Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış günü paytaxt yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu haqda Bakı Nəqliyyat Agentliyi və Baş Dövlət Yol Polisi İdarəsinin mayın 20-də keçirdikləri tədbirdə bildirilib.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, mayın 22-də Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Nefçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarında ümumi yol hərəkəti üçün bağlı olacaq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev isə bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və BNA-nın müəyyən etdiyi ekspress xətt avtobusları vasitəsilə gedə biləcəklərini söyləyib:
“Mərasim günü (mayın 22-si) üçün Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayırıb. Həmin gün sürücülər əvvəlcə tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq. Metronun “Koroğlu” stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək. Tamaşaçılar (saat 17.00-dan 20.00-dək) 3 ekspress xətt üzrə seçilən istiqamətlərdən – metronun “20 Yanvar”, “Gənclik” və “Qara Qarayev” stansiyalarından Bakı Olimpiya Stadionuna çatdırılacaqlar. Mərasimdən sonra isə stadiondan tamaşaçılar eyni qayda ilə daşınacaqlar”.
M.Ağayev IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 4 sürücüdə yüksək təzyiq olduğundan, 1 sürücünün isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlaşdırıldığını deyib (
report.az, trend.az
).