İlham İsmayıl: İdarəetmə sistemində yaranan haqsızlıq, ədalətsizlik, işsizlik istər-istəməz insanlarda dinə meylliliyi artırır
“Dini radikalizmə meyillərin artması ilə bağlı bəzi neqativ hallar baş verir. Təəssüf ki, əksəriyyəti gənclər olan 900-ə yaxın Azərbaycan vətəndaşı terrorçu təşkilatçılara qoşulub. Onların bəziləri öldürülüb, bəziləri də Azərbaycan qanunvericiliyi ilə cəzalandırılıb. Son 1 ildə 54 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib”.
Bu sözləri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
“Report”-un sözlərinə görə, “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransda çıxış edən DTX sədri deyib ki, dini ekstremizm və radikallaşma üzərində qələbənin əsas istiqamətlərindən biri də maariflənmədir: “Dinin həqiqi mənası terrorçulular tərəfindən təhrif edilir, bundan şüar kimi istifadə edilir. Bu baxımdan, ölkəmiz son illər mühüm işlər görülür. Bunun özü də göstərir ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da qüdrətlənəcək”.
Mədəd Quliyevin açıqlamasını Meydan TV-yə şərh edən sabiq MTN zabiti İlham İsmayıl səslənən rəqəmin inandırıcı sayda da, “bu, hələ məlum olanlardır” deyə bildirib.
Onun sözlərinə görə, 900 nəfər az deyil və bu artımı ölkənin idarəetməsində axtarmaq lazımdır:
“Təkcə müsəlman olduğumuza görə onların sayı artmır. İdarəetmə sistemində yaranan haqsızlıq, ədalətsizlik, işsizlik istər-istəməz insanlarda, xüsusən gənclərdə dinə meylliliyi artırır. Gənclər mövcud ağırlığa dözə bilməyib dini təbliğatın təsirinə tez düşüb özlərini qəhrəman kimi hiss edirlər. Problem ondadır ki, gənclər öz ehtiraslarını bir istiqamətə yönəltmək istəyəndə onların qarşısına işsizlik çıxır və dini ideyalar beyinlərinə daxil olduğu üçün məhz terror təşkilatlarına qoşuşurlar. Elə bilirlər ki, cənnətə düşəcəklər. Sadəcə, Azərbaycanda nə dini maarifləndirmə, nə gənclərin işlə təminatı var və əlavə olaraq ədalətsizlik, haqsızlıq tüğyan edir. Ən vacib məqam haqsızlıq və ədalətsizlikdir ki, insanları dinə meylləndirir, bununla onlar Allahda, dində çarə axtarırlar. Səudiyyə Ərəbistanı, İran kimi maliyyə imkanları güclü olan dövlətlər bundan öz maraqları naminə istifadə edirlər”.
İlham İsmayıl bildirib ki, yalnız dini amillər gəncləri cəlb etmir. Pulsuzluq önəmli təsir göstərir, pulun adını eşidəndə adamlar ölümü artıq gözünün altına almır. Düşünür ki, gedib terrorçulara qoşulub yaxşı pul qazanacaq və ailəsinə də göndərəcək. Ümumilikdə sosial ədalətsizlikdən doğan nəticədir.
Bu sayda gəncin terrorçulara qoşulmasının fəsadlarına gəlincə, İlham İsmayıl deyib ki, iqtisadi böhranın yaratdığı gərginlik hakimiyyət uğrunda mübarizənin önünə radikal dindarları çıxarda bilər. Radikal dindar isə silahla ayağa qalxır və bu, vətəndaş müharibəsi təhlükəsi doğurar. Konkret olaraq, Suriyadakı durumu xatırlayın, bir tərəfdə sivil müxalifət, digər tərəfdə radikal dindarlar, bura əlavə olunur xarici ölkələrin təsirləri və yerli hakimiyyət. Elə bir qarışıqlıq yaranar ki, ölkə bərbad günə düşər. Ona görə dindarı tərkisilah etməklə yanaşı onu doğuran səbəbləri də tərksilah etmək lazımdır.