1976-cı il martın 24-də Argentinada dövlət çevrilişi baş verdi. Hərbçilər dünyada ilk qadın prezident İsabel Peronu devirərək hakimiyyəti ələ aldılar. Beləcə ölkədə 1983-cü ilə kimi hökm sürəcək hərbi xunta yarandı.
Haşiyə çıxaraq qeyd edək ki, Argentinadakı xuntanın digərlərindən fərqləndirən ciddi özəlliyi vardı. Burada hakimiyyət hansısa yüksək nüfuzlu hərbçiyə məxsus deyildi. İdarəetmə kollektiv şəkildə həyata keçirilirdi. Ölkədəki kəskin iqtisadi-siyasi böhran səbəbindən prezidentlər tez-tez dəyişirdi. Xuntanın mövcud olduğu 7 il ərzində ölkədə 4 prezident dəyişmişdi (sonralar onların hamısının adı ölkə prezidentlərinin siyahısından çıxarıldı).
Hərbi xuntanın bərqərar olması ilə “çirkli müharibə” deyilən dövlət terrorizmi siyasətinə start verildi. Sağçı və solçu müxalifətçilər, həmkarlar ittifaqının fəalları, hüquq müdafiəçiləri, jurnalistlər və tələbələr, hətta yuxarı sinif şagirdləri bu terrorun əsas hədəfləri idilər.
7 illik xunta dövründə 30 mindən artıq argentinalı və bir qisim xarici vətəndaş öldürüldü və ya izsiz-soraqsız itkin düşdü. Bundan iki dəfə çoxu isə həbslərdən keçərək işgəncə və zorakılığa məruz qaldılar.
Xuntanın ən qeyri-insani davranışlarından biri qadın siyasi məhbuslardan uşaqlarının (əsasən həbsdə anadan olan) zorla alınması və övladlığa götürülmək üçün polis və hərbçi ailələrinə verilməsi idi. Ən azı 400 uşağın bu taleyi yaşadığı təxmin edilir ki, onlardan da yalnız 100-dən bir qədər artığının taleyi sonralar müəyyənləşdirildi.
Daha bir özəl cinayət “ölüm uçuşları” adını almış hal idi. Həbsxanalarda zorakılığa məruz qalan insanlar sakitləşdirici barbiturat dərmanları ilə, narkotiklərlə yarı-huşsuz vəziyyətə gətirilərək təyyarəyə və ya helikopterə mindirilir, yüksəklikdən Atlantik okeanına və ya La-Plata çayına atılırdılar. Onların bir çoxunun cəsədi su axını nəticəsində təkcə Argentinanın deyil, qonşu ölkələrin sahillərindən də tapılırdı.
Belə bir ağır vəziyyətdə Argentinada fenomen sayıla biləcək bir Hərəkat formalaşdı. Yoxa çıxan övladları barədə hökumətdən informasiya tələb edən anaların hərəkatı. Asusena Villaflor adlı bir fəal ilk dəfə 1977-ci ilin aprelin 30-da 13 digər qadınla birlikdə paytaxt Buenos-Ayresin mərkəzi May meydanında aksiya keçirdilər.
1924-cü ildə anadan olmuş Asusena Villaflor 4 uşaq anası idi. 1976-cı ilin noyabrında onun oğlu Hektor arvadı Rakel ilə birlikdə yoxa çıxmışdı. Onları axtarmaq üçün dövlət müəssisələrinə ayaq döyən Asusena burada eynitaleli başqa analarla rastlaşır. 6 aylıq nəticəsiz axtarışlardan sonra Asusena digər qadınlarla birgə aksiya keçirmək qərarına gəldilər.
İlk aksiya şənbə gününə təsadüf etdi. İkincisi isə cümə günü keçirildi. Üçüncü aksiyadan başlayaraq analar hər cümə axşamı saat 15.30-da paytaxtın mərkəzi meydanında toplaşdılar. Onlar başlarına ağ ləçək bağlayırdılar ki, bu da uşaqları bələyən zaman istifadə olunan üçkünc ağ parçalara işarə idi. Tezliklə onların hərəkatı “May meydanının anaları” adlandırılmağa başladı.
Dekabrın 10-da (Beynəlxalq insan hüquqları günü) analar yoxa çıxmış insanların siyahısını yaydılar. Elə həmin gecə Asusena Villaflor hərbçilər tərəfindən evindən oğurlandı. Bir qədər sonra Buenos-Ayres sahillərində tapılan cəsədlərdən birinin Asusena Villaflor olduğu təxmin edildi.
Hərəkatın banisinin dəhşətli taleyi “May meydanının anaları”nı qorxutmadı. Əksinə, onların sıraları get-gedə genişlənirdi. Hər cümə axşamı aksiyalar davam edirdi. Hakimiyyətin repressiyalarına (daha bir neçə qadın Villaflor kimi oğurlanmışdı) baxmayaraq, hərəkatın başlanmasından 1 il sonra aksiyalarda artıq yüzlərlə qadın iştirak edirdi.
Analar beynəlxalq ictimaiyyətin diqqətini Argentinadakı vəziyyətə yönəltməyə çalışırdılar. Lakin bir müddət beynəlxalq aləm, o cümlədən UNİCEF beynəlxalq uşaq təşkilatı Argentina analarının müraciətlərinə laqeyd yanaşdı.
Hərəkatın işinə 1978-ci ildə Argentinada keçirilən futbol üzrə dünya çempionatı bir xeyli yaradı. Analar bu zaman təkcə May meydanında deyil, futbol oyunlarının keçirildiyi bütün şəhərlərdə aksiya keçirdilər. Bununla da Argentinadakı dövlət terroru beynəlxalq mətbuatın və ictimaiyyətin diqqətini cəlb etdi.
Məhz bu diqqət nəticəsində argentinalı hüquq müdafiəçisi Adolfo Peres Eskuvil 14 aylıq həbsdən sonra azad edildi. Sonrakı illərdə “May meydanının anaları”na böyük dəstək verən Eskuvil 1980-ci ildə Nobel sülh mükafatına layiq görüldü və aldığı mükafatı xeyriyyə fondlarına bağışladı.
1982-ci ildə Folklend (Malvin) adaları üstündə Böyük Britaniya ilə hərbi konfliktdə məğlubiyyət Argentinadakı hərbi xuntanın nüfuzuna öldürücü təsir göstərdi. Artıq 1 il sonra onun hakimiyyətinə son qoyuldu.
Yeni mülki prezident Raul Alfonsin hakimiyyətə gələn kimi insan oğurluqlarını araşdırmaq üçün tanınmış yazıçı Ernesto Sabatonun rəhbərliyi altında Milli Komissiya təsis etdi. Xuntanın rəhbərliyinə və bir çox məmura qarı cinayət işi qaldırıldı. 1985-1986-cı illərdə xunta dövründə prezident olanlar (Videla, Viola, Qaltyeri, Binyoni), eləcə də bir çox yüksək rütbəli hərbçilər müxtəlif həbs cəzaları aldılar.
Lakin ordunun yeni hərbi çevriliş hədəsindən sonra parlament 1986-cı ildə “Son nöqtə aktı” adını almış amnistiya qanunu qəbul etdi. Bununla da xunta xadimlərinin cinayət təqibi dayandırıldı. Xunta rəhbərləri isə 1990-1991 ci illərdə əfv sərəncamı ilə azadlığa çıxdılar.
Lakin belə vəziyyət Argentinanın demokratik düşərgəsini, eləcə də “May meydanının anaları”nı qane etmirdi. Ölkədə demokratik təsisatlar gücləndikcə “çirkli müharibə” canilərinin cəzalandırılması tələbləri də çoxalırdı. 2005-ci ildə Ali məhkəmə “Son nöqtə aktı”nın və xunta rəhbərlərini azad edən əfv sərəncamlarının antikonstitusion olması barədə qərar çıxardı. Bundan sonra cinayət təqibi davam etdirildi.
Bu zaman 4 diktatordan ikisi – Viola və Qaltyeri – artıq həyatda yox idilər. Videla və Binyoni yenidən həbs edildilər. Ömürlük həbs cəzası alan Videla 2013-cü ilin maın 17-də həbsxanada öldü. İki məhkəmə hökmü ilə üst-üstə 50 il həbs cəzası alan Binyoni isə hələ həbsdədir.
Daha aşağı ranqlı məmurlar da cəzasız qalmadılar. Argentina Hərbi Dəniz Qüvvələrinin kapitanı Adolfo Silinqoya İspaniya Məhkəməsi 2005-ci ildə 640 illik həbs cəzası kəsdi. 2011-ci ildə Argentina Məhkəməsi kapitan Alfredo Astis və daha 12 hərbçini ömürlük həbs cəzasına məhkum etdi. Polis məmuru Migel Etçekolat və Xorxe Berges 2004-cü ildə dustaq qadınların uşaqlarının oğurlanmasına görə 7 il həbs aldılar. Etçekolat daha sonra başqa cinayətlərinə görə ömürlük azadlıqdan məhrum edildi. Siyahını xeyli uzatmaq olar.
Xunta cinayətlərinin araşdırılmasında “May meydanının anaları” Hərəkatı ciddi rol oynadı. Onlar oğurlanmış uşaqların taleyini araşdırır, tapılan kütləvi məzarlıqlardakı cəsədlərin DNT analizini təşkil edirdi.
Belə analizlərdən biri də Asusena Villaflorun təxmin edilən cəsədi üzərində keçirildi. Ekspertiza cəsədin Villaflora məxsus olmasını və onun yüksəklikdən okeana atılması nəticəsində öldürüldüyünü təsdiqlədi. Övladlarının istəyinə görə kremasiyadan sonra külü May meydanında dəfn edildi.
Təşkilat 2006-cı ilin yanvarın 26-da May meydanında son aksiyasını keçirdi. Lakin bu onun fəaliyyətinin dayandırılması demək deyildi. Nəhəng bir təşkilata çevrilən “May meydanının anaları”nın bu gün müstəqil universiteti, qəzet və radiosu, kitabxanası və s. strukturları var.
“May meydanının anaları” indi daha çox xeyriyyəçiliklə məşğul olur. Onun nəzdindəki “Suenos Compartidos” şirkəti 2011-ci ildə gecəqondu sakinləri üçün 5600 mənzil tikərək təhvil vermişdi. Bununla yanaşı hərbi xunta zamanı törədilən cinayətlərin araşdırılması davam etdirilir. Axı hələ də taleyi məlum olmayan insanlar var.
P.S. “Çirkli müharibə” 30 ildən artıq müddətdə Argentina kinematoqrafında ən çox müraciət edilən mövzulardan biridir. Hələ 1985-ci ildə çəkilən “Rəsmi versiya” (La historia oficial) filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında Oskar mükafatına layiq görülmüşdü. Bundan əlavə, “Qaraj Olimpo”, “Kamçatka”, “Karandaşlar gecəsi”, “Gizli uşaqlıq” filmlərinə baxmaq mövzu haqqında təsəvvür yaratmağa yardımçı olar. “Ölüm və qız”, “Argentina haqqında arzular” filmlərini başqa ölkələr çəksə də, mövzu eynidir. Argentina kinemotoqrafına məxsus, 2009-cu ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında Oskar almış daha bir film – “Onun gözlərindəki sirr” də yaxın mövzudan bəhs edir.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.