“Hazırkı layihə təklifi ifadə azadlığı hüququnun təməl prinsiplərinə uyğun gəlmir”
“Vətəndaş cəmiyyəti qurumları “Media haqqında” qanun layihəsinin qəbulu prosesinin ölkə ictimaiyyəti ilə yanaşı Azərbaycanın üzvü olduğu Avropa Şurası və ATƏT-in müvafiq standartları, ekspert rəyi öyrənilmədən aparılmasından təəssüflənir”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin, Media Hüququ Qrupunun rəhbəri Xalid Ağaliyevin və Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlının birgə yaydığı müraciətdə belə deyilir.
Müəlliflər Azərbaycanın Avropa Şurasına üzv olduğu zaman media qanunvericiliyinə ciddi islahatların edildiyini xatırladıblar.
Belə ki, 1999-cu ildə qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna Avropa Şurası Nazirlər Komitəsi və ATƏT-in media azadlığı ilə əlaqəli tövsiyələri işığında zəruri dəyişiklik və əlavələr olunub. 2002-ci ildə Avropa Şurası ölçülərinə cavab verən “Televiziya və radio yayımı” haqqında yeni qanun qəbul edilib. 2005-ci ildə isə Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin icrası kontekstində informasiya açıqlığının mexanizmlərini əhatə edən “İnformasiya əldə edilməsi haqqında” qanun qəbul olunub. Bu qanunların və qanunlara dəyişikliklərinin hazırlanması və qəbulu yerli eksperlərlə yanaşı, Avropa Şurası və ATƏT strukturlarının yaxından iştirakı ilə həyata keçirilib.
“Təəssüf ki, “Media haqqında” qanun layihəsi təşəbbüsü bu barədə ictimai ehtiyaclar izah edilmədən, ictimai müzakirələr keçirilmədən, habelə, beynəlxalq standartlar öyrənilmədən Milli Məclisə təqdim edilib. Qanun layihəsinin mətni parlamentdə müzakirələr təyin edildikdən bir gün öncə cəmiyyətə açıqlanıb. Bununla da həm Avropa Şurası standartlarına uyğun hazırlanıb qəbul edilən mövcud “İnformasiya əldə edilməsi haqqında” qanuna (bu qanun layihə təkliflərini azı 1 ay əvvəl cəmiyyətə açıqlamaq şərti qoyur), həm də Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə əməl olunmayıb”, – müraciətdə deyilib.
Müraciətdə vurğulanır ki, ifadə azadlığı və media qurumlarının fəaliyyətini tənzimləyən qanun bütün maraqlı tərəfləri dinləmək, uzun sürən ictimai müzakirə testindən keçmək və milli qanunvericliyin Avropa Şurası təcrübəsinə uyğunlaşdıırlması öhdəliyi nəzərə alınmaqla qəbul edilməldir:
“İlkin dəyərləndirməmiz göstərir ki, “Media haqqında” qanun layihəsinin müddəaları ilə Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələr, xüsusilə Avropa İnsan Haqlari Konvensiyasının ifadə və media azadlığı hüququna təminat verən prisnipləri arasında ciddi uyğunsuzluqlar var. Bütün bunlar isə ölkədə ifadə azadlığının müdafiəsi və media orqanlarının sərbəst fəaliyyətinə təhdidlər yaradır. Ümumiyyətlə, hazırkı layihə təklifi ifadə azadlığı hüququnun təməl prinsiplərinə uyğun gəlmir”.
Müəlliflər hazırkı şərtlər çərçivəsində “Media haqqında” qanun layihəsinin parlamentdə müzakirəsinin dayandırmağa çağırıb:
“Bu qanun layihəsinin qəbulu ilə bağlı beynəlxalq mütəxəssislərin də dəvət olunması ilə yeni işçi qrupun yaradılmasını təklif edirik. Əvvəlki illərin təcrübəsinə əsaslanaraq, beynəlxalq təşkilatları, xüsusilə də Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ekspertlərindən ibarət işçi qrupun bu qanun layihəsi ilə bağlı təkliflərinin öyrənilməsini zəruri sayırıq”.
“Media haqqında” qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Ardınca Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıblar.