Saytın rəhbəri İmran Əliyev ittihamları rədd edir
“Meclis.info” işi üzrə ibtidai istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Bu barədə Meydan TV-yə İmran Əliyevin yaxınları məlumat verib. Həmin işdə digər təqsirləndirilən şəxs Elgiz Qəhrəman isə polis nəzarətinə verilib.
“Meclis.info” saytının rəhbəri İmran Əliyev isə 2024-cü ildə aprelin 18-də Heydər Əliyev Beynəlxalq Hava Limanında həbs olunub. Əliyev Cinayət Məcəlləsinin 206.3.1-ci (qaçaqmalçılıq – təkrar törədildikdə) və 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Son olaraq Xətai Rayon Məhkəməsinin qərarı ilə İmran Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 19 may 2025-ci ilədək uzadılıb.
“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var.