Mirzəxan Əhmədov Laçından məcburi köçkün düşüb. Vaqonun üzərini daşlarla qoruyur, amma yağışlı havalarda evləri su içində olur.
Mirzəxan Əhmədov məmurlara qəzəblidir. İllərdir mənzil almaq üçün “Qaçqınkom”un qapısını döysə də, ona növbə çatmayıb.
Ölkə başçısının qərarı ilə məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillər şəhid ailələrinə veriləcək. Onlar üçün evlər yalnız azad edilmiş torpaqlarda tikiləcək.
Yəni vaqonda yaşayan Mirzəxan Əhmədov kimi 30 ilə yaxındır yataqxanalarda məskunlaşıb mənzil gözləyən ailələr yenə gözləməli olacaqlar. Ta ki, dogma torpaqlarında yaşayış üçün şərait qurulana qədər.
İnsan haqları üzrə ixtisaslaşan hüquqşünas Səməd Rəhimli deyir ki, köçkünlər torpaqlara könüllü şəkildə dönməlidirlər. Həmçinin onlara keçid vaxtı verilməlidir.
Eyni zamanda Səməd Rəhimli bildirir ki, qayıtmaq istəməyən köçkünlərin də azad edilmiş torpaqlardakı mülkiyyət hüququ qorunmalıdır.
Dövlət başçısı İlham Əliyev köçkünlər arasında torpaqlara qayıdışla bağlı sorğular keçirilməsini tapşırıb.
Mənzil şanslarını itirən köçkünlər üçün indi dogma torpaqlara qayıdacaqları günü gözləmək qalır.