Nemət Əliyev: ”Həm alış, həm də satış qiymətləri Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən yuxarı olur”
“Valyuta bazarının tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) deyil, Azərbaycan Mərkəzi Bankının (AMB) mandatında olan sahədir. Valyutaya olan tələb-təklif AMB tərəfindən tənzimlənir”.
Palatadan APA-nın sorğusuna cavab olaraq belə bildirilib. MBNP-dan deyilib ki, Palata yalnız bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna riayət olunmasına nəzarət edir: “Yəni, banklar Mərkəzi Bankın müəyyənləşdirdiyi rəsmi məzənnədən 4 % ucuz ala, və ya 4 % baha sata bilərlər. Banklar bu faiz koridorundan az və ya yüksək qiymət müəyyənləşdirə bilməz. Bu günə qədər bankların bu qaydanı pozması halları qeydə alınmayıb və bu barədə siqnal yoxdur”.
Palatadan hazırda bazarda valyutaya olan tələbatın təklifdən bir neçə dəfə çox olduğunu təsdiqləyiblər. “Biz bunu gözləyirdik, çünki yayın bitməsi və payızın gəlməsi ilə iqtisadi aktivlik artır və bir çox şirkətlərin xaricdəki tərəfdaşlarına ödəmələrin vaxtına təsadüf edir”, – deyə MNBP-dan bildirilib.
Dolların “qara bazar”da alış-satışına gəlincə, Palatadan bildirilib ki, bu, qeyri-qanuni fəaliyyətdir və bununla hüquq mühafizə orqanları mübarizə aparır: “Bizdə bu barədə məlumat olduqda biz hüquq mühafizə orqanları ilə paylaşırıq və onlar lazımi tədbirləri görürlər. Palata hüquq-mühafizə orqanı deyil. Biz yalnız lisenziya verdiyimiz qurumlara nəzarət edirik və bizim nəzarət etdiyimiz strukturlarda qanunun pozulması faktları qeydə alınmayıb və bu barədə siqnallar yoxdur”.
Palatanın açıqlamasını Meydan TV-yə şərh edən iqtisadçı Nemət Əliyev bildirib ki, 4%- lik marja koridoruna MBNP yaradılmamışdan əvvəl banklar tərəfindən daha çox əməl olunurdu, nəinki indi: “Xüsusən də, son bir ayda valyuta dəyişmək məqsədilə yolunu banklara salanlar buna əmin ola bilərlər. Həm alış, həm də satış qiymətləri bir qayda olaraq Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnədən yuxarı olur. Deməli, “4 % ucuz”, “4 % baha” qaydasına bu gün faktiki olaraq əməl olunmur. Yəni, MBNP-nın tətbiq etdiyi nəzarət mexanizmi bu “koridorda”, ən azı son günlər keçərli olmayıb. Valyuta hərraclarında real tələb-təklif o dərəcədə fərqlidir ki, faktiki olaraq, Mərkəzi Bankın ictimaiyyətə ötürdüyü məzənnə, hətta banklar üçün də ciddiyə alınmır. Belə şəraitdə yüngülvari gərginlik fonunda marja koridorunun işə yaramaması da təbiidir”.
N.Əliyev deyib ki, payızın gəlişi ilə valyutaya olan tələbatın artması arasında əlaqə axtarmaq, elə də ciddi yanaşma deyil: “Baxmayaraq ki, konkret fiziki və ya hüquqi şəxslərə münasibətdə müəyyən istisnalar ola bilər. Bütövlükdə “fəsil” məsələsi kənd təsərrüfatından fərqli olaraq, burada keçərli deyil. Hətta, əgər belədirsə, o zaman gərək Mərkəzi Bank valyutaya tələbatın artmasının bu “obyektiv” tərəfini nəzərə alıb valyutaya tələbatı tam şəkildə ödəsin və MBNP da bu istiqamətdə öz töhvəsini vermək üçün xüsusi təşəbbüslərə baş vursun. Əks halda, MB-nın təşkil etdiyi hərraclarda 600 milyon dollarlıq tələbin 50 milyon dollarlıq hissəsini, yəni 8-10%-ini ödəməyin daxili bazarlarda hansı fəsadlara səbəb ola biləcəyini anlamaq çətin olmamalıdır. Bunun illərlə yaranmış partnyorluq münasibətlərinə hansı zərbələri vura biləcəyini də təsəvvür etmək xüsusi istedad tələb etməməlidir”.
Ekspert hesab edir ki, xarici valyutaya tələbatın son dərəcə artmasının əsas səbəbi manata olan inamın günbəgün daha çox itməsi, hər an növbəti devalvasiyanın ola biləcəyinə dair gözləntilərin sürətlə artması və əlverişsiz iqtisadi şəraitdir: “Son ay yarım, iki ayda manatın 8%-dən çox dəyər itirməsi və hər ötən gündə bu prosesin daha da sürətlənməsi, doğrusu, ictimaiyyətin belə gözləntiyə köklənməkdə tam haqlı olduğunu göstərdi. Bu prosesdə nisbətən daha çox həssas və məlumatlı olan banklar, böyük pullar qazandıqlarına görə lokomotiv rolunu oynayırlar. May, iyun, iyul aylarında DNF-nın dövlət büdcəsi qarşısında öz qanuni öhdəliklərini yerinə yetirməməsi bu dağıdıcı prosesə xüsusi təkan verib. Kapital yatırımı istiqamətində fəaliyyəti yerli investorlarımız 70%-ə qədər, xarici investorlar isə 20 %-ə qədər zəiflədiblər. Bunun əsas səbəbi əlverişsiz iqtisadi şəraitdir. Bu şərait kapitalın xaricə axınını sürətləndirib. İnvestorlar maliyyə vəsaitlərini xaricə yönəltmək üçün hər an məqam axtarırlar. Belə məqam düşən kimi dərhal istifadə edirlər ki, bu da valyutaya tələbatın artmasına böyük təsir göstərir”.
N.Əliyevin qənaətinə görə, dolların “qara bazar” dövriyyəsi Mərkəzi Bankın 21 fevral 2015-ci il tarixli devalvasiya qərarından sonra sürətlə böyüyüb: “21 dekabr” tarixli devalvasiya qərarı isə bu dövriyyəni daha da artırıb. Hüquq-mühafizə orqanları bu prosesi müəyyən qədər səngidə bilsələr də, bütöv prosesi durdura bilməzlər. Xüsusən də, manatın hər gün dəyər itirməsi fonunda bu işin öhdəsindən gəlmək çox çətindir. Bunun üçün normal iqtisadi mexanizmlər işə salınmalıdır. Qiymət sabitliyi yaradılmalı, azərbaycansayağı devalvasiya durdurulmalıdır. Valyuta bazarlarının sərbəst və normal fəalliyyəti təmin olunmalıdır. Ölkəyə valyuta axını sürətlənməli, əlverişli iqtisadi şərait olmalıdır. Monopoliya, korrupsiya yığışdırılmalı, məmur özbaşınalığına son qoyulmalı, vergi və gömrük orqanları ilə sahibkarlar arasında sivil münasibətlər yaranmalıdır”.