HRHF: “Müstəqil jurnalistlərə ittihamlardan əl çəkin”
“Azərbaycan hökuməti “Turan” İnformasiya Agentliyinə cinayət işi açmaqla müstəqil KİV-in məhvi istiqamətində daha bir addım atıb”.
Bu barədə insan hüquqları və söz azadlığı sahəsində onlarla beynəlxalq QHT-ni birləşdirən İnsan Hüquqlarını Müdafiə Evləri Şəbəkəsinin (Human Rights House Foundation (HRHF) bəyanatında yazılır.
Bəyanatda ölkədəki müstəqil KİV-lərin hədəfə alındığı vurğulanır:
“Bəzilərini xaricdən oğurlamaqla, ayrı-ayrı jurnalistlərə qarşı cinayət təqiblərinə başlanıb. Bu, son vaxtlar beynəlxalq və yerli KİV-lərin veb-saytlarının bağlanmasında özünü göstərib. İndi isə “Turan”a təqiblər başlayıb. Artıq bağlanmış digər müstəqil KİV-lər olmadan Azərbaycanda media məkanı tamamilə hökumətin əlində olacaq”, – deyə HRHF-nin direktoru Maria Dahle bildirib.
Bəyanatda hökumət “Turan” İnformasiya Agentliyinə və digər müstəqil jurnalistlərə ittihamlardan əl çəkməyə səslənir. Habelə, vurğulanır ki, müstəqil KİV-in açıq, məlumatlı və korrupsiyadan uzaq cəmiyyət yaradılmasında oynadığı böyük rolu etiraf edilməlidir.
2012-ci ildə “Turan” agentliyinin direktoruna “İnsan hüquqları” şəbəkəsinin mükafatını təqdim etdiyini yada salan M.Dahle Mehman Əliyevi Azərbaycanda ifadə azadlığı və hüquqlar uğrunda cəsur, peşəkar mübarizə aparan şəxs kimi dəyərləndirib.
O, hakimiyyətin müstəqil KİV-i vergi ödəməsindən yayınmaqda ittiham etməsini əndazəni aşmaq kimi qiymətləndirib.
“Bir halda ki, onların əksəriyyəti korrupsionerdirlər və vəsaitləri ofşor hesablara köçürürlər”, – deyə M.Dahle bildirib.
Bəyanatda “Turan”a təqiblərin prezident İlham Əliyevin jurnalistlərə dəstəyini bəyan edərək, onlara pulsuz mənzillər verilməsindən qısa müddət sonraya təsadüf etməsinə də diqqət çəkilir.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.
Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirlər.
“Turan” İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq “Turan” agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib.
Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.
Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları “Turan” agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar. Mehman Əliyev baş verənləri “axtarış” adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının belə, yoxlanıldığı bildirilir.
Mehman Əliyev həmçinin, vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb, Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər. Dünən, avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.
Ancaq Azərbaycan rəsmiləri isə ölkədə müstəqil KİV-lərin boğulması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, hər hansı bir KİV-də vergidən yayınma halının üzə çıxarılması heç də ifadə azadlığına basqı kimi dəyərləndirilməməlidir. Üstəlik, onlar bildirirlər ki, hər il Prezident Yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə qəzetlərə maddi yardımlar edilir. Ölkədə bu il 250-dən çox jurnalistə pulsuz ev verilib. 4 il əvvəl də eyni təşəbbüsü xatırladan rəsmilər bunu dövlətin jurnalistikaya qayğısı kimi təqdim edirlər.
Ancaq “Turan” İnformasiya Agentliyi jurnalistlərə pulsuz ev verilməsi prosesinə qatılmayıb. Agentliyin direktoru Mehman Əliyev deyib ki, bu jurnalisti və onun təmsil olunduğu KİV-i hakimiyyətdən asılı vəziyyətə salır.