Məhkəmə başa çatdı, hökm oxundu
Bakıda müxalifət partiyalarının keçirdiyi etiraz aksiyalarına gələrək, orada Prezident İlham Əliyev və hakimiyyətini müdafiə edən, bir müddət sonra isə ölkəni tərk edən və Ukraynada tutulub Azərbaycana gətirilən Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib. Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.
Hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan hökmə əsasən, Maqsud Mahmudovun Yasamal rayonunda yerləşən fərdi yaşayış evi, Səbail rayonu, Salyan şossesində yerləşən, ümumi sahəsi 24 sot olan torpaq sahələri də müsadirə olunub.
Hökmdən əvvəl məhkəmədə Maqsud Mahmudovun vəkili çıxış edib, daha sonra özü son sözünü deyib.
Vəkil bildirib ki, Maqsud Mahmudov 1993-cü ildən sonra psixi xəstəlikdən əziyyət çəkir. Hətta o dövrün məşhur psixiatrı Ağabəy Sultanov tərəfindən müalicə olunub. Hüquqlarını müdafiə etdiyi şəxsin anlaqsız olduğunu deyən vəkil bu iş üzrə məhkəmə istintaqının təzələnməsini, ekspertiza keçirilməsini istəyib. Lakin onun vəsatəti təmin edilməyib.
Ardınca Maqsud Mahmudov son sözünü deyib. O bildirib ki, nəinki prokurorun istədiyi 14 il, hətta 18 ilə də razıdır, amma nəyə görə cəzalandırıldığını olduğu kimi desinlər:
“Mən “qırmızı xətti” keçmişəm. Gərək keçməyəydim, amma artıq gecdi. Möhtərəm hakim, mənə ömürlük də versəniz, incimirəm. Mən 2018-ci ildə tək-tənha mitinqdə qabağa çıxıb, “İlhamla irəli!” deyən adamam. Hərə bir şey bağışlayırdı mənə onda – aftafa, vedrə, biri yaltaq deyirdi… Mən bunu sidq ürəklə eləmişdim, heç kimin təzyiqi olmadan. Mən Afəti, başqalarını söymüşəm, əcəb eləmişəm. Yenə də söyürəm. Avropada da kimi söymüşəmsə, əcəb eləmişəm, iki nəfərdən başqa – İlham Əliyev və Mehriban xanım”.
Bu iş üzrə 90 nəfərə yaxın zərərçəkmiş var. Onların arasında müğənnilər Vasif Məhərrəmli, Afət Fərmanqızı da var. Maqsud Mahmudov onlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. Zərərçəkmişlərin bir çoxu isə Maqsud Mahmudovun lombardına qızıl qoyub pul götürən şəxslərdir. Onların əksəriyyəti məhkəmədə ifadələrində qızıllarının qaytarılmasının ləngidiyini, lakin son nəticədə pulu ödəyib, onları geri aldıqlarını bildirib. Lakin ondan pulunu, əmlakını ala bilmədiyini deyənlər də çoxdur.
Maqsud Mahmudov son sözündə zərərçəkmişlərlə bağlı məsələyə də toxunub: “Onlar kiminsə hiyləsinə aldandılar. Niyə 2020-ci ilə qədər heç kim məndən şikayət etmədi, 2020-ci ildə elədilər? Mənim uşaqlıq dostlarımı aldadıb üzümə qoydular. Lombarda görə adam tuturlar? Banka pul qoyursan, verməyəndə əmlakını əlindən almırlar? Onda bankı tuturlar? Mən haram adam olmamışam. Mən həmişə halal olmuşam. Mən qaz bürcüyəm? Yonulmalıyam? Kimsə bunları öyrətdi ki, durun Maqsudun üzünə. Nə qazandınız? Bundan sonra da heç nə qazana bilməyəcəksiniz. Gedin, sizi öyrədən, sizdən istifadə eləyənlərə də çatdırın.
Belə bir söz var, “kişinin qoluna qandalı da kişi vurar”. Mənə 20 il verin, amma açıq şəkildə deyin ki, “qırmızı xətti” keçmisən, ona görə cəzalanırsan. Dələduzluqla yox da…”
Maqsud Mahmudov sonda vurğulayıb ki, zərərçəkmişlərdən yalnız ikisinə borcu olduğunu təsdiqləyir və nə olursa olsun, onları qaytaracaq.
Onun son sözündən bir neçə dəqiqə sonra hakimlər hökmü elan ediblər.
Maqsud Mahmudov özü də bir neçə ilə əvvəl MTN generallarının işi üzrə zərərçəkmiş idi. Onu MTN-də şəxsi həyatına aid görüntülərlə şantaj edərək, külli miqdarda pulunu almışdılar. İndi məhkəmədə məlum olur ki, vaxtilə MTN-ə verdiyi pulların böyük bir hissəsini müxtəlif şəxslərdən alıb və indiyədək də qaytarmayıb.