”Maqsud qorxudan otaqda qusmuşdu”

Polkovnik İlqar Əliyevin istintaqa ifadəsi məlum olub

Source:
İlqar Əliyev
İlqar Əliyev


Polkovnik İlqar Əliyevin istintaqa ifadəsi məlum olub

Həbs edildikdən sonra özünü kamerada asaraq intihar etdiyi deyilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

Meydan TV-nin məlumatına görə, İ.Əliyev ifadəni verdikdən beş gün sonra ölüb. Belə ki, 2015-ci il dekabrın 15-də İ. Əliyev saxlanıldığı Bakı İstintaq təcridxanasında müstəntiqə ifadə verib.

İ.Əliyev ifadəsində bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplamaqları barədə idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib. Elçin Quliyev də bu məsələ ilə bağlı məşğul olmağı ona tapşırıb:

“Mən də Tərlanın istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı nazirliyə dəvət etdik və Tərlanın qanunsuz əməlləri barədə məlumat aldıq. Bu barədə nazirə məruzə edildi. Daha sonra Tərlan Bakı şəhər Prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməsini xahiş etdi. Bununla bağlı Mark ərizə yazdı. Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etməsini Antiterror Mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım”.

İlqar Əliyev ifadəsində bildirib ki, Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlib:

“Buna görə də Maqsud qorxudan otaqda qusmuşdu. İşçilərdən kimsə bu barədə mənə məlumat verdi. Mən də Azərin otağına gedərək, Maqsudu orada gördüm. Bir qədər sonra Azər yanıma gələrək Maqsudun 50 min ABŞ dolları məbləğində pul vermək istəməsini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min dolların az olduğunu, Maqsudun 200 min ABŞ dolları verməsini tələb etdi. Bu barədə Azərə dedim və daha sonra Azər getdi”.

İlqar Əliyevin ifadəsinə görə, bir qədər sonra Azər yenidən gələrək Maqsudun 150 min ABŞ dollarından artıq pul verə bilməyəcəyini deyib: “Mən də Elçin Quliyevin yanına gedərək bu barədə məruzə etdim. Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min ABŞ dolları verə biləcəyini bildirdi. Eldar Mahmudov da razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirib Azərə verdi. Azər də mənə verdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə qızıl-zinət əşyaları göndərdi. Lakin həmin əşyaları geri qaytarıb, pul gətirməsini istədik”.

İki ay müddətində Maqsudun hissə-hissə 120 min ABŞ dolları pulu Azərə verdiyini deyən İ. Əliyevin sözlərinə görə, bu haqda Eldar Mahmudova məruzə edilib. E. Mahmudov isə həmin puldan 70 min ABŞ dollarının köməkçisi Vüqar Mahmudova verməsini, qalan 50 min dolları isə baş idarə daxilində bölməsini istəyib:

“Elçin Quliyev də 70 min dolları Vüqar Mahmudova göndərdi, 20 mini özü götürdü, 10 min dolları mənə verdi, 10 min dolları bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova, 10 min dolları isə ərizəçi Mark Şamilova verdi”.

İlqar Əliyevin intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.

Sabiq MTN naziri Eldar Mahmudov 2015-ci ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Bundan sonra həmin nazirliyin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb və onlar həbs edilib. Hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin cinayət işi üzrə ayrı-ayrılıqda bir neçə məhkəmə prosesi davam edir.

Yazıda adı qeyd edilən M. Mahmudov biznesmendir. O, MTN-də şantaj edildiyini, buna görə əmlaklarını satıb pulunu MTN əməkdaşlarına verdiyini bildirib.

Ana səhifəXəbərlər”Maqsud qorxudan otaqda qusmuşdu”