May ayında dövlət büdcəsinə yenidən baxıla bilər

“Bizə bildiriblər ki, neftin qiymətinin düşməsi halında hökumətin yeni variantları mövcuddur”

Source:

“Bizə bildiriblər ki, neftin qiymətinin düşməsi halında hökumətin yeni variantları mövcuddur”

Dünya bazarında neftin bir barelinin qiyməti 60 dollar səviyyəsində qalarsa, 2015-ci ilin may ayında Azərbaycanın dövlət büdcəsi yenidən nəzərdən keçirilə bilər.

Bu açıqlamanı “Report”a Milli Məclisin Iqtisadi siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov verib. Deputat neftin son aylar kəskin ucuzlaşması prosesinin ölkə iqtisadiyyatına təsir etdiyini söyləyib.

“Bu məsələ dünya bazarında neftin qiymətinin düşməsinin həm neft ixracı, həm də Azərbaycanın dövlət büdcəsi üçün müəyyən problemlərin yarada biləcəyi nəzərə alınaraq yalnız parlament komitəsinin iclasında deyil, eləcə də plenar iclas zamanı müzakirə olunub”, – deyə cənab Əhmədov qeyd edib.

Vahid Əhmədov xatırladıb ki, 2015-ci il üçün dövlət büdcəsinin hesablanması neftin bir barelinin 90 dollar baza qiyməti əsasında həyata keçirilib.

Deputat vurğulayıb ki, Milli Məclisin iclası zamanı daha aşağı qiymət nəzərə alınaraq dövlət büdcəsinin yenidən nəzərdən keçirilməsi haqqında təklif irəli sürülüb: “Bizə bildiriblər ki, neftin qiymətinin düşməsi halında hökumətin yeni variantları mövcuddur”.

“Neftin qiymətinin düşməsi ciddi problem yaratmamalıdır. Lakin qiymət 60 dollar səviyyəsində qalarsa, hesab edirəm ki, bu, həm dövlət büdcəsinin, həm də Dövlət Neft Fondunun gəlirlərinə müəyyən problemlər yarada bilər. Əgər bu tendensiya davam edərsə, may ayında dövlət büdcəsi yenidən nəzərdən keçirilə bilər”, – deyə Vahid Əhmədov bildirib.

Deputat əlavə edib ki, neftin qiymətinin düşməsi ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsi üçün Neft Fondundan müvafiq vəsait ayrılır.

Onun sözlərinə görə, cari proseslər göstərir ki, neftin qiymətinin düşməsi tendensiyası davam edəcək: “Əgər 2015-ci ilin sonuna qədər neftin qiyməti 60 dollar səviyyəsində qalarsa, Azərbaycanın zərəri 1 mlrd. dollardan artıq olacaq”.

Ana səhifəXəbərlərMay ayında dövlət büdcəsinə yenidən baxıla bilər