Media nümayəndələri və hərbi attaşelər Alxanlıya gedib

Onlar sakinlərin həlak olduqları yerə baxış keçirəcəklər

Source:


Onlar sakinlərin həlak olduqları yerə baxış keçirəcəklər

Azərbaycanda akkreditasiya olunmuş xarici media nümayəndələri, hərbi attaşelər Füzuli rayonunun Alxanlı kəndinə səfər ediblər. Səfəri Xarici İşlər və Müdafiə nazirlikləri, Baş Prokurorluq və Füzuli rayon İcra Hakimiyyəti təşkil edib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, 12 dövlətin 15 hərbi attaşesi Alxanlıya səfər edib. Onların arasında ABŞ, Rusiya, Pakistan, Çin, Koreya, Türkiyə, Bolqarıstan, Çexiya, Ukrayna, Belarus hərbi nümayəndələri və Almaniyanın Azərbaycandakı səfirliyinin diplomatları var.

Onlar səfər çərçivəsində iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində həyatlarını itirmiş Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduqları yerə baxış keçirəcəklər.

Azərbaycanın Müdafiə Nazirliyinin açıqlamasına görə, iyulun 4-də saat 20:40-da Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Bu zaman iki nəfər həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü Zəhra Quliyevadır.

Daha bir nəfər – Sərvinaz Quliyeva yaralanıb.

Nazirlik hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.

Müdafiə Nazirliyi ”qanlı təxribat”a görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Ana səhifəXəbərlərMedia nümayəndələri və hərbi attaşelər Alxanlıya gedib