Sülhəddin Əkbər: “Putin məğlubiyyətini görür və dərk edir”
Rusiya Prezidenti Vladmir Putin mayın 16-da MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusunun verilməsini təklif edib.
Bu barədə V.Putin KTMT-nin Kremldə keçirilən sammitində bildirib.
Kreml rəhbərinin MDB-yə indiki situasiyada KTMT-da müşahidəçi statusunun verilməsi sosial mediada müzakirələrə səbəb olub.
Amma Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər hesab edir ki, bu məsələyə xüsusi əhəmiyyət vermək lazım deyil:
“Yeni dünya nizamının qurulduğu, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir vaxtda strateji təşəbbüsü əldən verən Putinin MDB kimi geopolitik anlamı olmayan qurumdan yapışması perspektivli görünmür”.
Sülhəddin Əkbər deyir ki, Rusiya Prezidenti mövcud geopolitik savaşda uduzduğunu, strateji tələyə düşdüyünü anlayır:
“Putin bu proseslərin tamamilə əks istiqamətdə getdiyini görür. Ona görə də Rusiya ictimaiyyətinin diqqətini tamamilə başqa istiqamətə yönləndirməyə çalışır. Guya hər şey qaydasındadır və hələ Rusiyanı irəlidə perspektivli inkişaf gözləyir”.
ADP sədri bildirib ki, bir zamanlar Putin Rusiya ictimaiyyətinə neoimperialist vədlər vermişdi:
“Bu il SSRİ-nin yaradılmasının 100 illiyidir və Kreml rəhbəri imperiyanı yeni şəraitdə və yeni şərtlərlə bərpa etməyə hazırlaşırdı. Plan qurmuşdu və bütün kollektiv Qərbə də ötən ilin dekabrında ultimatum göndərmişdi. İndi isə proseslər tam tərsinə inkişaf edir, Ukraynada nəinki strateji təşəbbüsü əldən verdiyini və məğlubiyyətə düçar olduğunu görür, əslində, hərbi məğlubiyyətini də dərk edir. Təsəvvür edin ki, Lend-Liz işə düşməmiş, ciddi hərbi və digər yardımlar Ukraynaya çatmamış, Kiyev 4 vilayətini işğaldan azad edib. İyunun sonunda Lend-Liz işə düşəndən sonra proseslərin hansı istiqamətdə gedəcəyini proqnozaşdırmaq çətin deyil”.
S.Əkbər V.Putinin NATO-nun 1997-ci il sərhədlərinə qayıtmaq ultimatumunu yada salaraq deyir ki, son bir həftədə 2 ölkə, İsveç və Finlandiya da hərbi-siyasi alyansa üzv olduqlarını açıqladılar:
“Təxminən NATO ilə Rusiyanın 1300 kilometrlik birbaşa sərhədi yaranır. Bu sərhədlər də Murmanskı və Şimali Dvinskini əhatə edir. Həmin ərazilərdə Moskvanın hərbi cəhətdən güvəndiyi şimal donanması və sualtı qayıqları yerləşir və imperiyanın birinci paytaxtı Sank-Peterburq da NATO ilə sərhəddə olacaq. Yəni Putin bunları görür və çıxılmaz vəziyyətdədir. Ona görə Finlandiya və İsveçin NATO-ya üzv olması barədə açıqlaması da hər şeyi ortaya qoyur”.
Müstəqil Dövlətlər Birliyi 1991-ci ilin dekabrında Rusiya, Ukrayna, Belarusiya tərəfindən yaradılıb.
1991-ci ilin dekabrın 21-də Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.
Azərbaycan parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.
1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun hərbi təcavüzündən sonra qurumdan çıxdı. Ukrayna isə 2014-cü ilin mart ayında Rusiya ordusunun Krıma daxil olmasından üzvlükdən çıxdı.
Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır.
1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar.
Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi.
2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu.
Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi.