“Komfort” MTK-nın sakinlərinin yarısı təbii qaz üzünə həsrət qalıb. Bina faktiki olaraq iki hissəyə bölünüb, sakinlərin yarısı təbii qazdan istifadə etsə də, digər yarısı qaz balonlarının ümidinə qalıb. Bina sakinləri deyir ki, onları bura şəhərin mərkəzi- Dövlət Statistika Komitəsinin yaxınlığındakı həyət evlərindən köçürülüblər. Sakinlərin sözlərinə görə, yaşadıqları evlər əvvəllər qeyri-yaşayış sahəsi olub. Ancaq sonradan onlara kupça verərək, bu evlərə köçürüblər.
Komfort MTK-nın sədr əvəzi Abbas Bədirov deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında 2016-cı ildə 29 mənzil yaşayış sahəsinə əlavə olunub. O, şirkətin “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdiyini bildirir.
“Azəriqaz”ın mətbuat xidməti isə deyilənləri təkzib edir. Bildirir ki, əlavə olunan mənzillər yaşayış sahəsi kimi layihədə göstərilibsə, təbii qazın verilişində problem ola bilməz.
“Komfort”MTK-da yaşayanlarsa bu iki qurumun arasında qalıb. Onlar yaxınlaşan qışın soyuğunu indidən canlarında hiss edirlər.