***
Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisində 8 nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəzaya görə, “Mersedes Benz Vito” avtomobilinin sürücüsü Nizami Mustafayev saxlanılıb.
DİN və Baş prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, “Mersedes” markalı avtomobil “KAMAZ” avtomobilinə arxadan çırpılıb.
N.Mustafayev yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsində şübhəli bilinir.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
***
Masallı rayonunda “KAMAZ” markalı avtomobillə “Mersedes Vito” markalı avtomobilin toqquşması nəticəsində 8 nəfər ölüb.
“
APA
” agentliyinin məlumatına görə, hadisə yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb, 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ölənlərin 2-si qadın, 3-ü kişi, 3-ü isə məktəblidir.
Məlumata görə, qəzada ölənlərin altısı hər ailədən 3 nəfər olmaqla, iki ailənin üzvləri olublar.
Qəzada ölənlər Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğludur (1997).
Ağır yaralanan Lerik rayonu Kəlvəz kənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırda reanimasiyadadır.
“
Report
” saytının məlumatına görə, mikroavtobusun sürücüsünün yüngül xəsarət aldığı bildirilir. O, fakt üzrə dindirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiqləşməsə də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.