.

Yazının altındakı oxucu şərhi özünü çox gözlətməyib: “Cavanlıqda nə edib ki, HİV-ə yoluxub?”

Ölkədə hepatit və HİV/AİDS virusu daşıyıcılarına qarşı olan münasibət, daha doğrusu, diskriminasiya heç kimə sirr deyil. Əslində qapalı keçirilməli olan məhkəmədən verilən xəbərdə bir çox suallar yaranır. Onlardan biri də  HİV/AİDS daşıyıcsının ailə qurmaq haqqı, qorumalı olduğu statusudur. Statusunu yalnız cinsi əlaqə zamanı qarşı tərəfə açıqlaya bilər. Açıqlamadıqda, bu, cinayət məsuliyyəti yaradır. Hər bir şəxs bu haqda məlumatlandırılır. Ancaq ailə qurarkən qadının statusunu açıqlamasına kim və nə mane olub? Xanımın hərəkətinə haqq qazandırmaq fikrində olmasaq da, HİV/AİDS daşıyıcılarının öldürülməli və ya həbs olunmalı olduğunu tələb etmək kimi haqqımızın olmadığını unutmamalıyıq.

“Yadımıza salaq Elnarəni. Onun adının açıqlanması, üzünün efirdə verilməsi onu göstərdi ki, jurnalistlər daha çox sensasiya ardınca qaçırlar, amma kiminsə həyatını puç etdiklərini düşünmürlər. Elnarə ilə cinsi əlaqəda olan kişilərin hansı psixoloji travma aldığını düşünün. İkinci bir tərəfdən hadisədən sonra mərkəzə müraciət edən heç bir kişidə HİV virusu aşkarlanmadı. Ancaq Elnarə necə oldu? İki dəfə intihara cəhd etdi, bundan sonra bir ay psixo-nevroloji müalicə aldı. Jurnalistin problemin həllində köməyi dəyə bilərsə, zərəri də ola bilər. Peşəkarlıqdan çox şey asılıdır” – dedi M.Əzizova.


Nə etməli?

M.Əzizova deyir ki, bəzən jurnalastlər problemli insanları onların təşkilatına yönəldir. Onun fikrincə, əməkdaşlıq üçün hər iki tərəf bir-birini anlamalıdır: “Bizim QHT-lərin də hamsısı yaxşı işləmir. Analiz etsək görərik ki, bu sahədə bir neçə QHT yaxşı işləyir. QHT-lər media ilə ən yaxşı işlədiyi dövr 2006-2007-ci illər idi. Ondan sonra konfrans zalları da bahalaşdı, maliyyə imkanları zəiflədi. O vaxtlar jurnalistlərin özləri də əməkdaşlıqda maraqlı idilər. İndi texnoloji inkişafdan sonra informasiya almaq asanlaşıb, ancaq medianın keyfiyyəti artıbmı? Daha çox kəmiyyətə fikir verirlər, nəinki keyfiyyətə”.

Qeyri-Hökumət Təşkilatlarına müraciət edən M.Əzizova təşkilatların əməkdaşlıq zamanı udduğunu söylədi: “Siz qeyri-hökumət təşkilatı yaradırsınızsa, media ilə əməkdaşlıq edin. Media ilə əməkdaşlıq etməyən, açıqlama, hesabat verməyən QHT-lər uğursuz hesab olunurlar. QHT-nin işi problemi araşdırmaq və onun haqqında əlaqəli qurumlara, mediaya məlumat verməkdir. Biz bir neçə jurnalistlə əməkdaşlıq edirik. Bu gün elə QHT var ki, niyə jurnalistin onu axtarmadığını deyir. Halbuki media ilə əməkdaşlıqda QHT udur. Tanınır, onun haqqında informasiya çox olur və beynəlxalq təşkilatlar seçim vaxtı daha çox mətbuatda adı hallanan QHT-yə üstünlük verirlər”.

Qadın problemləri ilə məşğul olan KİV-lə QHT arasında strateji anlaşma  olmasının vacibliyini də M.Zeynalova söylədi: “Biz mətbuatın monitorinqini edirik və orda qadın ekspertlərə az yer verildiyini görürük. Ümumiyyətlə, qadınlarla bağlı problemlərə az yer verilir. Yer verildikdə isə məsələyə doğru yanaşılmır. Ya da material qəzetin son səhifələrində verilir. Qadın problemləri ilə bağlı araşdırma (izləmə) demək olar ki, yoxdur ” – söylədi Mehriban Zeynalova.

Ekspertlər əməkdaşlıq üçün medianın kəmiyyət, yoxsa keyfiyyət problemini həll etməli olduğunu vurğuladı. İnsdandan yazan jurnalist insanın həyatına sayğı duymalı olduğunu da unutmamalıdır.

P.S. (Yazı Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən “Counterpart İnternational”ın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihə çərçivəsində hazırlanıb).

Ana səhifəXəbərlərMedia QHT-lərlə niyə işləmək istəmir?