Media azadlığı baxımından Azərbaycan Ermənistandan geri qalır

Arif Əliyev: ”Ermənistana verilən qiymət bir az təəccüblüdür”

Şahvələd Çobanoğlu: ”Söz azadlığının durumu ilbəil gerilədiyindən və boğulduğundan bu hesabatlar doğru sayılmalıdır”

Source:

Arif Əliyev: ”Ermənistana verilən qiymət bir az təəccüblüdür”

Şahvələd Çobanoğlu: ”Söz azadlığının durumu ilbəil gerilədiyindən və boğulduğundan  bu hesabatlar doğru sayılmalıdır”


Sərhədsiz Reportyorlar Təşkilatı

 dünyada mətbuat azadlığı indeksini açıqlayıb. Siyahıda Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Ermənistan 74, Gürcüstan isə 64-cü yerdədir. Diqqət çəkən məqam Türkiyənin 151-ci yerdə qərarlaşaraq Tacikistan və Konqoyla yanaşı olmasıdır. Rusiya isə 148-ci yerdə qərarlaşmaqla Türkiyə və Azərbaycanı qabaqlayıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesabatla bağlı Meydan TV-yə bildirib ki, Azərbaycanda bir neçə nəfərin həbsxanadan buraxılmasından savayı müsbətə doğru nəzərə çarpan heç nə yoxdur. Hətta bir neçə nəfər həbs də olundu. Təəssüf ki, nə qanunvericilik, nə də praktik baxımdan dəyişikliklərə cəhdlər də görünmür. Ermənistana gəlincə, onlara verilən qiymət bir az təəccüblüdür: “Çünki böyük mənada Azərbaycan və Ermənistan mediasının fəaliyyəti sahəsində ciddi fərq yoxdur. Birinci, müstəqillik səviyyəsinə görə fərq yoxdur. Düzdür, orda müxalifətin telekanalı var, amma Ermənistan mətbuatında münaqişələrə daha az rast gəlinir, təzyiqlər azdır. Ona görə Ermənistan mətbuatında müəyyən  demokratik təzahürlərin olmasıyla yanaşı böyük fərq məqbul deyil. Gürcüstan mətbuatına gəldikdə, Saakaşvili hakimiyyəti zamanı qanunvericilik sahəsində xeyli müsbət addımlar atıldı. Həm də peşəkarlıq və poliqrafik keyfiyyətinə görə qonşularını qat-qat üstələyirdi. Halbuki, 10 il əvvəl vəziyyət tərsinəydi. Amma son illər onların özünü də narahat edəcək tendensiyalar yaranıb, Rustavi kanalıyla bağlı problemlər, İvanaşvili hakimiyyətinin QHT-lərə münasibəti diqqət çəkdi. Bununla belə Gürcüstan mətbuatı postsovet məkanında özünü daha sərbəst hiss edən mediadır”.

Arif Əliyev
Arif Əliyev

A.Əliyev media indeksləri yaranandan bəri Türkiyənin problemi həbsdə olan jurnalistlərlə bağlı olduğunu dedi: “Bunlar kürd jurnalistlərinə aid idi, qismən də siyasi mübarizədə jurnalistlərin  sıradan çıxarılması faktorunun kifayət qədər istifadə olunmasıyla bağlıydı. Ərdoğanın hakimiyyəti dövründə isə Türkiyə mediasi 80-ci illərdən bəri görmədyi basqılarla rastlaşdı. Redaksiyaların müxtəlif yollarla ələ alınması ciddi problem yaradıb. Türkiyənin aparıcı jurnalistləri bunun fərqindədirlər və ciddi tənqid edirlər. Elə Gəzi hadisələrini də xatırlamaq olar, prosesi işıqlandıran juranlistləri işdən çıxarırdılar, birbaşa reportajlara görə televiziyalara təzyiq açıq şəkildəydi. Sadaladıqlarım beynəlxalq media təşkilatlarının diqqətindən yayınmır”.

Köşə yazarı Şahvələd Çobanoğlu bildirdi ki, son bir neçə ildə nüfuzlu təşkilatların hazırladığı müxtəlif  hesabatlarda və monitorinqlərdə Azərbaycanda söz azadlığının ağır vəziyyətdə olduğu təsbit olunur. Düzdür, hakimiyyət təmsilçiləri  bunu təkzib etməyə çalışır, həmin təşkilatları ermənipərəst mövqedə suçlayır, yəni standart cavablar həmişə eşidilir. Amma Azərbaycanda söz azadlığının durumu ilbəil gerilədiyindən və boğulduğundan  bu hesabatlar doğru sayılmalıdır. Konkret olaraq, azad televiziyalar çoxdan yoxdur, hətta müzakirə olunmur ki, azad televiziya niyə yoxdur və vəziyyət nə üçün dəyişmir. Çap medianın durumu isə çox acınacaqlıdır, dövlətə məxsus yayım qurumu tənqidçi “Azadlıq” qəzetinin satışdan gələn pulunu vermir, plüralizmdə tarixi rolu olan Azadlıq Radiosunun redaksiyası möhürlənib, bürosu qapadılıb. O cümlədən, hər iki mətbuat orqanının  jurnalisti həbsdədir – Seymur Həzi və Xədicə İsmayıl. Bundan əlavə bloger Əbdül Əbiov həbsdədir. Yaxud AXCP funksioneri Fuad Qəhrəmanlı Facebook-dakı qeydlərinə görə həbs olunub. Sosial şəbəkə istifadəçiləri daim təqib edilir. Ümumiyyətlə, olduqca çox siyasi məhbusun olması elə söz azadlığının boğulmasının nəticəsidir. Danışanları susdururlar. Sadaladıqlarım, hakimiyyətin söz azadlığına münasibətinin təzahürüdür ki, bunlar da özünü hesabatlarda göstərir”.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

O, Türkiyədəki durumu belə izah etdi: “Təəssüf ki,  Ərdoğan hakimiyyəti illərində mətbuata təzyiqlər güclənib, jurnalistlərlə həbs, zor və məhkəmə diliylə danışmaq müstəvisinə keçilib. Burada da qəribə heç nə yoxdur, adətən, xəbərlərdən izlədiyimiz  real hadisələr hesabatlarda özünü göstərir”.

Ana səhifəXəbərlərMedia azadlığı baxımından Azərbaycan Ermənistandan geri qalır