Masallıda mülk davası: sənədlərin saxtalaşdırıldığı iddia olunur

Foto: Trend.az

“Sonradan kənd bələdiyyəsi və icra nümayəndəsi torpağın sənədlərini dəyişiblər”

Masallının Qəzvinoba kənd sakini Rədifə Fazil qızı Əliyeva anasına məxsus torpağın saxta yollarla mənimsənildiyini iddia edir.

Vətəndaş Meydan TV-yə deyir ki, 20 hektar torpaq atası Fazil Məhərrəm oğlu Əliyevə dayısından miras qalıb:

“Nənəm babam Məhərrəmə ərə gedəndən bir müddət sonra oğulları Fazil doğulub. Bir müddət sonra nənəmin qardaşı torpağı onlara verib. Babamgil də orada çiy kərpicdən birmərtəbəli ev tikiblər. Sonra atamın anası vəfat edib”.

“1950-ci ildə qonşu Mololon kəndindən Səkinə Nəhmət qızı Balakişiyeva bizim kəndə pənah gətirib. Deyilənə görə, onun əri İkinci Dünya müharibəsində həlak olubmuş. Əri ölsə də, gəlin qayınatasıgildə yaşayırmış. Günlərin birində qayınata gəlinin hamilə olmasından şübhələnib və onu evdən qovub”, – deyə o bildirib.

Xədicə Əliyeva. Fotolar: Meydan TV

Rədifə Əliyeva iddia edir ki, babası Məhərrəm Əliyev Səkinə Balakişiyevaya evində sığınacaq verib.

Bunları bizə atam Fazil Əliyev danışırdı. Atam deyirdi ki, babam Məhərrəm Əliyev Səkinənin 1951-ci ildə doğulan oğluna (Abbasəli Əliyev) öz soyadını verib. Səkinənin 1957-ci ildə daha bir oğlu doğulub, babam ona da soyadını (Nazim Əliyev) verib. Onların heç biri babamın bioloji övladları olmayıb. Babam yaşlı adam idi, 70-dən yuxarı yaşı vardı”, – Rədifə Əliyeva iddia edir.

Deyir ki, atası Fazil Əliyev vəfat edəndən sonra mülk onun varisi olan həyat yoldaşı Xədicə Əliyevanın adına keçmişdi:

“Sonradan kənd bələdiyyəsi və icra nümayəndəsi torpağın sənədlərini dəyişiblər. Torpağı ailəmizlə bioloji qohumluğu olmayan Sabit Əliyev və onun anası Elmira Əliyeva mənimsəyib. Sabit Əliyev babamın öz soyadını verdiyi Abbasəlinin oğludur. Guya ögey əmimoğludur. Əslində isə onun bizimlə bioloji qohumluğu yoxdur. Abbasəli Əliyev vəfat edəndən sonra onun oğlu Sabit Əliyev bizimlə torpaq davası aparır”.

2014-cü ildən etibarən bizə fiziki, mənəvi təzyiqlər olur. Evin atama aid olmasını sübut edən sənədimiz var. Hər dəfə məhkəmələr qərarı bizim xeyrimizə çıxarır. Lakin Sabit Əliyevlə anası Elmira Əliyeva bizdən əl çəkmirlər. Hər dəfə üzərimizə hücum çəkib, bizi döyürlər. Ötən il anamla məni Qəzvinoba bələdiyyəsinin sədri və Qəzvinoba-Türkoba kəndlərinin icra nümayəndəsinin gözü qarşısında döydülər”, – şikayətçi bildirib.

Sabit Əliyev Meydan TV-yə bildirib ki, Rədifə Əliyevanın iddiaları əsassızdır:

“Torpağın 14 hektarının bizə aid olmasını sübut edən sənədlər var. Bütün sənədlərdə nənəmin, atamın, əmimin hamısının adı var. Üstəlik, anam ora gəlin köçüb. Mənim uşaqlığım orada keçib. Sənədlər də göstərir ki, nənəm Səkinə Balakişiyeva Nəhmət qızı Məhərrəm Əliyevlə izdivaca girib, onların iki oğlu olub. Nənəm ölənə qədər həmin kənddə yaşayıb”.

Sabit Əliyev Rədifə Əliyeva və onun anası Səkinə Əliyevaya qarşı hər hansı fiziki təzyiq göstərmədiyini qeyd edib:

“İddalar əsassızdır. Bu adamlar 2021-ci ildən başlayaraq onların üzərinə hücum çəkib, xəsarət yetirməyimlə bağlı ən azı iyirmiyə yaxın şikayət ediblər. Guya üzərlərinə bıçaqla, balta ilə hücum etmişəm. Mən keçmiş polis işçisiyəm, düşüncəli, ağıllı adamam”.

Babam Məhərrəmin 20 sot torpağı və üç oğlu olub. Abbasəli ilə Nazim doğma qardaşlardır. Fazil isə Məhərrəmin ilk nikahından olan övladıdır. Torpaq sahəsi üç oğul arasında bölünüb. 6 sot Fazilə verilib. 14 sot isə Səkinənin iki oğluna qalıb”, – o qeyd edib.

Sabit Əliyev onu da bildirib ki, qarşı tərəfi məhkəməyə verməyə hazırlaşır:

“Rədifə Əliyeva kütləvi informasiya vasitəsilə haqqımda pis ifadələr işlədib. Şərəf və ləyaqətimə toxunub. Məni ağır cinayətdə ittiham edib. Buna görə də onun barəsində məhkəməyə şikayətlə müraciət edəcəyəm. Vəkilim hazırda sənədləri toplamaqla məşğudur”.

Masallı Rayon İcra Hakimiyyətindən Rədifə Əliyevanın iddialarına münasibət bildirməyiblər.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən Meydan TV-nin zənglərinə cavab verilməyib.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mətbuat xidməti Meydan TV-nin sorğusunu cavabsız buraxıb.

Ana səhifəBölgəMasallıda mülk davası: sənədlərin saxtalaşdırıldığı iddia olunur