İlham Cəfərovun  “Kamaz” markalı maşını

Mənbə: Meydan TV

Başlıq: İlham Cəfərovun “Kamaz” markalı maşını

Masallı sakini: Bu ağır vəziyyətdə yol polisi 300 manatımı aldı

“Pulu Yasamal Rayon Yol Polisi İdarəsində vermişəm”

Masallı sakini İlham Cəfərov deyir ki, pandemiya dövründə onsuz da işsizlik maddi durumunu pisləşdirmişdi. Yol polisinin haqsızlığı nəticəsində vəziyyəti daha da ağırlaşıb. İddia edir ki, yol polisi ondan cərimə adı ilə 300 manat alıb, heç bir rəsmiləşmə də aparmayıb.

İlham Cəfərovun 60 yaşı var. Dediyinə görə, ömrünün 40 ilini yollarda keçirib, yük maşını sürücüsüdür. İndi də “Kamaz” markalı, “44-CB-399” dövlət nömrə-nişanlı yük maşınını idarə edir. Onunla benzin daşıyır.

“Başa düşdüm ki, rüşvət kimi alıblar”

“Benzindaşıyan maşınlar üçün marşrut olur. Onu da bizə Fövqəladə Hallar Nazirliyi verir. Baş Dövlət Yol Polisi İdarəsi də onu təsdiqləyir, möhür vurur. İyulun 10-dan 11-nə keçən gecə möhür vurdurmaq üçün Bakıya gəlirdim. Gecə saat 1-in yarısı olardı. Məni “20 Yanvar” dairəsi yaxınlığında yol polisi saxladı. Polislərə dedim ki, neçə vaxt pandemiyaya görə bu maşın işləmir. İşləmək üçün gəlmişəm ki, Dövlət Yol Polisi İdarəsində möhür vurdurum. Gərək gəlim ki, möhür vurulsun, yoxsa mən necə eləyim?”, - İlham Cəfərov həmin gün baş verənləri danışır.

Dediyinə görə, yol polisləri onun arqumentini qəbul etməyib. Yük maşınını cərimə meydançasına aparıblar. İlham Cəfərovun iddiasına görə, ertəsi gün səhər saat 10 radələrində ondan maşınını cərimə meydançasından buraxmaq üçün 500 manat pul istəyiblər: “500 manat istədilər, danışıqlardan sonra 300 manata razılaşdılar. Heç nə yazıb eləmədilər, heç bir sənəd də vermədilər. Belə başa düşdüm ki, rüşvət kimi alıblar. 10 gündən çox gözlədim ki, bəlkə hansısa sənəd göndərərlər evə. Heç nə gəlmədi. Başa düşdüm ki, rüşvət kimi alıblar. Sənədlərimi Yasamal Rayon Yol Polisi İdarəsinə vermişdilər. Pulu da orada vermişəm. Adi yol polisi deyildi, böyüklərindən idi...”

İlham Cəfərov

İlham Cəfərov

Mənbə: Meydan TV

“Kameralara baxsınlar, dediklərimi araşdırsınlar”

İlham Cəfərovun sözlərinə görə, hələ də marşrutu Baş Dövlət Yol Polisi İdarəsindən təsdiqlətdirə bilməyib. Ona deyilib ki, ölkədə pandemiya ilə əlaqədar xüsusi karantin rejimi elan edildiyinə görə qəbul da dayandırılıb: “Bütün bu hadisələrin baş verdiyi dövlət orqanlarının binalarında videokameralar, monitorlar da var. Araşdırmaq istəsələr, baxa bilərlər. Görəcəklər ki, hər şey dediyim kimidir. Bu ağır dövrdə o 300 manat çox böyük puldur mənim üçün. Əvvəl arada iş olurdu, pandemiyaya görə onlar da dayanıb. Lənkəran neft bazasından hərdən bir iş olurdu, onun ümidinə qalmışam”.

Masallı sakini deyir ki, maşının səhərə qədər cərimə meydançasında qalmasına görə 10 manat da dayanacaq pulu alıblar: “Mən dayanacaq pulunu 5 manat bilirdim, bunlar 10 manat aldılar”.

İlham Cəfərov vurğulayır ki, ailəsinin ehtiyacı olduğu bir vaxtda onun pulunu alanların cəzalandırılmasını istəyir. Amma pandemiya ilə əlaqədar Bakıya da gələ bilmir ki, məsul şəxslərin qəbuluna düşsün.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Meydan TV-yə bildirib ki, əgər vətəndaş rəsmi şəkildə ərizə ilə müraciət etsə, onun şikayəti araşdırılar: “Elə bir hal varsa, vətəndaş bizə müraciət eləsin. Rəsmi şəkildə müraciət olmalıdır ki, o məsələ araşdırılsın. Vətəndaş deyir ki, ondan 300 manat alınıb. Mən bununla bağlı bir söz deyə bilmərəm. Bəlkə ona cərimə tətbiq eləyiblər?”

K.Əliyev əlavə edib ki, yol polisində də kameralar olur və şikayətlər araşdırılarkən həmin çəkilişlərdən istifadə edilir.

"İşləmək üçün gəlmişəm ki, Dövlət Yol Polisi İdarəsində möhür vurdurum"

"İşləmək üçün gəlmişəm ki, Dövlət Yol Polisi İdarəsində möhür vurdurum"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/nav5o5

Ən çox baxılan