Gülnarə Muxtarova 29 məcburi köçkünü aldadmaqda günahlandırılır
Mayın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində məcburi köçkünlərə qarşı dələduzluq edən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Meydan TV-nin məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmədə G.Muxtarovaya son söz verilib. O, əməlindən peşman olduğunu və vicdan əzabı çəkdiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən G.Muxtarova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə məlum olub ki, iş üzrə zərəçəkmiş şəxslərin sayı 29 nəfərdir. G.Muxtarova onlara ümumilikdə 181 min manat zərər vurub. Zərərçəkmiş şəxslərin hamısı məcburi köçkünlərdir.
Onlar məcburi köçkünlər üçün tikilən binadan mənzil almaq üçün G.Muxtarovaya pul veriblər. Bunun qarşılığında G.Muxtarova onlara tez ev almalarına kömək edəcəkmiş.
Gülnarə Muxtarova ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdı.
G.Muxtarova aldatdığı şəxslərə Qaradağ rayonu “Ümid” qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini vəd edib.
O, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb.