Deputat Cavanşir Paşazadənin şəriki özünü təqsirli bilmir
“Barəmdə olan cinayət işi 5 cilddən ibarətdir. Həmin işdə olanlar şər-böhtandan ibarətdir”.
Bunu keçirilən məhkəmə prosesində “Medi Sina” klinikasının sahibi, Allahşükür Paşazadənin deputat qardaşı Cavanşir Paşazadənin şəriki olmuş Müğdət Həşimov deyib. O, 1 il 7 aydan çoxdur qanunsuz həsdə olduğunu söyləyib.
Aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.
Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Müğdət Həşimov son söz deyib.
O deyib ki, şantajla klinikanı boşaltmağı tələb ediblər: “Lakin 3 ay klinikanı boşaltmayıb, danışıqlar aparmışam ki, klinikanın fəaliyyətini bərpa etmək istəmişəm. Lakin Ramazan Zeynalov (Hacı Mazan) klinikanı boşaldacağını deyib, əks halda həbs etməklə məni hədləyib”.
Klinika sahibi qeyd edib ki, Ramazan Zeynalovun bu işdə zərərçəkmiş kimi tanınması absurddur. Bildirib ki, ona klinikadan avadanlıqların çıxararaq satması ittihamı verilib: “Ramazan Zeynalovun icazəsi olmadan oradan çöp belə götürmək olmaz. Necə olur ki, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyərək aparırıq, Mazan bunları görmür? Bizim orada rentgen aparatımız var. Məhkəmə qərarı var ki, oradan rentgen aparatını götürək, amma Ramazan Zeynalov məhkəmə qərarını icra etmir, rentgen aparatını götürməyə gedənləri qovur”.
Müğdət Həşimov qeyd edib ki, illərdir qurduğu biznesi idarə etmək əvəzinə hüquq-mühafizə orqanlarında sifarişli şikayətlərlə bağlı izahat verməyə məcbur olub: “Banditizmdə barəmdə şilayət olunub. Orada izahat verəndən sonra işin mülki iş olduğu müəyyən edilidi, şikayətin icraatına xitam verildi. Bundan sonra korrupsiya idarəsinə şikayət edildi. Ümid edirdim ki, burada da barəmdə olan şikayətə xitam veriləcək. Amma əksinə oldu, barəmdə qanunsuz cinayət işi başlandı”.
Müğdət Həşimovun sözlərinə görə, Ramazan Zeynalovun səhvini başa düşəcəyinə ümid edib: “Çünki banklara olan borcları ödəyib. Sonra Ramazan Zeynalov onu otağına çağırıb. Orada Ramazan Zeynalov əlini “Quran”a basdı ki, 11 günə işə başlayacam, bununla bağlı Cavanşir Paşazadə (Allahşükür Paşazadənin qardaşı, deputat) ilə danışdığını bildirib. Amma 11 gündən sonra həbs edildim”.
Müğdət Həşimov bildirib ki, klinikanın qanunsuz bağlanması ilə bağlı Cavanşir Paşazadəyə məktub göndərsə də, məktub açılmamış özünə qaytarılıb: “Həm məni, həm də biznesimi məhv etdilər. Klinikadan evinə çörək aparan 100-ə yaxın şəxsi işsiz qoydular. Ramazan Zeynalov dəfələrlə bəyan edib ki, klinikanı özü bağlayıb, səbəb isə avadanlıqların guya köhnə olmasıdır. Avadanlıqların köhnə olmasının Ramazan Zeynalova adiyyatı olmamalıdır. Çünki hımin klinikaya lisenziya almışam, klinikaya mebel almışam”.
O qeyd edib ki, müstəntiq ona əlavə ittihamın verildiyini bildirib: “Guya Ramazan Zeynalovun 70 min manatını ələ keçirmişəm. Bu işdə də günahım yoxdur”.
Müğdət Həşimov bildirib ki, klinikada bir xanım vəfat edib: “Həmin hadisə isə bizi üzmüşdü. Amma həmin ölüm işi ilə bağlı bizim heç bir günahımız yoxdur. Səbəb isə xəstənin yaxınlarının cərrahı özləri seçməli olub. Bizim klinikada yalnız əməliyyat otağı icarəyə verilib. Hadisə baş verəndən sonra mərhumun əri hüquq-mühafizə orqanlarına şikayət etdi. Bu da klinikanın nüfuzuna zərbə vurmuşdu”.
Müğdət Həşimov qeyd edib ki, dövlət ittihamçısı sifarişi icra edir: “Ramazan Zeynalov cəza istənilməmişdən əvvəl bir məclisdə deyib ki, prokuror Müğdət Həşimova 11 il cəza istəyəcək”.
Müğdət Həşimov bildirib ki, ona verilmiş vergidən yayınma ittihamı da qanunsuzdur.
Müğdət Həşimov çıxışının sonunda hakimlərdən barəsində bəraət hökmünün çıxaılmasını istəyib: “Əgər mənə bəraət verməyi bacarmayacaqsınızsa,o zaman ömürlük cəza təyin edin”.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan əvvəl keçirilən prosesdə prokuror Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Müğdət Həşimov iş adamı , Paşazadələrin yaxın adamı Ramazan Zeynalova qarşı 163 min manatlıq dələduzluq edib.
Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib. Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.
“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.
Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.
İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.