Zaxarova: Azərbaycana gedən Rusiya vətəndaşları cari vəziyyəti nəzərə almalıdırlar

Mariya Zaxarova. İllüstrasiya: Meydan TV

Rusiyanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

“Rusiyadan Azərbaycana gedən və ya getməyi planlaşdıran vətəndaşlar cari vəziyyəti diqqətlə nəzərə almalıdırlar”.

Bunu Rusiya Xarici İşlər Nazirliyin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz Azərbaycan tərəfini rəsmi sənədlərdə ifadə olunmuş dövlətlərarası münasibətlərin səviyyəsinə qayıtmaq üçün tədbirlər görməyə çağırırıq. Xatırladım ki, bu, strateji müttəfiqlik səviyyəsidir,”  – Zaxarova deyib.

Bu arada Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-nin məlumatında bildirilir ki, nazir müavini Araz Əzimov görüş zamanı “Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etirazını qarşı tərəfin diqqətinə çatdırıb.”

“Azərbaycan tərəfindən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradlarının əsassız olduğu bildirilib. “Sputnik-Azərbaycan”a münasibətdə görülən tədbirlərin Azərbaycanın qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi və hazırda istintaq tədbirlərinin davam etdiyi qeyd olunub. Hələ ötən ilin sonundan münasibətlərə mənfi təsir edən Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiyanın hava məkanında vurulmasından sonra zəruri müvafiq tədbirlərin görülməməsinin və real vəziyyətin təhrif edilməsi cəhdlərinin, eləcə də Rusiya mediasında bir sıra rəsmi şəxslər və media nümayəndələri vasitəsilə ölkəmizə qarşı dezinformasiya kampaniyasının aparılmasının qəbuledilməz olduğu bildirilib”, – XİN-nin məlumatında deyilir.

XİN həmçinin Rusiya tərəfindən baş verən hadisə ilə bağlı tam və şəffaf araşdırmasını istəyib:

“Təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə həmçinin, son 4-5 ay ərzində Rusiyanın ictimai-siyasi nümayəndələri və media qurumları tərəfindən ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı bəyanat və çıxışlarının ikitərəfli münasibətlərə mənfi təsir edən amillər sırasında olduğu qeyd edilib”.

Moskva və Bakı arasındakı münasibətlər, iyunun 27-də Yekaterinburqda iki azərbaycanlının ölümü ilə nəticələnən əməliyyatlardan sonra gərginləşib.

İyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirmək məqsədilə keçirdiyi əməliyyatda 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb.

Azərbaycan tərəfi ekpertizadan sonra açıqlayıb ki, həyatlarını itirən iki nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qardaşları xüsusi amansızlıqla qətlə yetiriliblər.

Hadisədən sonra, iyunun 30-da Azərbaycan Daxili İşlər Nazirliyi fəaliyyətinə bu ilin fevralında son verilmiş Rusiya dövlətinə məxsus “Rossiya Seqodnya” agentliyinin tərkibində olan “Sputnik Azərbaycan”da əməliyyat keçirərək, 7 nəfər saxlayıb.

Onların ikisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Həbs olunanlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 192.2.3-cü (Qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) maddələri üzrə ittiham elan olunub.

Daha sonra isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə bir-birinə qarşılıqlı nota veriblər.

Ana səhifəSiyasətZaxarova: Azərbaycana gedən Rusiya vətəndaşları cari vəziyyəti nəzərə almalıdırlar