28 May – Respublika günü ərəfəsində əfv olmayacaq. Bunu Cebhe.info-ya açıqlamasında Əfv komissiyasının üzvü Rəşad Məcid deyib.
O, bunu əfv sərəncamının bu yaxınlarda imzalanması ilə əlaqələndirib: “İnanmıram ki, iki aya o qədər sənəd yığılsın. Buna görə də güman etmirəm ki, mayın 28-də əfv olsun. Olsa, komissiyanın üzvü kimi mən də bunu bilərdim”.
Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva da Cebhe.info-ya may ayında əfv sərəncamının imzalanması ilə bağlı məlumatlı olmadığını bildirib:
“Əfvlə bağlı gözləntimiz həmişə var. Ancaq bu, bizdən asılı deyil. Təşkilata ünvanlanan siyahı və sübutlar Əfv Komissiyasına təqdim edilir. Göndərdiyimiz dəlillərə baxmayaraq qərarı son məqamda bir-iki nəfər şəxs müəyyən edir. Burda müdaxiləyə mümkün yoxdur. Bəzən siyahıya özləri də əlavələr edirlər. Bəzən təqdim etdiyimiz siyahıdan kimisə pozurlar, kiməsə də dəstək verirlər”.
Arzu Abdullayeva təmsil olunduğu İnsan Haqları üzrə Birgə İşçi Qrupunda, həm də İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunda siyasi məhbuslar barəsində yekun fikrin olmadığını da deyib:
“Hər iki təşkilatda münasibətlər normaldır. Təşkilat hər dəfə eyni siyahını müdafiə edir”.