Milli Məclisdə “Qarabağa Azadlıq” mitinqi tənqid edildi
“Ən acınacaqlı məsələ ondan ibarətdir ki, 1 milyondan artıq qaçqınlarımıza mənəvi terror edilir, “siz niyə gəlmirsiniz”, “siz niyə mitinqə çıxmırsınız, – deyirlər. Qarabağda “mənim, sənin” məsələsi ola bilməz. O insanlar vaxtilə əzab-əziyyətlər çəkən 1 milyondan artıq insanı təhdid etməklə nəyə xidmət edirlər?”
Bunu Milli Məclisin plenar iclasında deput Siyavuş Novruzov deyib. O, ötən həftə Qarabağ İctimai Komitəsinin “Məhsul” stadionunda keçirdiyi “Qarbağa Azadlıq” mitinqinin təşkilaçılarını tənqid edib: “Son dövrlərdə bir qrup insan “Qarabağ mitinqi” adı altında müxtəlif kütləvi aksiyalar keçirir. Qarabağla heç bir bağlılığı olmayan insanların bu məsələni ortaya atması, erməni dəyirmanına su tökməklə yanaşı, cəmiyyətdə çaşqınlığa xidmət edir”.
Dağlıq Qarabağla bağlı məsələnin hər zaman diqqətdə saxlanıldığını deyən deputat qeyd edib ki, Azərbaycan prezidenti bu istiqamətdə işlər görür və ən kəskin münasibət də onun tərəfindən verilir:
“Azərbaycan bütün danışıqlarda, ordunun gücləndirilməsində bu məsələyə hazırlığını sübut edir və ortaya qoyub. Bu il ölkədə keçirilən iki hərbi parad buna nümunədir. Azərbaycan sülh tərəfdarı olduğunu bildirib. Əks təqdirdə, hərbi yola əl atacağını hər zaman açıqlayıb. Lakin bundan sui-istifadə edənlər, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərə çağırış edərək, onları mənəvi terrorla üz-üzə qoyurlar”.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi hər hansı futbol meydançasında keçirilən mitinqlə həll olunan məsələ deyil və mitinq keçirən şəxslər Dağlıq Qarabağ adı altında insanların hisləri ilə oynayırlar”.
Məsələ ilə bağlı çıxış edən deputatı Bəxtiyar Əliyev deyib ki, vaxtilə parlamentdə Dağlıq Qarabağla bağlı təklif olunan 3 layihə müzakirə edilən zaman siyasi partiyaların bəziləri iştirak etməyib: “Amma bu gün onların ayrı-ayrı yerlərdən səsləri gəlir. Nə üçün o zaman gəlmədilər, amma indi nələrsə danışırlar?”
Deputat vurğulayıb ki, Azərbaycan öz torpaqlarını sülh yolu ilə azad etmək istəyir, ancaq bu olmasa, əlbəttə ki, torpaqlarımız hərb yolu ilə azad ediləcək”.
Deputat Fəzail Ağamalı isə mitinqi “avantürist bir mitinq” adlandırıb.