Məcburi əsgərliyə aparılan NİDA üzvünün məhkəməsi olub

Vəkil: ”Hakim işə mahiyyəti üzrə baxa bilməyəcəyini dedi”

Source:


Vəkil: ”Hakim işə mahiyyəti üzrə baxa bilməyəcəyini dedi”

Noyabrın 3-də Bakı Hərbi Məhkəməsi NİDA üzvü Ülvi Həsənlinin şikayətinə baxıb.

Prosesə hakim Siyavuş Hacıyev sədrlik edib.

Meydan TV-yə danışan vəkil Zibeydə Sadıqova deyib ki, Ülvi Həsənli oktyabrın 27-də qanunsuz tutularaq zorla hərbi xidmətə aparılıb. Baxmayaraq ki, səhhətində olan ciddi problemlərdən dolayı ona 2 illik möhlət verilmişdi.

“Proses 11:30-a təyin olunsa da, Ülvi Həsənlinin gətirilməməsini səbəb göstərərək saat 16-ya qədər təxirə saldılar. Məhkəmədə vəsatət qaldırdım ki, həkimlər dindirilsin, sənədlər məhkəməyə təqdim olunsun, ekspertiza keçirilsin. Hakim işə mahiyyəti üzrə baxa bilməyəcəyini, prokurorluğa müraciət etməyimi tövsiyə etdi”.

NİDA Vətəndaş Hərəkatının üzvü

Ülvi Həsənli

oktyabrın 26-da hərbi polis tərəfindən saxlanılıb. O, məcburi şəkildə hərbi xidmətə aparılıb.

Bu barədə Meydan TV-yə Ülvi Həsənli özü məlumat verib.

Bildirib ki, oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi onu saxlayaraq, məcburi şəkildə Səfərbərlik Xidmətinə aparıb:

“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, – dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Vəkil Elçin Sadıqov deyir ki, Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ var. Buna baxmayaraq, onun qanunsuz hərbi xidmətə aparılması son zamanlar NİDA-nın tədbirlərində fəal iştirakına görədir.

Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

NİDA Vətəndaş Hərəkatı isə 2011-ci ilin fevralında, Bakıda bir qrup gənc fəal tərəfindən yaradılıb. Hərəkatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

Ana səhifəXəbərlərMəcburi əsgərliyə aparılan NİDA üzvünün məhkəməsi olub