Məcburi köçkün: İlham Əliyev, mənə sığınacaq ver, küçələrdə qalmışam

Oğlum evini satıb getdi, qaldım ortalıqda…

Source: meydan.tv


75 yaşlı məcburi köçkün küçədə qalmaq təhlükəsiylə üz-üzə…

“Ötən ay Sumqayıtdakı 14 ailə təzə mənzilə köçürüldü. Bir otaqdan ötrü 7 ildən çoxdur ki, döymədiyim qapı qalmayıb. Ancaq yenə də nə yaşımı, nə tək, köməksiz olduğumu nəzərə alan olmadı. Yenə kənarda qaldım. Neçə ildir ki, üzümə üz bağlayıb onun-bunun evində yaşayıram. Artıq qohumlar da məni evlərində saxlamaqdan bezib. Ümidim dövlətədir, bir sığınacaq versin, ömrümün sonlarını küçələrdə gecələməyim”.


“Oğlum evini satıb getdi, qaldım ortalıqda…”

75 yaşlı Rəfiqə Quliyeva Laçın köçkünüdür. Meydan TV-yə danışır ki, yaşamağa yeri yoxdur, soyuq qışı qohumlarının evində keçirməli olub. Ancaq artıq qohumlarına yük olmaq istəmir. İstədiyi kiçik bir otaqdır ki, həyatının qalan hissəsini orada keçirsin.

Rəfiqə xanımın deməsinə görə, 1992-ci ildə yaşadığı Laçın rayonundan məcburi köçkün düşdükdən sonra oğlunun evində yaşayıb. Ancaq 7 il əvvəl oğlu evini sataraq işləmək üçün Rusiyaya köçüb. Rəfiqə xanım bir müddət qızlarının evində yaşayıb:

“Qızlarımın evində də çox qala bilmirəm. O ev də necə olsa, yad oğlunundur. Bəs mən neyləməliyəm, hara getməliyəm? Köçkün kimi heç vaxt müvəqqəti yaşayış yeri ilə təmin olunmamışıq. Neyləmişiksə, öz hesabımıza eləmişik, dövlətin yaxasından yapışmamışıq ki, gəl, bu problemimi həll elə… İndi vəziyyət başqadır, getməyə yerim yoxdur, bu yaşdan sonra küçədə qalacam”.


Ahıl yaşda tək, xəstə, həm də evsiz…

Rəfiqə xanım deyir, onsuz da bir neçə xəstəlikdən əziyyət çəkir. Düşdüyü durum onun həyatına ikkqat zərbədir. Evə görə dəfələrlə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Sumqayit Şəhər İcra Hakimiyyətinə müraciət edib:

“75 yaşım var, yəni 75 ildir bu ölkənin vətəndaşıyam, ancaq 10 ilə yaxındır ki, bir daxmaya yaşayış qeydiyyatım yoxdur. Həyatım başdan-ayağa köçkünlüklə keçdi. Heç olmasa ömrümün sonuna yaxın ürəyim sevinsin. Mənə vətəndaş kimi zamin duran prezidentim bir otaq versin, o otağa qeydiyyata alsın, sabah öləndə də öz otağımdan çıxım. İnsan öz ölkəsində necə qeydiyyatsız qala bilər? Deyirlər, gəl, səni Laçin Polis Şöbəsinin yerləşdiyi ünvana qeydiyyata salaq, deyirəm, niyə? Özünüz polisdə qeydiyyatdasız? Köçkünün adıyla milyonlar qazanıb villalarda yaşayırsız, köçkünə bir otaq qıymırsız…”


“Qaçqınkom deyir, get, yataqxanada otaq tap, gir yaşa…”

Rəfiqə xanım deyir, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Sumqayıt nümayəndəliyində ona məsləhət görülüb ki, özü bir yataqxana tapıb orada otaq tutsun, qeydiyyata düşsün, köçkünlər üçün tikilən evlərdən ona da verilsin:

“75 yaşında adama deyir, get, bir yataqxana tap, otaq tap, gir içinə, qeydiyyata düş, mən sənə ev verim … Əvvəla, indi nə boş yataqxana qalıb, nə də boş otaq… Bunların sözündən belə çıxır ki, mən güdməliyəm, biri otağından çıxan kimi qapısını sındırıb girməliyəm otağına, çıxmamalıyam… Dövlət vətəndaşın, köçkünün problemini belə həll etməməlidir. Hər il köçkünlərə görə büdcədən ayırdıqları puldan mənim kimi köçkünə ev tikilir, sonra da 4-5 yerdə evi olan, evlərini kirayələrə verən köçkünlərə pulla satılır. Bax, o satılanlardan biri mənim evimdir, dövlət evimi mənə versin”.


“Nümayəndəliyə yaxınlaşsın, araşdıraq”

Qaçqın və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt nümayəndəliyindən bildirilib ki, bu ilin fevralında Sumqayıtdakı 14 köçkün ailəsi Abşeron Yaşayış Kompleksində mənzillərlə təmin olunub. Bunlar əsasən, inzibati binalarda, yarımtikililərdə məskunlaşmış ailələr olub. Rəfiqə Quliyevaya gəlincə, nümayəndəlik köçkünün taleyini araşdırmağa hazırdır: “Dövlət köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məsələsində əsas diqqəti yarımtikililərdə, inzibati binalarda, şəraitsiz məkanlarda, qəzalı yataqxanalarda məskunlaşmış köçkünlərə yönəldir. Maraqlıdır ki, bu köçkünün heç yerə qeydiyyatı yoxdursa, məcburi köçkün kimi güzəştlərdən, çörəkpulu, yaxud pensiya hüquqlarından necə faydalanır? Hər halda, yaxınlaşsın, araşdıraq”.

Hüquqşünas Namizəd Səfərov deyir, Rəfiqə Quliyevanın yaşayış qeydiyyatı olmasa da, “Qaçqınkom”da məcburi köçkün kimi qeydiyyatdadır, qanunvericiliyə uyğun olaraq, dövlət köçkünü yaşayış yeri ilə təmin etməlidir.

Ana səhifəXəbərlərMəcburi köçkün: İlham Əliyev, mənə sığınacaq ver, küçələrdə qalmışam