Masallıda azyaşlının 20 yaş böyük kişi ilə nişanlandığı bildirilir

Masallı Rayon İcra Hakimiyyəti: “Dövlət Miqrasiya İdarəsinə və Sərhəd Xidmətinə xəbərdarlıq etmişik”

Source: Specify Source


İcra Hakimiyyətinin rəsmisi: “Biz əvvəl elə bildik ki, qızı məcbur edirlər"

Masallı rayonunda 15 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlandığı deyilir.

Məlumatı Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağayeva yayıb.

O bildirib ki, rayonun Bədəlan kənd sakini, 8-ci sinif şagirdi 14 yaşlı Zeynəb İsmayılova (ad və soyad şərtidir) 35 yaşlı Seymur adlı şəxslə nişanlanıb: "14 yaşlı məktəbli qızın atası vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Qızcığazın özündən 24 yaş böyük olan Seymur adlı nişanlısı Rusiya Fedrasiyasının vətəndaşıdır".

Rusiya vətəndaşı olan Seymurun orada yaşayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. Dərs ili başa çatandan sonra cütlüyün evlənərək Rusiyaya köçəcəyi qeyd edilir.


Kəmalə Ağayeva: "Onlar təkzib edib, biz araşdıraq"

Kəmalə Ağayeva deyib ki, mərasim mayın 5-də Lənkərandakı istirahət mərkəzlərindən birində təşkil edilib.

"Bədəlan kənd tam orta məktəbin direktoru Arif Mehtiyev və Bədəlan kənd ərazi nümayəndəsi Rza Nağıyevlə əlaqə saxlanılıb. Hər iki şəxs belə bir hadisənin olmasını təkzib edib.

Neynək, onlar təkzib edib, biz araşdıraq. Mən də bir kiçik araşdırma apardım, nişan olub və hamı susur", – Kəmalə Ağayeva belə yazıb.


"Dövlət Miqrasiya İdarəsinə və Sərhəd Xidmətinə xəbərdarlıq etmişik"

Masallı Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının sədri Aybəniz Qafarova isə "qafqazinfo"ya bildirib ki, həmin ailə ilə görüşüb və 15 yaşlı qızla söhbət edib: “Biz əvvəl elə bildik ki, qızı məcbur edirlər, mən onunla danışdım. Qız deyir ki, oğlanı evimizin qabağından keçəndə görüb sevmişəm. Onu heç kimin məcbur etmədiyini dedi. Oğlanın ondan yaşca çox böyük olmasını izah etdim. Ona yaşının az olduğunu, bir neçə il sonra marağının azalacağını da dedim. Ailəni də, qızı da xəbərdar etdim ki, 18 yaşa kimi evlənmək, nikaha daxil olmaq olmaz, qanun qadağan edir. Qız oğlanı sevdiyini, indi sadəcə, elçilik etdiklərini, buna görə də 3 il gözləyəcəyini bildirdi”.

Aybəniz Qafarova qeyd edib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib: “Dövlət Miqrasiya İdarəsinə və Sərhəd Xidmətinə də onların birgə ölkədən çıxa biləcəkləri barədə xəbərdarlıq etmişik. Hər gün də ailə və onların yaxınları ilə əlaqə saxlayırıq”.

Ana səhifəBölgəMasallıda azyaşlının 20 yaş böyük kişi ilə nişanlandığı bildirilir