Müzakirənin təfərrüatları açıqlanmayıb.
ABŞ dövlət katibi Marko Rubio və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilir ki, yanvarın 22-də olan telefon danışığında Marko Rubio ABŞ-Türkiyə münasibətlərinin əhəmiyyətini, Türkiyənin NATO-nun əsas müttəfiqi kimi rolunu və regionda ortaq maraqların olduğunu qeyd edib.
Dövlət Departamenti yaydığı məlumatda bildirilir ki, tərəflər Ermənistan və Azərbaycan arasında “davamlı və ləyaqətli” sülhün təmin olunmasının vacibliyini müzakirə ediblər.
Müzakirənin təfərrüatları açıqlanmayıb.
Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.
Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.
Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.