”Lapşin Qarabağa gedərək, mənim doğma yurdumu müstəqil erməni dövləti kimi təqdim edib”
İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahid qismində Eyyub Əbdüləzimov ifadə verib.
O, Şuşadan məcburi köçkün olduğunu, A. Lapşini məqalələrinə görə mətbuatdan tanıdığını deyib:
“Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdu. Lapşin isə Qarabağa gedərək, mənim doğma yurdumu müstəqil erməni dövləti kimi təqdim edib. Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır. Ermənilər Şuşada mənim mülkümü işğal edib. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm”.
Daha sonra digər şahid Fəxrəddin Səfərov ifadə verib. O da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. Şahid qeyd edib ki, A. Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: “Mənim babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mən mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir”.
Hakim bildirib ki, şahidlər siyahısında onun anasının da adı var və əgər istəsə şahid kimi ifadə verə bilər. Hakim deyib ki, o və digər şahidlər növbəti iclasda ifadə verəcək.
Meydan.TV-nin əldə etdiyi məlumata görə, İsrail səfirliyinin nümayəndələri Lapşinlə görüşmək istəyirlər və bununla bağlı məhkəməyə müraciət daxil olub.
İclasa iyulun 6-da davam edəcək.
Bir neçə dövlətin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilir.
O, 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib.