Mart hadisələrindən 100 il ötür

XİN 31 Mart Günü ilə bağlı bəyanat yayıb

1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakının müsəlman əhalisi qətlə yetirilib.

Mart hadisələri 30 mart -3 aprel tarixlərini əhatə edib. Həmin vaxt Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə qətllər törədilib.

Bu gün Azərbaycanda hadisənin 100 illiyi qeyd olunur. Azərbaycan tarixçiləri həmin qətli "Daşnaksütyun" Partiyasının (Ermənistanın "Daşnaksütyun" inqilabçı federasiyası) birləşmələri ilə Bakı kommunasının bolşevik rəhbərliyinin törətdiklərini yazır. Tarixçilər yazır ki, həmin gün türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutublar. Əks-inqilaba qarşı mübarizə bəhanəsilə dinc Azərbaycan əhalisinin məhvinə başlanılıb. Bu zaman hətta gəmi artilleriyasından da istifadə olunub. Hadisədə 12 minə yaxın insan həlak olub.

Ümumilikdə isə hadisələr zamanı 50 minə yaxın insanın qətlə yetirildiyi, məscidlər, məktəblər, memarlıq abidələrinin məhv edildiyi yazılır.

Şəhərin müsəlman əhalisinin qırğınlarına Bakının İnqilabi Müdafiə Komitəsinin sədri Stepan Şaumyan rəhbərlik edib. Bakıda Qırmızı Ordu qərargahının rəisi daşnak partiyasının üzvü, polkovnik Z.Avetisyan olub.

Azərbaycanın Xarici İşlər Nazirliyi Mart qırğınının 100 illiyi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Mart qırğınının 100 illiyini yad edərək və günahsız qurbanlarının xatirəsini anaraq Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq".

Bəyanatda xatırladılır ki, azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə məhdudlaşmayıb:

"Qısa zaman ərzində ermənilər Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da qırğınlar törətdilər. 1918-ci ilin ilk beş ayı ərzində Qubada xüsusi vəhşiliklə 16 000-dən artıq insan öldürüldü, 167 kənd məhv edildi. Bu kəndlərdən 35-i yer üzündən silinib. Ermənilər həmçinin Qubada yerli yəhudilərə qarşı qətliam törətdilər".

Xarici İşlər Nazirliyi hesab edir ki, 1918-ci il mart qırğınları azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.

"1918-ci ilin mart hadisələri Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra diqqət mərkəzində oldu. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycanlılara qarşı törədilmiş zorakılığın araşdırılması məqsədilə 15 iyul 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaradıldı. Bu komissiyada ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla müxtəlif millətlər və həmin dövrün ən yaxşı hüquqşünasları təmsil olunurdu. Sübutlar əsasında Fövqəladə İstintaq Komissiyası 128 hesabat və layihə hazırlayaraq dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi qaldırdı. Beləliklə, avqustun ortalarına qədər törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu. Bu, azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin siyasi və hüquqi qiymətləndirməsi üçün atılan ilk addım idi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi tamamlamağa imkan vermədi".
Belə ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra 1918-ci ilin mart soyqırımının siyasi qiymətləndirilməsi davam etdirilib.
ADR-in ədalətin bərpası üçün göstərdiyi səylərin başa çatdırılması qərara alınıb. Faciənin 80-ci ildönümü ərəfəsində keçmiş prezident Heydər Əliyev 31 mart tarixinin matəm günü elan edilməsi barədə fərman imzalayıb.

Nazirlik hesab edir ki, Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır:

"1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı soyqırımı da daxil olmaqla, soyqırım aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/h0r6dw

Ən çox baxılan