Fevralın 18-də Qazax rayonunda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər. Bu barədə Meydan TV-yə köçkünlərdən biri məlumat verib. Onların sözlərinə görə, aksiyaya səbəb məcburi köçkünlərə artıq yazılan su puludur. Sakinlər “Azərsu”-dan onlara gələn qəbzlərdə qiymətlərin şişirdilməsindən şikayət edirlər.
Qəsəbə sakini Əziz Həsənov deyir ki, prezidentin sərəncamından sonra sayğaclar sıfırlanmağa başlandı: “”Azərsu” işçiləri də bizim xəbərimiz olmadan sayğacların üstünü yazıb gediblər. İndi də bizə 50-60 manat borc gəlib. Guya biz 1 aya o qədər su işlətmişik”.
Hadisə yerinə yerli icra hakimiyyətinin nümayəndələri və “Azərsu” Qazax Sukanal İdarəsinin işçiləri gəliblər. Etirazçıları sakitləşdirməyə çalışan rəsmilərin məcburi köçkünlərin şikayətlərini dinləyiblər.
“Kommunal qiymətlər bahalaşıb. Belə bir vaxtda işıq və qaz pulunu ödəyə bilməyəcəyik. Erməni kilsələrinə qazı pulsuz verirsiniz, məcburi köçkünlərə onu pulla satmaq nə qədər doğrudur”, – narazı məcburi köçkünlər deyiblər.
Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb. Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək. Bu son günlər məcburi köçkünlərin etirazları ilə qarşılanıb. Fevralın 14-də isə prezident 23 yanvar tarixli fərmanına dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, yataqxana, müalicə pansionatı və bu tipli binalarda məskunlaşan köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək. Onlar yenə əvvəlki qaydada 20 manat çörəkpulu alacaqlar.