Eldəniz Səfərli atasının qətli ilə bağlı cinayət işinin düzgün aparılmadığını deyir
“Əmim Rusiyadan gəlmişdi, biz də onlara yığışmışdıq. Atam onun gəlişinə görə qurban kəsmək üçün qoyun almağa getdi. Az sonra xəbər gəldi ki, onu kənddəki qəbiristanlıqda vurublar. Qəbiristanlığa tərəf qaçdıq, baxdıq ki, atam qan içərisində, hərəkətsiz vəziyyətdə qalıb. Ona 12 bıçaq zərbəsi vurulmuşdu”.
Masallının Mollabad kənd sakini Eldəniz Səfərli Meydan TV-yə danışır ki, ötən il aprelin 8-də atası Urfan Həsənovun üzərində xəsarətlər olan cəsədi kənd qəbiristanlığındakı ağacların arasından tapılıb. Tezliklə qətli törədənin kimliyi də bəlli olub. Məlum olub ki, qətldə Urfan Həsənovun uzaq qohumu və Sumqayıt sakini olan İlqar Camalov şübhəli bilinir.
Qısa zamanda tutuldu, qətli etiraf etdi, amma…
Mərhumun oğlu sözünə davam edir:
“Atam ibadətlə məşğul olan, hamıya yaxşılıq edən, xasiyyətcə sakit insan idi. Həmin qəbiristanlıq evimizə yaxın olduğu üçün ora da təmənnasız nəzarət edirdi. Qəbiristanlığın yaxınlığındakı kameranın yaddaşı araşdırılanda atamla İlqarın söhbət edə-edə qəbiristanlığa girməsi görüntüləri aşkar olundu. İlqar tez bir zamanda tutuldu və qətli etiraf etdi. Atamı öldürməsinin səbəbini belə izah etdi ki, “onsuz da Sumqayıtdan kəndə gələndən kimisə vuracaqdım, qabağıma o çıxdı, onu vurdum”. Bir də xəbər tutduq ki, Masallı Prokurorluğu İlqarın ruhi xəstə olması barədə qərar çıxarıb və iş materiallarını məhkəməyə göndərib”.
Məhkəmə məsuliyyətdən azad edib
Şikayətçi deyir, ibtidai istintaq dövründə nə müstəntiq, nə prokuror onu və ailə üzvlərini qəbul edərək dinləyib. Onlar cinayətin gizlədilməsində İlqar Camalovun anası ilə bağlı şübhələrini bildirsələr də, bu şübhələr araşdırılmayıb.
Ötən ilin noyabrında iş materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə İlqar Camalovu cinayət məsuliyyətindən azad edib, onu məcburi müalicəyə cəlb edib. Məhkəmə hökmündə qeyd olunur ki, İlqar Camalov xüsusi amansızlıqla qəsdən adamöldürmə cinayətində ittiham olunsa da, ibtidai istintaqın gəldiyi qənaətə görə, o, bu cinayəti anlaqsız vəziyyətdə törədib. Məhkəmə işə İlqar Camalov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması üzrə baxıb. Onun barəsində 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərilərək, məcburi müalicəyə cəlb olunması ilə bağlı hökm çıxarıb. Mərhum Urfan Həsənovun ailəsi isə hökmlə razılaşmır. Eldəniz Səfərli deyir, İlqar Camalov bundan əvvəl də məhkum edilib və eyni xəstəxanada məcburi müalicəyə cəlb edilib. Ancaq bu, formal olub.
Əvvəllər də odlu silahla cinayət törədib, ruhi xəstəxanaya göndərilib
“Bu adam əvvəllər də bir neçə dəfə cinayət törədib, hətta odlu silahla adam da yaralayıb. Hər dəfəsində məhkəmə onu ruhi xəstəxanaya göndərib. O da xəstəxanada bir az vaxt keçirib, azadlığa çıxıb. Hətta həmin ərəfələrdə İstanbula istirahətə də gedib. Bu, necə ruhi xəstədir ki, ruhi xəstəxanadan çıxır, dünyanın o başına gedir, istirahət edib qayıdır, yenə adam öldürür, yenə ruhi xəstə kimi “anlaqsızdır” deyib, yıxırlar Maştağadakı ruhi xəstəxanaya? Ruhi xəstədirsə, cinayəti xəstəlikdən dolayı törədirsə, cəmiyyət üçün təhlükəlidirsə, bu adamı niyə ruhi xəstəxanadan çölə buraxırlar?” – Eldəniz Səfərli soruşur.
Hadisə baş verəndən sonra mərhumun ailəsi işə obyektiv baxılması üçün Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edib, ancaq müsbət cavab almayıb. Mərhumun ailəsi həm də İlqar Camalovun anası ilə bağlı şikayətçi olub. Ailə hesab edir ki, ana oğlunun cinayətini ört-basdır etməyə çalışıb:
“Ana oğlunun qətl törətdiyini bilə-bilə polisə məlumat verməyib. Əksinə, qanlı paltarlarını yuyub, gizlədib. Biz onun da məsuliyyətə cəlb olunması üçün hüquq-mühafizə orqanlarına müraciət etmişik, ancaq heç bir tədbir görülməyib. Hətta məhkəmədə də bu barədə bildirdik, hakim qulaqardına vurdu”.
İstintaqa necə öldürməsindən danışıb
İlqar Camalov məhkəmədə ifadə verməyib. Məhkəmə onun istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsini tədqiq edib. O, həmin ifadədə göstərib ki, Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır və ruhi əsəb xəstəliyinə görə 3-cü qrup əlildir. Sumqayıtda yaşasa da, ara-sıra Masallıya gələrək valideynlərinə baş çəkir. Urfan Həsənovla qohumdur. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar ona çatıb ki, Urfan Həsənov onun barəsində xoşagəlməz söhbətlər edir. O da məsələni aydınlaşdırmaq üçün Sumqayıtdan Mollaabad kəndinə gəlib. Urfanla söhbət etmək üçün onu əvvəl kənd məscidinin qarşısına dəvət edib, sonra kənd qəbiristanlığına gediblər. Qəbiristanlığın içərisindəki cığırla addımlayarkən qolunu Urfan Həsənovun boynuna sarıyıb, onunla dostcasına söhbət etmək istədiyini deyib. Sonra da arxa cibinə qoyduğu bıçağı çıxararaq Urfan Həsənova 12 bıçaq zərbəsi vurub.
İlqar Camalovun anası Məlahət Camalova da ifadə verib. Bildirib ki, oğlu ruhi-əsəb xəstəsidir. Xəstəliyinə görə əvvəllər müalicə alıb və sonrakı vaxtlarda nəzarətdə saxlanılıb. Aprelin 7-də İlqar Mollabad kəndinə onun yanına gəlib. Geyimi cırılmış vəziyyətdə olub. Oğlunun qətl törətməsindən xəbəri olmayıb.
Şübhələr təsdiqlənməyib
Masallı Rayon Prokurorluğundan Meydan TV-yə bildirilib ki, bu işə məhkəmə öz hüquqi qiymətini verib. Əgər zərərçəkmiş tərəfin narazılığı varsa, məhkəmə qərarından Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər:
“Zərərçəkmiş tərəf prokurorluqda dəfələrlə qəbul edilib, dinlənilib, İlqar Camalovun anası ilə bağlı şübhələri araşdırılıb, ancaq təsdiqini tapmayıb. İlqar Camalova gəlincə, o, ruhi xəstə kimi pensiya alır, xəstə olması işin içindəki sənədlərlə də təsdiqlənib”.
Urfan Səfərovun ailə üzvləri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərardan Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verib.