Yadigar Sadıqlı
19 yaşlı gəncin uçuşu sovet ordusu rəhbərliyində böyük miqyaslı təmizləmələrə səbəb oldu
28 may SSRİ-də Sərhəd qoşunları günü kimi qeyd olunurdu. 1987-ci ilin məhz həmin günündə sovet sərhədinin ən qalmaqallı pozuntusu baş verdi. Qərbi Almaniyanın 19 yaşlı sakini Matias Rust “Cessna 172 Skyhawk” təyyarəsi ilə Estoniya ərazisindən SSRİ sərhədini pozdu və 800 kilometrə qədər uçaraq Moskvanın mərkəzində yerə endi.
***
Matias Rust 1968-ci il iyunun 1-də Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn torpağının kiçik Vedel şəhərində anadan olub. Yeniyetməlik dövründən aviasiyaya marağı olub və qanun icazə verən kimi 18 yaşında pilot lisenziyası alıb. 40 saatlıq uçuş təcrübəsi olan gənc imtahanı qüsursuz verib.
1980-ci illərin ortaları taleyüklü siyasi proseslərin getdiyi dövr idi. Mixail Qorbaçovun sələflərindən fərqli siyasəti iki qütb arasında ziddiyyətlərin yumşalacağına, dünyanın daha təhlükəsiz olacağına ümid yaratmışdı.
Qorbaçovun sovet rəhbəri seçilməsindən bir neçə ay sonra, 1985-ci ilin noyabrında Cenevrədə ABŞ prezidenti Ronald Reyqanla ilk görüşü oldu. Sammitin xüsusi əməli nəticəsi olmadı, nüvə müharibəsinin yolverilməz olması haqqında bəyanat kimi ilk baxışda xüsusi önəm daşımayan sənəd qəbul olundu. Amma məhz Cenevrə görüşündə iki lider arasında rabitə yarandı. Təsadüfi deyil ki, bu görüş soyuq müharibənin başa çatması istiqamətində ilk addım sayılır.
1986-cı ilik oktyabrında liderlər İslandiyanın paytaxtı Reykyavikdə görüşdülər. Bu sammit də nəticəsiz başa çatdı. Yalnız sonradan retrospektivdə baxarkən bu görüşün də gərginliyin azaldılmasına doğru bir addım olması bilinəcək və yüksək qiymətləndiriləcək. Məhz Reykyavikdə səslənən təkliflər əsasında Qorbaçov və Reyqan 1987-ci il dekabrın 8-də Vaşinqtonda Orta və qısa mənzilli raketlərin ləğvi haqqında müqavilə imzaladılar.
Amma bu, sonra baş verdi. 1986-cı ilin oktyabrında isə dünya ictimaiyyəti böyük ümidlər bəslənilən Reykyavik görüşünün nəticəsiz başa çatmasından dərin məyusluq yaşayırdı. Matias Rustun dediyinə görə, o da məyusluq yaşayanlardan idi və məhz bu zaman ağlına Moskvaya uçmaq kimi dəlisov fikir gəlir.
Rust sonralar bu ideyanı “Qərb və Şərq arasında körpü qurmaq” cəhdi kimi təqdim edirdi. Halbuki sovet hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulardısa, bu, çətin ki, deyilən körpüyə xidmət edərdi. Qısa müddət əvvəl, 1983-cü ilin sentyabrında sovet aviasiyası azaraq ölkə ərazisinə girmiş Cənubi Koreyaya məxsus sərnişin təyyarəsini vurmuş, 269 nəfər həlak olmuşdu. Nəticədə beynəlxalq gərginlik zirvəyə çıxdı.
1987-ci ilin mayında o, valideynlərinə aeroklubdan icarəyə götürdüyü təyayrə ilə Şimali Avropanı gəzmək istədiyini bildirir. Ayın 13-də Hamburqdan başlayan səfər zamanı Rust Şetland və Farer adalarında ilkin enişlərdən sonra Reykyavikə uçdu. O, burada hətta Qorbaçov və Reyqanın görüşü keçirilən evdə – Höfdidə oldu.
Bəzən belə bir iddiaya rast gəlinir ki, Rust Moskvaya uçmaq fikrinə məhz Höfdini ziyarət edərkən gəlib. Amma özü bunu inkar edir. Halbuki Avropada səfər edərkən buna ehtiyac yox idi. Üstəlik, uçuşdan əvvəl SSRİ-nin qərb ərazilərini əhatə edən xəritə əldə etməsi məlumdur.
İslandiyada bir həftə qalan Rust Şetland adaları və Norveçin Bergen şəhərlərində ilkin enişlər edərək mayın 25-də Finlandiyaya, Helsinkinin Malmi hava limanına uçdu. Burada üç gün qaldıqdan sonra planını həyata keçirmək – Moskvaya uçaraq Qırmızı meydanda enməyi qərara aldı. Sonralar rus jurnalistin “niyə məhz Qırmızı meydanda?” sualına Matias “Başqa yer bilmirdim” cavabını verəcək.
***
Mayın 28-də Rust yanacaq çənlərini ağzına qədər doldurdu, dispetçerlərə Stokholma uçacağını dedi və Moskva vaxtı ilə 13:21-də havaya qalxdı. Bir qədər qərbə tərəf uçdu, çünki Stokholm Helsinkidən qərbdə yerləşir. Amma Nummela şəhərinin yaxınlığıda dispetçerlə əlaqə saxlayıb hər şeyin qaydasında olduğunu dedi və əlaqə cihazlarını söndürərək cənuba, o zaman SSRİ-nin tərkibində olan Estoniyaya tərəf yönəldi. Bu zaman xeyli aşağı düşdü.
Təyyarənin radarlardan itməsi dispetçerlərin həyəcan qaldırmalarına səbəb oldu. Onun itdiyi təxmin edilən yerə xilasedici katerlər göndərildi. Bu zaman Fin körfəzində yağ ləkəsinə rast gəlinməsi Rustun qəzaya uğraması ehtimalını artırdı və xilasetməyə əlavə qüvvələr cəlb olundu. Təbii, heç nə tapılmadı. Bu axtarışlara görə Finlandiya Rusta qarşı 100 min dollar iddia qaldırdı, sonra isə vaz keçdi.
Matias isə Estoniyanın Kohtla-Yarve şəhəri yaxınlığından sovet ərazisinə girdi. Sovet radarları onu hələ Fin körfəzi tərəfdən sovet sərhədlərinə yaxınlaşanda qeydə almışdılar, amma sonra itirdilər. Yəqin ki, Rust təyyarəni çox aşağı endirdiyindən radarlardan yayına bilmişdi.
Saat 14:10-14:20 arasında radarlar artıq sovet ərazisi üzərində uçan “Cessna”nı yenidən qeydə alırlar. Əlaqə yaratmaq cəhdi baş tutmadıqda ona 8255 kodu verilir. Amma bu zaman sərhəd pozucusu deyil, “uçuş rejiminin naməlum pozucusu” kimi qeydə alırlar. Yəni təyyarənin sovet qurumlarından birinə mənsub olması, sadəcə uçuş marşrutunu pozması və ya icazəsiz havaya qalxması güman edilir. Hətta sürətinə əsasən helikopter olması istisna edilmir.
Havaya əvvəlcə iki MiQ qırıcısı qaldırılır. Onlardan biri Rustun təyyarəsini vizual müşahidə edir və dispetçerlərə Yak-12 tipli idman təyyarəsini gördüyünü xəbər verir. Qırıcı təyyarə ilə “Cessna”nı izləmək asan deyildi: birincini sürəti çox idi. O, sürətini “Cessna”nın sürəti qədər azaldardısa, yerə düşə bilərdi. Buna görə də pilot Rustu gah tapır, gah itirir, sonra yenidən tapırdı. Komandanlıqdan hər hansı göstəriş almayan qırıcıların yanacağı tükənəndə yerə endilər.
Uçuşun baş tutduğu ərazinin müəyyən hissəsinə cavabdeh olan 6-cı əlahiddə HHM ordusunun komandiri general German Kromin sonralar verdiyi müsahibədə iddia edir ki, 1983-cü ildə Cənubi Koreya təyyarəsinin vurulması nəticəsində yaşanan beynəlxalq gərginlikdən sonra müdafiə nazirinin verdiyi əmrdə sərnişin təyyarələrinin vurulması qadağan edilirdi, onları enişə məcbur etmək lazım idi.
Rustun təyyarəsi ilə bağlı isə qeyri-müəyyənlik hökm sürürdü. Əvvəla, onun sərhəd pozucusu olması dəqiqləşməmişdi. Digər tərəfdən, müdafiə nazirinin əmrində yəqin ki, böyük təyyarələr nəzərdə tutulurdu. İndi “Cessna”nı görən hərbçilər nə edəcəklərini bilmirdilər. 5-6 il əvvəl olsaydı, çox düşünmədən atəş açardılar, amma 1987-ci ildəki SSRİ-də müəyyən dəyişikliklər vardı.
Təxminən 15:00-da Rust Pskov ətrafına çatır və başqa HHM hissəsinin səlahiyyət zonasına daxil olur. Burada desant alayının uçuşları həyata keçirilirdi, paraşütçülər tullanırdı. Gənc dispetçer havada olan bütün aparatlara dost-düşmən sistemi ilə “dost” işarəsini verir, o cümlədən “Cessna”ya. Buna görə də Rust daha təqib olunmur.
Bir saat sonra Seliger gölünə yaxınlaşan gənc alman başqa hissənin səlahiyyət zonasına keçir və “dost” işarəsini itirir. Bir çox rusdilli mənbələrdə iddia olunur ki, həmin ərazidə Tu-22 və MiQ-25 hərbi təyyarələrinin toqquşması baş verib, havada axtarış aparan helikopterlər olub və “Cessna” da onlardan biri hesab olunub. Amma belə bir toqquşma haqqında başqa mənbələrdə heç bir məlumat yoxdur. Doğrudur, həmin gün Tu-22 qəzası baş verib, amma bu, Belarusun Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Zyabrovka kəndi yaxınlığında olub. Həmin ərazi isə Rustun marşrutundan xeyli uzaqddır.
Əslində isə German Krominin dediyinə görə, saat 16:00-dan sonra havaya yenə qırıcılar qaldırılır. Amma onlar təyyarəni tapa bilmirlər: bir yandan dispetçerlər yanlış yönləndirirlər, digər tərəfdən hündürlüyü 2 kilometrə çatan buludlar Rusta gizlənmək fürsəti verir.
Onu da demək lazımdır ki, hərbçilərin ixtiyarında olan radio-lokasiya stansiyalarının (RLS) qeyri-mükəmməlliyi də bu hadisədə önəmli rol oynayır. Moskvaya yaxınlaşdıqca Rustun təyyarəsi radarlarda əks olunan meteoroloji obyektlərdən biri kimi təsnif olunur, bir ara hətta köçəri quş dəstəsi olması güman edilir.
Təxminən saat 18:00-da Matias Rust Moskva vilayətinin inzibati sərhədlərinə yaxınlaşır. Bu zaman onu yenə də uçuş rejimini pozan təyyarə kimi təsnif edirlər. Sərnişin təyyarələrinin hərəkətinə təhlükə yaratdığına görə Şeremetyovo hava limanı təyyarələrin uçuşunu və enişini müvəqqəti dayandırır.
18:30-da təyyarə Xodın meydanı tərəfdən Moskva şəhərinə daxil olur və mərkəzə doğru hərəkət edir. Burada uçuşlar ümumiyyətlə qadağan idi. Rust adamların Qırmızı meydanda çox olması səbəbindən burada eniş etmək fikrindən vaz keçir. İki trolleybus xəttinin arasından ustalıqla aşağı düşərək Böyük Moskva çayı (Bolshoy Moskvoretski) körpüsü üzərinə enir və təyyarəni Vasili Blajennı məbədinə qədər sürür. Saat 19:10 idi.
***
Ətrafda yığılan adamlar Moskvanın mərkəzində eniş edən, təyyarəni saxlayıb sakitcə düşən və təkərlərin altına dayaq qoyan gəncin sərhəd pozucusu ola biləcəyini ağıllarından keçirmirdilər. Amma hadisə özü maraqlı idi. Buna görə Rustu əhatəyə aldılar və müxtəlif suallar verməyə başladılar. Kütlənin içində ingiliscə bilən birisi tərcüməçilik edir. Qırmızı meydan və həndəvərində daim keşik çəkən milislər belə nə baş verdiyini anlamırlar. Yalnız bir saat (bəzi mənbələrə görə, yarım saat) sonra Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) əməkdaşları hadisə yerinə gələrək Rustu həbs etdilər.
Əlbəttə, həyata keçən uçuşun 19 yaşlı bir gəncin (19-cu doğum gününü iyunun 1-də Lefortovo təcridxanasında keçirdi) öz istəyi olduğuna sovet orqanlarının dərhal inanmalarını gözləmək sadəlövhlük olardı. Onlar Rustun xüsusi mərkəzlər tərəfindən xüsusi məqsədlərlə göndərilməsini ehtiva edən bütün versiyaları nəzərdən keçirdilər.
Təyyarədə əlavə sərnişinin olması və yolda eniş edilərək düşürülməsi, yaxud hansısa yükün boşaldılması variantını yoxlamaq üçün bütün marşrut boyu insanlar dindirildi, təyyarənin hansı vaxtda hansı məsafəni qət etməsi hesablandı. “Cessna”da tapılan xəritənin kəşfiyyat qurumunda hazırlanması ehtimal olundu. Amma aydın oldu ki, Hamburqda Rustun nişan verdiyi mağazada həqiqətən belə xəritələr satılır. Uçuşun məhz sərhədçilər günü baş tutması da müstəntiqləri şübhələndirən amil idi. Amma hər hansı bir qərəz tapmaq mümkün olmadı.
İstintaq Matias Rusta qarşı sərhədi qanunsuz keçmək, uçuş qaydalarını pozmaq və qəsdən törədilən xuliqanlıq maddələri üzrə ittiham irəli sürdü. Sentyabrda baş tutan məhkəmə Rustun “sülh körpüsü”, “sülhə çağırış” barədə arqumentlərini önəmsiz saydı və onu cəzasını ümumi rejimli islah əmək düşərgəsində çəkməklə dörd il müddətinə azadlıqdan məhrum etdulər. Amma Rust düşərgəyə göndərilmədi (yəqin ki, bir gün Almaniyaya qayıdanda düşərgələrdəki dəhşətli şəraitdən danışmaması üçün), imtiyazlı şəraitdə Lefortovoda saxlanıldı və 1988-ci ilin avqustunda əfv edildi.
Almaniyaya qayıdan pilotun lisenziyası dərhal ləğv edildi. Bir il sonra Rustun adı yenidən qəzet səhifələrinə çıxdı. Alternativ hərbi xidmət keçdiyi xəstəxanada tovlama cəhdlərinə reaksiya verməyən tibb bacısını bıçaqladı. Buna görə 2,5 il həbsə və zərərçəkənə 35 min marka kompensasiya ödəməyə məhkum edildi. 15 ay sonra vaxtından əvvəl azad olundu.
1994-cü ildə yenidən, bu dəfə qanun-qayda ilə Moskvaya gəldi və ayyarım qaldı. Deyilənlərə görə, Qorbaçovla görüşmək üçün cəhd göstərdi, amma nəticə əldə etmədi. Hamburqda univermaqdan sviter oğurlamaq cəhdinə görə 2001-ci ildə yenə məhkəmə qarşısına çıxdı və cərimə olundu. 2005-ci ildə dələduzluqda ittiham olundu və yenə cərimə ilə qurtuldu. Son məlumatlara görə, İsveçrədə yaşayır.
***
Rustun uçuşu sovet ordusu rəhbərliyində böyük miqyaslı təmizləmələrə səbəb oldu. Qorbaçov bunu ədalətli cəza hesab edirdi, yoxsa ABŞ ilə yaxınlaşmağa və silahların ixtisarına isti baxmayan qeyri-loyal hərbçilərdən qurtulurdu, indi də mübahisə mövzusudur. Məncə, hər iki versiya doğrudur.
Artıq mayın 30-da SSRİ-nin müdafiə naziri, marşal Sergey Sokolov, iyunun 11-də HHM qüvvələrinin baş komandanı, Baş aviasiya marşalı Aleksandr Koldunov vəzifələrindən çıxarıldılar. Daha aşağı vəzifələr tutan onlarla general və zabit də müxtəlif cəzalar aldı. Məqalədə adı keçən German Kromin də postunu itirdi.
SSRİ-nin dövlət sərhədinin uzunluğu 62710 km idi. Aydın məsələdir ki, HHM qüvvələri ciddi təhlükə törədə bilən hərbi təyyarələrdən və digər böyük uçuş aparatlarından müdafiəyə istiqamətlənmişdilər. Buna görə də Matias Rustun “Cessna” təyyarəsində sərhədi poza bilməsinin özündə biabırçı bir şey yox idi. Amma onun Moskva mərkəzinə qədər uçması, sovet rəhbərliyinin iqamətgahı olan Kremlin yaxınlığında yerə enməsi həqiqətən də SSRİ-nin hərbi imicinə sarsıdıcı zərbə oldu.