Mayor Rövşən Məmmədlinin cəzası azaldılıb

Digər təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib

Source:



Digər təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib

Ali Məhkəmədə rüşvətxorluqda təqsirləndirilən Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri şöbəsinin sabiq baş inspektoru, polkovnik-leytenant Ələsgər Musayev, nazirliyin Baş Hərbi İnspeksiyasının Planlaşdırma şöbəsinin sabiq inspektoru, mayor Rövşən Məmmədli və Baş Hərbi İnspeksiyasının Hərbi Hava Qüvvələri Şöbəsinin baş inspektoru Seymur Ağayevin kassasiya şikayətləri üzrə məhkəmə yekunlaşıb.

Meydan TV-nin məlumatına görə, Rövşən Məmmədlinin kassasiya şikayəti qismən təmin edilib. Qərara görə, Rövşən Məmmədlinin  cəzası 5 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Seymur Ağayev, Ələsgər Musayev və Rövşən Məmmədlinin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyiblər. Lakin Gəncə Apelyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Bundan sonra onlar kassasiya şikayəti veriblər.

İttihama  görə, Ələsgər Musayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə yaradılmış komissiyanın üzvü olub. O, həmin ilin iş planına əsasən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin fiziki hazırlıq səviyyəsini yoxlayıb. Ələsgər Musayev yoxlama komissiyasının digər üzvü, həmin nazirliyin baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin baş inspektoru Seymur Ağayev ilə əlbir olub. Onlar cinayət əlaqəsinə girməklə, 20-25 aprel 2015-ci il tarixlərdə hərbi hissə üzrə aparılan yoxlama zamanı fiziki hazırlıq səviyyəsi yoxlanılan 2-ci taborun 6-cı bölüyünün, 3-cü taborun 10-cu bölüyünün, 4-cu taborun 14-cü bölüyünün, artilleriya divizionunun, tank əleyhinə batareyanın, əlahiddə minaatan batareyasının, reaktiv artilleriya batareyasının və zenit-raket artilleriyası batareyasının şəxsi heyətinə, eləcə də hərbi hissənin idarə heyətinin və bölmələrin zabitlərinə məqbul qiymətlərin verilməsi və ya topladıqları keyfiyyət ballarının yüksəldilməsi üçün həmin bölmələrin ayrı-ayrı vəzifəli şəxslərindən 1800 manat rüşvət istəyiblər.

Ələsgər Musayev və Seymur Ağayev yoxlama keçirilən dövrdə hərbi hissənin ərazisində 1400 manatı hərbi hissənin əməliyyat bölmə rəisinin idman və fiziki hazırlıq üzrə köməkçisi vəzifəsində işləyən Nizayi Rüstəmovdan, 400 manatını isə hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində işləmiş Elnur Əbliyevdən alıblar.

Həmin hərbi hissədə eyni yoxlamanı Rövşən Məmmədli də aparıb. O, 20-25 aprel 2015-ci il tarixlərdə hərbi hissə üzrə aparılan yoxlama zamanı yoxladığı hərbi hissəsinin maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək qeyri-məqbul qiymətləndirilmiş struktur bölmələrin təkrar yoxlamaya buraxılması və fəaliyyətlərinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Qorxmaz Əbilovdan 10 000 manat alıb. Bundan başqa, Rövşən Məmmədli Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə yaradılan və həmin ilin iş planına əsasən Müdafiə Nazirliyinin “N” saylı ümumi vəziyyətini və fəaliyyətini, döyüşə hazırlığının səviyyəsini, döyüş hazırlığının vəziyyətini, maliyyə və madditexniki təminat xidmətlərinin təşkilini, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələrə əməl olunmasını, hazırlıqlarını və normalara uyğun fəaliyyət göstərmələrini yoxlayıb.

Rövşən Məmmədli yoxlamalarla bağlı qiymətləndirilmə aparakən 20-25 aprel 2015-ci il tarixlərində hərbi hissə üzrə aparılan yoxlama zamanı yoxladığı hərbi hissəsinin fiziki hazırlıq və maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək hərbi hissənin fəaliyyətinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Səxavət Əmirovdan 10 000 manat rüşvət istəyib. O, sonradan 7 000 manata razılaşıb və qeyd olunan məbləği rüşvət kimi alıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham ediliblər.

Ana səhifəXəbərlərMayor Rövşən Məmmədlinin cəzası azaldılıb