Azərbaycan mediası üçün bu il də adi keçmədi
2020 Azərbaycan mediası üçün yaddaqalan il oldu. Yenə həbslər, təzyiqlər müstəqil jurnalistlərdən yan keçmədi.
Yanvar
“Criminal.az” saytının baş redaktoru Anar Məmmədov həbs təhlükəsi ilə üzləşib. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla məhkəmədə əmlaka görə çəkişən “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova “criminal.az” saytının baş redaktoru Anar Məmmədovun həbs olunmasını istəyib. O, jurnalistin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması üçün Ağdam Rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırıb.
Fevral
1987-2003-cü illərdə Azadlıq Radiosunun Azərbaycan redaksiyasının direktoru olmuş jurnalist Mirzə Xəzər (Mikayılov) vəfat edib.
Fevralın 3-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısında maliyyə yardımı edəcəyi qəzetlərin adlarını açıqlayıb. Siyahıda "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Həmin qəzetlərin əməkdaşları maliyyə yardımlarının kəsilməsinə görə Prezident İlham Əliyevə müraciət ediblər. Qəzet kollektivi Prezident İlham Əliyevə müraciətdə 50-yə yaxın jurnalistin işsiz qalmasına göz yummamasını xahiş edib.
Mingəçevirdə yaşayan jurnalist Elçin Həsənov fevralın 6-da saxlanılaraq Mingəçevir Şəhər Polis İdarəsinə aparılıb. Səbəb Mingəçevir Mədəniyyət Evində 47 saylı Mingəçevir Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə görüşünün videoçəkilişini etmək istəməsi olub.
Polis fevralın 11-də “bastainfo.az” saytının redaktoru Mustafa Hacıbəylini Mərkəzi Seçki Komissiyasının (MSK) binası önündə saxlayıb. Özünün deməsinə görə, əvvəlcə MSK-nın binasına, oradan polis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə, sonda yenə polis idarəsinə aparılıb:
“Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar” – deyə, Mustafa Hacıbəyli bildirib.
Fevralın 11-də 10 saylı Binəqədi 3-cü seçki dairəsindən deputatlığa namizəd Rəbiyyə Məmmədova Mərkəzi Seçki Komissiyasının (MSK) önündə aksiya keçirib.
Oturaq aksiya keçirən Rəbiyyə Məmmədova fevralın 9-da keçirilən parlament seçkilərində yol verilən qanunsuzluqlara etiraz edib. Qısa zamanda gənclərin ətrafına başqa namizədlər, onların vəklilləri, seçki prosesində iştirak edən müşahidəçilər, məşvərətçilər qoşulub.
Polis aksiyanı dağıdıb. İştirakçılar və aksiyanı işıqlandıran jurnalistlərlə birgə 22 nəfəri avtobusa yığıb və naməlum istiqamətə aparıb. Hadisə yerində olan Meydan TV əməkdaşı bildirib ki, polis aksiyaçılara və jurnalistlərə zor tətbiq edib.
Jurnalist Aynur Elgünəşin başından vurub yıxıblar. Yıxılandan sonra yerdə vurmağa davam ediblər. Saxlananlar içində jurnalist Aytac Tapdıq da olub.
Real TV-nin prezidenti Mirşahin Ağayev jurnalistlər Ləman Əliəşrəfqızı, Afət Telmanqızı və İlqar Mikayıloğlunu işdən çıxarıb. Səbəb kimi, onların 9 fevral növbədənkənar parlament seçkilərindəki qanun pozuntularına etiraz etmələri bildirilir.
Məlumatı Meydan TV-yə Afət Telmanqızı təsdiqləyib.
Fevralın 27-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha 2 şikayət üzrə qərarlarını açıqlayıb. Şikayətlər üzrə 5, 6, 8 və 18-ci maddələrin pozuntusu tanıyıb. Hökumətin üzərinə 26 min avrodan çox təzminat ödəmək vəzifəsi qoyub.
Şikayətlərdən biri araşdırmacı jurnalist Xədicə İsmayılovaya aiddir. O, AİHM-ə həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması və buna görə 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlı şikayət etmişdi.
Məhkəmə hesab edib ki, bu işdə dövlət Xədicə İsmayılovanın 5-ci, 6-cı, 10-cu və 18-ci (5-ci maddə ilə birgə götürülməklə) maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edib. Jurnalistə bu pozuntulara görə ümumilikdə 25 min avro təzminat ödənilməlidir.
Mart
Azərbaycan Prezidentinin keçmiş köməkçisi Əli Həsənova aid olduğu deyilən “Xəzər TV”nin səhmləri “Socar Media” qrupuna satılıb.
TV-nin Xəbərlər Departamentinin müdiri İnqilab Məmmədov xəbəri təsdiqləyib:
“İki aylıq danışıqlardan sonra “Xəzər TV”-nin səhmləri “Socar Media” qrupunun nəzarətinə keçib”.
“Socar Media” qrupu isə Şamxal Həsənovu şoumen Murad Dadaşovla əvəzləyib. Şoumen “Xəzər TV” MMC-nin yeni baş direktoru təyin edilib.
Martda “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli haqqında cinayət işi başlanıb. Səbəb isə sosial şəbəkələrdə hökuməti müdafiə edən paylaşımlar, aksiyalarda çıxışlar edən Ata Abdullayevin ondan şikayətçi olmasıdır. Ata Abdullayev iddia edib ki, jurnalist fevralın 26-da Xocalı faciəsinin ildönümündə Milli Şuranın ziyarəti zamanı onu vurub.
Martın 17-də jurnalist Əfqan Muxtarlı həbsdən azad edilərək birbaşa Almaniyaya yola salınıb.
Martın 18-də “Palmali” Şirkətlər Qrupunun həbsinə etiraz olaraq bir qrup şəxs Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Polislər aksiyanı dağıdıb, aksiyanı çəkən jurnalistlərə fiziki təzyiq göstərib.
Aprel
Aprelin 9-da “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli 30 sutka həbs cəzası alıb
May
Avropa İnsan Haqqları Məhkəməsi (AİHM) mayın 7-də Azərbaycanla bağlı növbəti qərarını elan edib. Qərar araşdırmaçı jurnalist Xədicə İsmayılovanın 2014-cü ildə göndərdiyi şikayəti ilə bağlıdır (№3, Ərizə №35283/14). Məhkəmə işi Xədicə İsmayılovanın jurnalistika fəaliyyətinə iddia edilən hədə-qorxu kampaniyası ilə bağlı olub. 2012-ci ildə “Səs” qəzeti jurnalist barəsində aşağılayıcı məqalələr yaymışdı. Yerli məhkəmələr həmin məqalələrdən verilən şikayətləri ədalətli araşdırmamışdılar. AİHM-ə şikayətdə jurnalistin şəxsi həyata hörmət, ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququna müdaxilə olunduğu iddia edilirdi.
Avropa Məhkəməsi 6 və 8-ci maddə üzrə şikayətləri qəbuledilən sayıb. Hesab edib ki, Xədicə İsmayılovanın şəxsi həyata hörmət hüququna müdaxilə olunub. Hökumət buna görə 6 min avro təzminat ödəməlidir.
“Lider TV” əməkdaşları özhesablarına məzuniyyətə göndərilib.
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 14-də Azərbaycandan göndərilmiş daha 3 şikayət üzrə qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb. Şikayətlərdən biri müstəqil jurnalist Sevinc Abbasovanın (Vaqifqızı) ölkədən çıxışına qoyulan qadağa ilə bağlıdır. Ərizə kommunikasiya edilərkən, hökumət iddia olunan pozuntuları (hərəkət azadlığı və Konvensiyanın 13-cü maddəsi) etiraf edib. Oxşar örnəklərə əsaslanaraq ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu bildirib. İşin siyahıdan çıxarılmasını xahiş edib.
İyun
“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilib. İyunun 16-da Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədov bu barədə qərar çıxarıb. Qərara əsasən, “Lider”ə əmlak inzibatçısı da təyin edilib.
Bu qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiası əsasında çıxarılıb. Buna baxmayaraq, kanal öz işini davam etdirir.
İyunun 18-də Meydan TV-nin sosial şəbəkə hesablarına hücum olub. Azərbaycan dilində olan səhifənin 2018-ci ildən sonrakı bütün paylaşımları silinib. Eyni hal "Instagram” səhifəsində də baş verib və apreldən sonrakı paylaşımlar silinib.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova və almaniyalı rejissor Benyamin Best (Benjamin Best) Leypsiqin “Kütləvi informasiya vasitələrinin azadlığı və gələcəyi uğrunda” mükafatına layiq görülüb.
İyul
İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib. Yürüşü çəkən jurnalistlər Anar Abdulla, Elvin Cəbizadə və Firudin Səlimov saxlanılıb. Bir neçə gün sonra onlar sərbəst buraxılıb.
Avqust
Milli Televiziya və Radio Şurası Azərbaycan telekanallarında sentyabrın 1-dən əcnəbi serialların yayımına icazə verilməsinə dair qərar qəbul edib.
“Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimov Fritta Orda (Norveç) və ZEİT, Ebelin və Gerd Buserius (Almaniya) Fondunun təsis etdiyi nüfuzlu “Azad Media” beynəlxalq mükafatının qalibi olub.
Sentyabr
Meydan TV də daxil olmaqla, 5 sayta Azərbaycanda girişin məhdudlaşdırılmasıyla bağlı üç il öncə başlanmış məhkəmə prosesi davam edib. İş üzrə Azərbaycandakı hər üç məhkəmə instansiyası keçilib, hüquq-müdafiə vasitələri tükənib, Avropa İnsan Haqqları Məhkəməsinə şikayətlər göndərilib. Meydan TV-nin şikayəti kommunikasiya mərhələsindədir. Bu şikayət üzrə arqumentlərini yazıb göndərmək üçün Azərbaycan hökumətinə sentyabrın 17-nədək vaxt verilib.
“Azadlıq” qəzetinin şikayəti üzrə isə artıq kommunikasiya mərhələsi yekunlaşıb, bir müddət sonra Avropa Məhkəməsinin qərarını elan etməsi gözlənilir. Azadlıq Radiosunun şikayəti də Avropa Məhkəməsinin icraatındadır.
Sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Ayna-Zerkalo” qəzetinin əməkdaşı “Rauf Mirqədirov Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Şikayət jurnalistin Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbs olunması ilə bağlı olub.
AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.
Qərara görə, Azərbaycan hökuməti Rauf Mirqədirova 20 min avro təzminat ödəməlidir.
Oktyabr
Oktyabrın 9-da Almaniyada mühacir həyatı yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstana buraxılmayıb. Jurnalist bildirib ki, ona mane olanlar Gürcüstan Hava Yolları şirkətinin və Gürcüstan konsulluğunun əməkdaşları olub.
Həmin şəxslər "Şenefeld" Hava Limanında Əfqan Muxtarlının önünü kəsib və bildiriblər ki, sənədlərində yanlışlıq var. Buna görə Gürcüstana uça bilməz.
Əfqan Muxtarlı deyib ki, 2017-ci ildə Tbilisidə oğurlanması ilə bağlı Gürcüstan prokurorluğunda ifadə verməli idi. Bununla bağlı əlində Gürcüstan Baş Prokurorluğunun dəvəti də olub.
Noyabr
Noyabrın 5-də Avropa İnsan Haqqları Məhkəməsi Azərbaycanla bağlı ("Həziyev və başqaları Azərbaycana qarşı") daha bir qərarını elan edib.
Jurnalist Seymur Həzi, Məğrub Bədəlli, Abdulla Yolbarsoy, Məmməd Əzizov və Murad Ədilov məhkəməyə müraciət edərək ayrı-ayrı vaxtlarda işgəncəyə məruz qalmaları ilə bağlı şikayət vermişdilər.
Məhkəmə hesab edib ki, 3 və 5-ci Ərizəçi Konvensiyanın 3-cü maddəsinin substantiv əsasları üzrə, bütün ərizəçilərin həmin maddənin prosedural əsası üzrə hüquqları, 2-ci ərizəçiyə münasibətdə Konvensiyanın 5.1-ci maddəsi pozulub.
Bu ay “Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanova hökm oxunub. Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib.
Dekabr
Jurnalist Şahvələd Çobanoğlunun (Namazovun) ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb. Jurnalistin deməsinə görə, Baş Prokurorluq 2014-cü ildən ölkədən çıxışına məhdudiyyət qoymuşdu.