Məcburi köçkünlərin sığındığı bina yanıb

Vaxtilə gecə sanatoriyası olmuş, hazırda məcburi köçkünlərin məskunlaşdığı binada qısaqapanmadan yanğın başlayıb və 15 ev yararsız vəziyyətə düşüb. Binəqədi rayonu, Rəsulzadə küçəsindəki bu binada hadisə noyabrın 13-də səhər saatlarında baş verib. Yataqxanada ümumilikdə 103 ailə məskunlaşıb. Dünəndən bəri ailələr Binəqədi Rayon İcra Hakimiyyətinin təşkil etdiyi çadırlara sığınıblar. Oğlu onkoloji xəstə olan Elmira Quliyeva deyir ki, həmin gün onlara evdən çıxmaq üçün qonşular yardım edib.

Sakinlər deyir ki, dünən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev onlara yanvar ayında yeni məzillərə köçürüləcəklərini vəd edib. İndi nümayəndələrdən isə başqa sözlər eşidirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən zənglərimizə cavab verən olmadı. Komitənin Təşkilat, Nəzarət və Analtika şöbəsinin müdiri Namiq Kərimov mətbuata açıqlamasında bildirib ki, ailələr müvəqqəti olaraq kirayəyə çıxarılacaq. Buna görə də hər ailəyə 300 manat pul yardımı edilib. Onun sözlərinə görə, yanvarda 103 ailə Kürdəxanıda məcburi köçkünlər üçün tikilən yaşayış yerlərinə köçürüləcək. Yanğına görə kompensasiyaya gəldikdə, Namiq Kərimov deyib ki, bu məsələ aidiyyatı qurumlarla araşdırılır və yəqin ki, ödəniləcək.

Ana səhifəVideoMəcburi köçkünlərin sığındığı bina yanıb