Sahibkar baldızı oğlunu 4 milyon mənimsəməkdə ittiham edir
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan baldızı Həcər Quliyeva və oğlu Sahib Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda zərərçəkmiş qismində “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanov ifadə verib.
Zərərçəkmiş ifadəsində Sahibgillə qohum olduqlarını, hər zaman onların ailəsinə maddi dəstək göstərdiyini deyib:
“Sahib hərbi xidmətdən qayıtdıqdan sonra yanıma işə götürdüm. Əvvəlcə maaşı 200 manat idi. Sonradan onu maliyyə şöbəsinə keçirtdim. Ayda 1500 manat maaş alırdı. Bir gün həyat yoldaşım dedi ki, bacım çox imkanlı bir adama ərə gedir. Sonradan məlum oldu ki, yalan imiş. Gələcəkdə oğurlanan pulları bu yolla ört-basdır etmək istəyirlərmiş”.
R.Salmanov deyib ki, 2015-ci ildə Sahib Quliyevin müəmmalı davranışlarından şübhələnib. Belə ki, S.Quliyev heç bir səbəb olmadan işdən çıxmaq istədiyini, hazırkı işində perspektiv görmədiyini, dövlət qulluğunda işə düzələcəyini deyib. R.Salmanov isə qohumuna onun maaşını artıracağını, ayda 10-15 min manat gəliri olacağını bildirib. Amma S.Quliyev razılaşmayıb:
“2015-ci ilin iyun ayında Sahib dedi ki, Ali Məhkəmədə hakim köməkçisi işləyəcəm. Bütün işləri atıb gedəcəyini deyəndə elə bil ayıldım. Həmin ərəfədə işçilər şirkətlərə pulun vaxtlı-vaxtında verilmədiyini, gecikmələr olduğunu deyirdilər. Bu barədə Sahibdən soruşduqda “nə qədər gec versək, pulun üstə pul gəlir” – demişdi. Hətta işdən çıxsa belə yenə də ona köməklik etmək niyyətində idim. Sahib işləri başqa mühasibə təhvil verdikdən sonra onun işini yoxlatmağı tapşırdım. Yoxlama zamanı hər şey ortaya çıxdı. Məlum oldu ki, pulların böyük bir hissəsini mədaxil etməyib, kassadan çıxarıb öz evinə aparıb. Əgər dəymiş ziyan 100 min manat olsaydı, onu bağışlayardım, amma söhbət milyonlardan gedir. Hamısı yoxlamalar zamanı üzə çıxdı. O zaman mən Kanadada qızımın yanında idim. Qayıdandan sonra audit yoxlama təyin olundu. 2 dekabr 2015-ci ildə getdim Həcərin yanına, nə qədər ödəyə biləcəklərini soruşdum. Baldızımdan soruşdum ki, xəbərin varmı oğlun kassadan külli miqdarda pul götürüb? Dedi, ola bilməz. Sonra yalvardı, bu işi açıb-ağartmamağı, Sahibi polisə verməməyi xahiş etdi. Ona pulları yerinə qoymaq lazım olduğunu söylədim. Əvvəl Sahib dedi ki, 450 min manat götürüb, dedim, pul çoxdur, o qədər deyil. Sonra dedi ki, vergi məni sıxırdı, 900 min manat götürmüşəm. Yoxlatdırdım, vergiyə bir manat ödəməmişdi”.
R. Salmanov ifadəsində bildirib ki, Sahibdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və “Banditizm”ə şikayət edəcəyini dedikdə Həcər Quliyeva ona 200 min manat pulu və 500 min manatlıq evi olduğunu, onları verə biləcəyini söyləyib:
“Soruşdum ki, səndə 200 min manat hardandı? Əslində elə Sahibin oğurladığı pullardan idi hamısı. Çünki axırıncı dəfə 30 iyun 2015-ci ildə şəxsi depozit hesabı açıb və həmin pulları da hesaba qoyub. Həcər isə deyirdi ki, pullar özünündü, görüşdüyü adam verib. Əgər belə bir adam varsa, bu bir ildə niyə bunların yanına gəlmir? Belə bir adam yoxdur. Həcərdə 100 min manatlıq üzük, 142 min manatlıq maşın haradan idi? Bu işlərin başında Həcər dayanır, oğlunu yönəldən də odur. Sahibin adına 500 min manata 3 mənzil almışdı. Deyirdi, evləri sataq, ödəyək. Eyni zamanda Sahib özü şirkətin hüquqşünasına zəng vurub demişdi ki, 1 milyon 500 min manat götürmüşəm, qaytarmağa hazıram. Sahib təkcə dörd gün içərisində 80 min manat Moskvada xərcləyib”.
Proses aprelin 11-də davam edəcək.
Sahib Quliyev və anası Həcər Quliyeva Rasim Salmanovun 2015-ci il dekabrın 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. Sahib Quliyevin nənəsi Xanımbacı İsmayılova isə iddia edir ki, “Bizim market”lər şəbəkəsi rəsmi olaraq onun adınadır. Kürəkəni Rasim Salmanov isə, sadəcə olaraq, mağazaların fəaliyyətinə nəzarət edib. X.İsmayılovanın iddiasına görə, kürəkəni mağazaları ələ keçirmək üçün onları şantaj edib və sonra da nəvəsini həbs etdirib.
R.Salmanov barədə qalmaqaldan mətbuat əvvəllər də yazıb. Bu qalmaqallı iş adamının qaynanasının KİV-lərə göndərdiyi müraciətdə deyilirdi ki, Rasim Salmanovun çirkli biznesinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qaynı, eyni zamanda köməkçisi Vüqar Mahmudov “krışalıq” edirmiş. Belə ki, E.Mahmudovun köməkçisi R.Salmanovla çox yaxın münasibətlərdə olub, tez-tez onun evinə gedib-gəlib.
Hətta o da bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev də Rasim Salmanovun əli ilə ölkədən 100 milyon dollar vəsaiti çıxardaraq Kanadadakı hesablara köçürüb.