Mədət Quliyev: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb

”195 nəfər isə vətəndaşlıqdan çıxarılıb”

Source:

Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub.

Bu barədə açıqlama verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev onlardan 85 nəfərin hazırda həbsdə olduğunu deyib:

“195 nəfər isə vətəndaşlıqdan çıxarılıb” (APA).

DTX rəisi bildirib ki, müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıb, onlara qoşulublar.

General-leytenantın sözlərinə görə, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub:

“Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.

Ötən həftə məlum oldu ki, Bağdaddakı sığınacaqlardan birində 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaş məskunlaşıb. Onları RT telekanalının əməkdaşları tapıblar və videoya çəkiblər. Uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.

Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatlar qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işləyirlər.

DTX rəisi Mədət Quliyevin açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Zərdüşt Əlizadə hesab edir ki, İŞID-a yalnız Azərbaycandan deyil, Qərbi Avropa ölkələrindən də qoşulurlar:

“Məsələn, Almaniyadan, Fransadan, Böyük Britaniyadan. O cümlədən, Orta Asiyadan, Türkiyədən, Rusiyadan, hətta İrandan da qoşulurlar. İranda terror aktını da onlar törətdi. Ərəb ölkələrindən İŞID-a qoşulanlar isə məlumdur. Bu, qlobal təzahür olduğundan heç bir ölkə kənara qoyula bilməz”.

Zərdüşt Əlizadə

Z.Əlizadə İŞID-a qoşulanların ölkənin daxili siyasətinə təsir edəcəyini düşünmür:

“Terror xoşagəlməz şeydir, amma ümumi mənzərəyə təsir etməyəcək”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Mədət Quliyevin açıqladığı rəqəmlər dəqiqdir.

“Bu cür informasiyalar daha çox xüsusi xidmət orqanının rəhbərinə və ölkə başçısına məlum olur”.

İlham İsmayıl deyir ki, azərbaycanlıların İŞID-a qoşulma prosesi 2011-12-ci illəri əhatə edir:

İlham İsmayıl
İlham İsmayıl

“İlkin dövrdə vəziyyət fərqli idi, şiə, sünni məzhəbinə baxmadan guya islam dəyərlərini qorumaq iddiası ilə Suriyaya və İraqa axışırdılar. Yəni proses “ərəb baharı”ndan sonra start götürdü. İkinci amil odur ki, o dövrdə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi (MTN) bu məsələ ilə ciddi məşğul olmurdu. Əksinə, ora gedənlərdən rüşvət alıb adlarını gizlədirdilər. Ona görə Azərbaycan kimi ölkədən 900 nəfərin İŞID-a qoşulması çox böyük rəqəmdir. Düzdür, onlar vətəni tərk edəndə terror törətməyi yox, islamı xilas iddiasını üzərlərinə götürmüşdülər. Uzun müddət bu proses ləğv olunmuş MTN-nin nəzarətindən kənar olub. Əksəriyyət Azərbaycanın şimal rayonlarında və Sumqayıtda radikal dindarların güclü şəbəkəsinin olduğunu bilirdi, onların hətta avtobusla Suriyaya adam göndərdikləri də məlum idi. Ölənlərin sayının 300 nəfər olduğu da şübhə doğurmur, çünki Azərbaycan tərəfi Türkiyə hökuməti ilə bu məsələdə informasiya əməkdaşlığı edir. Amma 900 nəfərin içində ailəli olanları da nəzərə almaq vacibdir, həmin qadınların terror aksiyalarında iştirak etməsi müəyyələşməsə belə. Təbii ki, onların filtrasiyadan keçməsi lazımdır”.

İlham İsmayıl bildirib ki, İŞID-ın məğlubiyyətindən sonra həmin ölkələrə gedən azərbaycanlıların hamısı olmasa da, geri qayıdanları olacaq. DTX rəsmisinin həmin ölkələrdə olması, əməliyyat şəraitinə nəzarət edildiyini ortaya qoyur.

Ana səhifəXəbərlərMədət Quliyev: İŞİD-ə qoşulan 300-ə yaxın azərbaycanlı döyüşlərdə ölüb